Bu gün Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasından 5 il ötür. 2018-ci ildə Prezident İlham Əliyev Azərbaycan İlahiyyat İnstitutunun yaradılması barədə tarixi sərəncam imzaladı.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dini fəaliyyət sahəsindən qəbul edilən ən mühüm qərarlardan biri də Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasıdır.

Bu gün bölgəmizdə və dünyada baş verən proseslər hər bir ölkənin dövlət-din münasibətləri siyasətini düzgün həyata keçirməsinin, dini təhlükəsizliyini təmin etməsinin, öz milli kadrlarını hazırlamasının nə dərəcədə əhəmiyyətli olduğunu bir daha göstərir. Vaxtında öz dini təhlükəsizliyini təmin edə bilməyən ölkələr bu gün çox ciddi sınaqlarla üzə-üzədirlər. Zaman-zaman ölkəmiz də belə təhdidlərlə üz-üzə qalır.

Onu da təəssüflə qeyd etmək lazımdır ki, müstəqilliyin ilk illərindən başlayaraq ölkəmizdə çoxlu sayda gənc zərərli təsir və təbliğata məruz qaldı. Bu gün də onların bir qisminin gözü ayrı-ayrı ölkələrdədir. Azərbaycanın yox hansısa ölkənin dini ideologiyasını ölkəmizdə yaymaqla məşğuldurlar. Burada söhbət həm də gecə-gündüz bütün platformalarda, o cümlədən sosial şəbəkələrdə aparılan təbliğatdan gedir.

Bu gün Azərbaycanda Prezident İlham Əliyev səviyyəsində ən çox diqqət yetirilən sahələrdən biri də dini fəaliyyət sahəsidir. Azərbaycan İlahiyyat İnstitutu yarandığı gündən ölkə rəhbərliyinin qayğı və diqqətini ən yüksək səviyyədə hiss edib. İnstitutun yaranmasından sonra qısa müddətdə institut yeni bina ilə təmin olundu. Ən müasir üslubda təmir olunaraq istifadəyə verildi.

Heç şübhəsiz ki, Azərbaycan İlahiyyat İnstitutu qısa müddətdə böyük inkişaf yolu keçib. Ancaq qarşıda çox mühüm vəzifələr durur. Ən mühüm vəzifələrdən biri də yüksək intellektual səviyyəyə, zəngin biliyə və dünyagörüşünə  malik vətənpərvər mütəxəssislərin yetişdirilməsidir. Bu vəzifələrin uğurla icra olunması üçün hər birimiz əlimizdən gələni maksimum etməliyik. Bu həm də milli məslədir.

Bənzər yazılar