(Ustad Cahangir Məmmədlinin doğum gününə)
Torpaq – çörəkdir. Ona binaən ki, müqəddəsdir… Atalarımız demişkən “Torpaq payı – çörək payıdır!”
Üç on ildə düşmən torpaqla bərabər, çörəyimizi də əlimizdən aldı. Tanrı evini – məscidi, çörək evini – “Ağdam Çörək Muzeyini” dağıtdı.
Milyonlarla insanı yurd-yuvasız qoyan qara donlu kafirlər camaatın elinə, evinə təpili-tıxılı soxuldular, sömürdülər, var-dövlətimizi gözlərinə təpdilər, hər şeyi vampir kimi gəmirdilər, üstündən də qanımızı içib səmirdilər…
Bünyəsi xəstə olanlar torpaq üzərində bir daşı daş üstə qoymadı, bünövrəsinə kimi taladı, yağmaladı… Daşı dalında gizlədənlərə, deyəsən daşımız çox ağır oldu.
Gec-tez çörək düşmənin gözünü tutdu. Tanrı da, torpaq da, çörək də onlara qənim oldu.
Qırx dörd gün düşmənə bəs etdi ki, qırx arşın quyu dibinə düşsün: rəzil, rüsvay olsun, rəzalət yaşasın.
Türk mifologiyasında dağın da, dərənin də, çayın da, gölün də, ağacın da, torpaqda uyuyanların da, elə torpağın da ruhu vardır. Düşməni həm də bu ruhlar məhv elədi.
Yetər ki, bəşərin “… seyr elə ruh aləmini” (S.Ə.Şirvani). Seyr edib görürsən ki, qələmiylə Viktor Hüqo Jan Valjanın ruhunu yer üzündə yaşatmaq üçün yollar axtarır. Gitarasıyla “Venseremos” (Biz gələcəyik-red) oxuyan Viktor Xara “Siz bizim ruhumuzu öldürə bilməzsiniz!” deyir.
Düşmən ruhla bərabər milyonlarla duaçı dilindən edilən dualarla da üzbəüz qaldı. Bu məqamda Həmzə Seyyid Nigarinin şeir duasına nəzər salaq:
Görüm abad olsun ol Qarabağı,
Şənlik olsun, dağı, bağı, irmağı.
Əgər övliyalarımız Qarabağı şənlik içində görməyi arzu, dua ediblərsə, heç bir qara qüvvə yanar ocağımızı yerlə bir eləyib, yurdumuza su ələyə bilməz.
Övliya Həmzə Seyyid Nigari on doqquzuncu əsrdə yaşamışdır. Onun Əhməd Əfəndiyə ünvanladığı məktubunda oxuyuruq: “Yüz min behiştin həsəd apardığı gözəl Qarabağ torpağına yetiş, o torpağı öp və bizim sözlərimizi çatdır”.
Bu sözləri səbəbsiz yerə xatırlamadım. Həmzə Seyid Nigari yaradıcılığını oxuduqca gözlərim önündə nədənsə ötən il Real Tv-nin ərsəyə gətirdiyi möhtəşəm “80 il Ağ Damın altında” filmi canlanır. Filmdə Cahangir Məmmədli Qarabağ torpağını “bağrına basır”, Novruzlu kəndinin sakinlərinin timsalında illərlə dədə-baba yurdundan qaçqın və köçkün düşən həmvətənlərinə səslənərək həsrət dolu illəri xatırlayır. Həmin an yada xalq şairi Hüseyn Arifin “Göyçəlilər, dağılmayın Göyçədən” şeiri düşür:
El çəkilər, yaxın keçər, yad itər,
Yurd sökülər, köz qaralar, od itər,
Nəsil gedər, tarix batar, ad itər,
Göyçəlilər, dağılmayın Göyçədən!
Ustad müəllimimiz filmdə böyük qürurla hər kəsin dilindən: “Düşmən bilsin ki, Dəmir Yumruq həmişə onun başının üstündədir” söyləyir. Gücümüzün, qalibiyyət və inamımızın ifadəsi bizi Göyçəyə qədər aparacağına əminik.
Cahangir Məmmədli deyir ki, “Düşmən vandaldı, qanı xarabdır, riyakar rəiyyətdir”. Məscid, məktəb dağıtmalarını heç bir vəchlə həzm edə bilmir. Novruzlu görüşündə eyniadlı doğma məktəbini yerləyeksan görən Professor o gündən özünə yer də tapa bilmir: “Bu kənd, bu məktəb mənə əlli beş ildən bəri gəldiyim Jurnalistikanı qazandırıb”. Cahangir müəllim sonra da özünə təsəlli verir, deyir ki, “Düşmənin geni çürükdür. Çürük qoza dəyməyən bu məxluqlardan nə desən çıxarmış… Axı bunların Vətəni yoxdur, hara düşdülərsə, oranı da xaraba qoyurlar. Belinski bir ifadəsində bildirir ki, “Öz vətəninə mənsub olmayan şəxs, bəşəriyyətə də mənsub deyildir”. Heç vaxt da qaratikan kolundan, qanqaldan çinar ucalığında, polad qamətində olmağı gözləyə bilməzsən. Vladimir İvanoviç Dal doğru söyləyir ki, “İnsanın hansı xalqa mənsub olmasını onun hansı ruhda böyüməsi, tərbiyə olunması müəyyən edir”. Ona görə də məscid, məktəb dağıdanın nə ruhu olar, nə tərbiyəsi, nə də xalqı… Axı onların yeni ədəbi istiqamət yaradan Nizamisi, qəzəlləri ilə bəşəriyyət ruhuna məlhəm olan Füzulisi yoxdur?!”
Həqiqətən də elədir. Onların əski zehniyyət üzərində “Məktəbi-cədid” quran Seyid Əzimləri, “Gülüstan”, “Bustan” əsəri yazan Sədi Şiraziləri, öz evini məktəbə çevirən S.S.Axundovları, Ağdam şəhər beynəlmiləl məktəbi ilə fərqli xalqların bir yerdə təhsil alan mühitləri olmayıb(guya nələri olub ki?).
Yuxarıda adı çəkilən filmdə qırmızı xətlə keçən cümlə yer alıb. Həmin cümlədə Ustad müəllimimizin alim, ziyalı sadəliyi, təvazökarlığı ilə bərabər, həm də bir ağsaqqal böyüklüyü, mənəvi ucalığı görünür: “…Sizin mənə göstərdiyiniz məhəbbəti heç yerdə görməmişəm. Bu kəndin camaatına ömrüm boyu minnətdaram, çünki onlar məni öz balaları kimi seviblər…” Maraqlıdır ki, iki əsr bundan əvvəl yaşamış övliya Həmzə Seyid də bir vaxtlar bu torpaq barədə eyni sözləri deyirdi: “Mənim o diyarın əhalisinə və onların mənə olan məhəbbətinin dərəcəsini yalnız Mövla bilir”.
Görürük ki, müqəddəslərin yolunu tutan övliyalarımız, elm adamlarımız üçün il, qərinə, əsr fərqi yoxdur, bir sözlə zaman dəyişər, ancaq onların qəlbində və dilində şükranlıq, minnətdarlıq duyğuları azalmaz, əksinə artar. Bütün bu ali keyfiyyətlər xalqımızın genetik kodundan irəli gəlir, fitrətində, mayasındadır. Bütün bu ali keyfiyyətlər Azərbaycan ziyalısının, ağsaqqalının quru torpağı öpüb, Tanrıya və bu qələbəni bizlərə yaşadan Ali Baş Komandan İlham Əliyevə mütəşəkkir olmasındadır…
Artıq Vətən torpaqlarının azad olmasının üç ili, Ustad Cahangir Məmmədlinin doğma Novruzlu görüşündən bir il ötür. Ustad bu müqəddəs görüşü hər dəfəsində böyük sevinclə, qürurla xatırlayır və kövrəlir və əlini Tanrıya açır: Şükür bu günə” deyir.
Mübarək səfər haqqında məlumatı Ağdamın işıqlı ziyalılarından olan, Cahangir Məmmədlinin “Sən mənim dünəndən-bu günə kimi ən böyük kumirimsən” adlandırdığı Hüseyn Kazımovdan ötən il aldım. Hüseyn Kazımov yazır: “25 yanvar, 2022 ci il. Səhər saat 10:00. Telefonuma gələn zəngin kimdən olduğunu biləndə cavab verməzdən əvvəl yaşadığım sevinc payının qədərini ifadə edə biləcək söz tapmadığımın utancını yaşadım. Bu, ilk təəssürat idi. Bir gün sonra – 26-da anladım ki, o hissləri ifadə edəcək söz ümumiyyətlə yoxdur. Dedi: Dədə, gəlirəm, çıx 4 Yola. Kəndimizə – Novruzluya gedəcəkdik. Əvvəlcədən razılaşmışdıq. İşğaldan azad olunmuş əraziyə daxil olmaq üçün keçid məntəqəsində gözləyirdilər. Böyük bir heyət – lap komanda deyim. “Real Tv” Mir Şahini İlə, “Qafqaz İnfo” Elbrusuyla. Çəkiliş heyəti və canım CAHANGİRİM. Müəllimlərinə ehtiram və sevgilərini bildirmək üçün əllərinə növbəti girəvə düşmüşdü. Necə çəkdilər, nə danışdılar, bunu sonra biləcəyik. Amma Novruzlunun gözəlliyini gözlərində gəzdirən Cahangirimin gözlərində gözəlliyin yox, bir xarabalığın şəklini gördüm. “MikroVətən” adlandırdığı Novruzlusu makroxarabalıq misalında… Doğma yurd bir az da küsmüş kimi qarşıladı onu – cannan sevən balasını; günahkar olmadığını bilə-bilə. Gül baxçasına bənzəyən qəbiristanlıqda qalmayan əsər-əlamətə təsəllisi narahat ruhlara verdiyi fatihə oldu. Əla qiymətlərlə bitirdiyi məktəbindən, şax bağladığı bənövşəsindən, saya gəlməyən üzüm növlü bağlarından, qarış-qarış tanıdığı Daşlı Təpədən, Boccalıdan, Çölməhlədən, Cahanlıdan heç nə tapmayan baxışları qan ağlayırdı. Qayıdanda daha bir müqəddəs ünvana – kəndi qədər sevdiyi, canının ŞAH DAMARI, ÖMÜR, həm də GÜN YOLDAŞInın Əfətli kəndindəki daimi ünvanına gəldi. Hazırda “Real Tv”-də dünənki səfərin mötəşəm reportajı verilir. Və daha yaza bilmədim…” Əziz Hüseyn müəllim, yazdınız, özdə çox təsirli… Bu yazıda sarsılmaz uşaqlıq dostluğunu bugünə qədər uca tutmağı, ziyalı kimi bir-birinizin təəssübkeşi olmağı… gördüm. Bu yazıda iki ziyalının sevinci və kədəri də göründü. Hər iki hissi anlamaq çətin deyil. Əlbəttə, ayaqlar altında salamat yer yox idi, amma ayaqlar altında düşmənin əzilmiş ləyaqəti, xışdammış şərəf və mənliyi, daha doğrusu mənliksizliyi var idi.
“Günəş şüaları ilə nurlanmış şəhər” – Ağdamı N.Gəncəvinin “Günəş diyarı”ndakı əbədi sülhü, T.Kampanellanın “Günəş şəhəri”ndəki əzəli səadəti gözləyir. Şəhər mərrə-mərrə(zaman-zaman), zərrə-zərrə yenidən qurulur: əvvəlki əzəmətinə qayıtmaq üçün…
Əsgər İsmayılov, BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Bənzər yazılar