Beyləqanda kənd məktəbi bərbad vəziyyətdədir. 

Mektebgushesi.az xəbər verir ki, bu barədə Oxu.Az-ın redaksiyasına Beyləqan rayonu Yeni Mil (Talıbxanlı) qəsəbə sakinləri tərəfindən şikayət daxil olub.

Sakinlər iddia edirlər ki, məktəbin vəziyyəti ürəkaçan deyil:

“Şagirdlər soyuqda sinif otağında otururlar. Valideyn olaraq biz bu vəziyyətdən narazıyıq. Məktəb üçün nə yol, nə sinif otaqları bərpa edilir. Bu məktəb kimi fəaliyyət göstərən binaya heç bir müvəqqəti şərait yaratmaq olmazmı? Uşaqlar xəstələnir, dərsə gedə bilmirlər”.

Məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyinin Mil-Muğan Regional Təhsil İdarəsindən bildirilib ki, Beyləqan rayonu Yeni Mil qəsəbəsi R.Quliyev adına tam orta məktəb binası 1967-ci ildə inşa edilib:

“Mütəxəssislər tərəfindən məktəb binasına baxış keçirilib və yeni binanın tikintisi məqsədəuyğun hesab edilib. Məlumat üçün bildiririk ki, Yeni Mil qəsəbəsi R.Quliyev adına tam orta məktəb üçün yeni binanın tikintisinə növbəti illərin investisiya proqramları çərçivəsində baxılacaq. Eyni zamanda, bildiririk ki, cari ildə məktəbdə yeni sanitar qovşağın tikintisi nəzərdə tutulub.

Əlavə olaraq qeyd edirik ki, məktəb odun sobası ilə qızdırılır. Məktəbə təqdim edilən soba saylarına uyğun olaraq 100% odun tədarük edilib. Hər iki məlumatı aşağıdakı cədvəllərdə diqqətinizə çatdırırıq”.

 

Bənzər yazılar