Dərc olunub: 18.01.2023

 

Bakı Mühəndislik Universitetində (BMU) 20 Yanvar – Ümumxalq Hüzn
Günü ilə əlaqədar anım tədbiri keçirilib.
Yeni Azərbaycan Partiyası (YAP) BMU ərazi partiya təşkilatı ilə birgə
gerçəkləşdirilən mərasimdən öncə tədbir iştirakçıları şəhidlərin əziz
xatirəsinə həsr olunmuş sərgi ilə tanış olublar.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərin ruhu
bir dəqiqəlik sükutla yad edilib, ardınca faciə ilə bağlı videoçarx nümayiş
olunub.
Tədbirdə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov
20 Yanvar 1990-cı ilin Azərbaycanın müasir tarixində faciəli günlərdən biri,
eyni zamanda xalqımızın qəhrəmanlıq səhifəsi kimi yer aldığını bildirib.
Rektor Ümumxalq Hüzn Gününün müstəqillik, azadlıq uğrunda mübarizəni
daha da alovlandırmaqla xalqımızın yenilməz iradəsinin rəmzinə çevrildiyini
diqqətə çatdırıb. Keçmiş sovet ordusunun dinc və silahsız vətəndaşlarımıza
qarşı görünməmiş qətliam törətdiyini xatırladan ali təhsil ocağının rəhbəri
vurğulayıb ki, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə
çatdırılmasında ümummilli lider Heydər Əliyevin böyük xidmətləri olub.
Havar Məmmədov Ulu Öndərin bütün təzyiqlərə baxmayaraq faciədən
dərhal sonra yanvarın 21-də ailə üzvləri ilə birlikdə Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyinə gələrək sovet hakimiyyətinin qanlı
siyasətini ifşa etdiyini və törədilən faciəyə görə məsuliyyəti bilavasitə SSRİ
rəhbərliyinin daşıdığını bəyan etdiyini bildirib. Rektor 20 yanvar
hadisələrinə əsl siyasi-hüquqi qiymətin də məhz Ümummilli Liderin
hakimiyyətə qayıdışından sonra verildiyini tarixi faktlarla nəzərə çatdırıb.
Havar Məmmədov sovet totalitar rejimi tərəfindən bəşəriyyət tarixində
insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi dəyərləndirilən
Qanlı Yanvarın xalqın yaddaşından heç zaman silinməyəcəyini, faciənin
günahsız qurbanlarının isə daim böyük sevgi və ehtiramla yad olunacağını
deyib. Bu gün ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda
canlarından keçmiş bütün şəhidlərin ruhunun şad olduğunu, Müzəffər Ali
Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qalib Azərbaycan Ordusunun
xalqımızın 30 illik həsrətinə son qoyaraq torpaqlarımızı erməni işğalından
azad etdiyini vurğulayan rektor doğma Qarabağımızda Azərbaycanın
üçrəngli bayrağının əbədi dalğalanacağını bildirib.
Milli Məclisin deputatı Aydın Hüseynov 20 Yanvar faciəsini
şərtləndirən əsas amillərə, tarixi faktlara toxunub. Millət vəkili o zamankı
rejimin süqutunu daha da sürətləndirən qanlı cinayətin Azərbaycan xalqının
azadlıq mübarizəsinin qarşısını nəinki ala bilmədiyini, əksinə, dinc əhaliyə
qarşı misli görünməmiş qətliamın xalqımızın tarixində yeni qəhrəmanlıq
salnaməsinə yol açdığını vurğulayıb.
Müstəqilliyimizin, suverenliyimizin, ərazi bütövlüyümüzün təmin
olunması yolunda görkəmli dövlət xadimi Heydər Əliyev fenomeninin böyük
roluna diqqət çəkən millət vəkili Ulu Öndərin 20 Yanvar faciəsinə siyasi-
hüquqi qiymətin verilməsi istiqamətindəki tarixi addımlarına diqqət çəkib.
Millət vəkili çıxışında Prezident İlham Əliyevin və Birinci vitse-
prezident Mehriban Əliyevanın rəhbərliyi ilə şəhidlərin ailə üzvləri və
doğmalarının dövlət qayğısı ilə əhatə olunmasından, eyni zamanda onların
sosial müdafiəsinin təmin olunması istiqamətində aparılan mütəmadi
tədbirlərdən danışıb.
YAP Abşeron rayon təşkilatının sədri Abbas Əliyev də o dövrün
totalitar rejiminin milli azadlıq, istiqlaliyyət uğrunda aparılan mübarizədə
xalqın əzmini qırmaq cəhdlərinin boşa çıxmasından söz açıb. 20 Yanvar
faciəsinin vurduğu sağalmaz yaraların xalqımızın xatirəsində hər zaman
yaşağacağını deyən Abbas Əliyev şəhidlərimizin qanı bahasına əldə
olunan azadlıq və müstəqilliyin heç vaxt əldən verilməyəcəyini bildirib.
Anım tədbiri universitet tələbələrinin iştirakı ilə 20 Yanvar şəhidlərinin
xatirəsinə həsr olunmuş ədəbi-bədii kompozisiyanın nümayişi ilə başa
çatıb.

Bənzər yazılar