Artıq səkkiz il idi ki, Sadiq məktəbdən məzun olmuşdu. Bəzi məyusluqlara baxmayaraq, uğurları ilə, istedı ilə sevilən və seçilən şagird idi. Bu illərdə uğurla dost olduğu kimi, uğurlularla da dost olmuşdu. Yoldaşları ilə münasibəti yaxşı olmuşdu hər zaman. Vəfalı bir dost, sirdaş olması isə onu həyatın çətinlikləri qarşısında geriyə salan amil idi. Axı, həyat amansızdır. Personajlar öz rolunu oynayıb çıxıb gedirdi “Həyat” adlanan filmdə. Rol oynamayanları isə bir müddət sonra rejissor filmdən uzaqlaşdırırdı. Vəfalılar isə rol oynayanlar ilə oynamayanları ayırd etməyə cəhd göstərməyənlərdir.

Bu səkkiz ildə bəzi şeylər unudulmuşdu. Bəzi şəxslər Sadiqi tək qoymuşdu, amma nə Sadiqin unutmdığı, nə də Sadiqi tək qoymayan yalnız o var idi: Ərdəm. Ərdəm və Sadiq ibtidai sinifdə dostlaşmış, aralarında heç bir zaman küskünlük olmayan yoldaşlar idilər. Sadiq dostuna tam səmimi, saflıqla bağlanmışdı. Düzdür, Sadiqin yeni məktəbə keçidi ilə elə ibtidai sinifdən də əlaqəsi kəsilmişdi Ərdəmlə, lakin o, saflıqla bağlı idi dostuna, ona görə də tapacaqdı əzizini.

Elə həmin sinifdə tanış olduğu, Ərdəm qədər olmasa da, çox sevdiyi yoldaşı, dostu olan Fərhad bir gün Sadiqə həyəcan və həvəslə gözlədiyi xəbəri verdi: Ərdəmin əlaqə nömrəsini tapmışdı.

Sadiq bu xəbəri eşidən kimi bütün iş-gücünü atıb Ərdəmə zəng etməyə tələsirdi. Həyəcanla nömrəni yığdı və zəng etdi:

– Alo?

– Salam. Ərdəmdir? – deyə dəqiqləşdirmək istədi Sadiq.

– Bəli.

– Ərdəm, Sadiqdir, biz ibtidai sinifdə birlikdə oxumuşuq. Xatırladın məni?

– Sadiq! Əlbəttə!

– Səndən ötrü çox darıxmışam.

– Elə bilirsən, mən darıxmamışam!?

– İllərdir, sənin nömrəni axtarıram. Axır ki, tapdım…

Aralarındakı qısa söhbətdən sonra Ərdəm dedi:

– Sadiq, indi vaxtım yoxdur, işə gedirəm. Sənə axşam zəng edəcəm.

– Mütləq zəng et! Gözləyəcəm…

– Vaxtım olsa, zəng edəcəm.

Sağollaşdıqdan sonra Sadiq göz yaşlarını saxlaya bilmədi. Düzdür, “Vaxtım olsa…” cümləsi onu bir az şübhəyə salmışdı, lakin sevinci sanki daşıb gözündən axırdı.

Axşama qədər  keçən saatlar Sadiq üçün günlərə, həftələr çevrildi, amma Ərdəmlə də olan dostluğu gerçək dostluğa çevrilmədi. Saflıq yenə də məğlub olmuşdu.

Bir gecə Sadiq yuxusunda özünü uçurumun kənarından asılı halda gördü. Qarşısında isə sevinci, kədəri, məyusluğu və qəzəbinin vücud tapmış halı var idi: Ərdəm.

Sadiq:

– Mənə kömək et!

– Vaxtım olsa, …

Ərdəm Sadiqə kömək etsə idi, Sadiq üçün düzü, heç bir fərq olmayacaqdı artıq. Onun üçün uçurumun aşağısı və yuxarısı eyni idi: aşağıda sonsuzluq, yuxarıda sonsuz tənhalıq…

 

Bənzər yazılar