Qardaş Türkiyədə baş verən zəlzələ minlərlə insanı evsiz qoydu, canlar aldı. Fəlakət nəticəsində minlərlə insan yaralandı, dağılmış binaların altında canlarımız qaldı. Dəhşətli hadisə milyonlarla insanın qəlbini yaraladı, ruhunu sarsıtdı. Sarsıntını Azərbaycan xalqı uşaqdan-böyüyə yaşadı, iliyinə qədər hiss elədi. Ustad müəllimimiz Cahangir Məmmədli ürəkağrısı, canyanğısı ilə Feysbuk səhifəsində yazdı: “Qardaş Türkiyədə baş verən faciəvi zəlzələ ilə bağlı canlı reportajlar yayımlayan Türkiyə telekanalları “85 milyon tek yürek!” kimi həm yandıran, həm qürur verən bir sloqanla efirə çıxmaqdadırlar. Türkiyə mediasına təklif edirəm ki, bu sloqana əlavə etsin: “85 milyon Türkiyə türkü + 10 milyon Azərbaycan türkü = 95 milyon tek yürek!”. Bu paylaşımdan sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin bəzi tələbələri kiçik yazılarla böyük sevgilərini, qardaş-bacılarımıza mənəvi dəstəyini elə fakültə adından bildirmiş oldular:
“El getsə də qardaş qalar”
Qardaşlıq nədir? İstər xoş günlərdə, istərsə də çətin dönəmlərdə qardaşının yanında olmaq, canı və qanı bahasına dəstəkləmək, qorumaqdır qardaşlıq…
Azərbaycan və Türkiyə qardaşlığın mükəmməl mücəssiməsidir. Tarix boyu bu iki dövlət arasında sarsılmaz dostluq və qardaşlıq münasibətləri mövcud olub. Təsadüfi deyildir ki, türk dünyasının müdrik şəxsiyyəti Mustafa Kamal Atatürk Azərbaycanın kədərini özlərinin kədəri, sevincini isə öz sevincləri hesab etmişdir. Son günlərdə Türkiyədə baş verən zəlzələ və bu təbii fəlakətin sarsıdıcı nəticələri bizləri kədərləndirməklə yanaşı Azərbaycan-Türkiyə
qardaşlığını bir daha bütün dünyaya göstərdi. Həmişəki kimi Türkiyənin köməyinə yetən ilk dövlət Azərbaycan oldu.
Prezident İlham Əliyevin tapşırığına əsasən yüzlərlə Fövqəladə Hallar Nazirliyi (FHN) işçisi Türkiyəyə yardım üçün göndərildi. Bundan başqa Azərbaycandandan Türkiyəyə humanitar yardımlar edilir, minlərlə könüllü vətəndaşların bu yardımların edilməsində bilavasitə rolu var. Təbii ki, bu heç kimi təəccübləndirə bilməz, çünki əsl qardaşlıq məhz budur. Bu gün
Azərbaycan xalqının gözündə dərin kədər duyuram, televizor qarşısında qardaş
ölkənin xəbərlərini izləyənləri görürəm, sosial şəbəkələrdə qardaşlarımıza həm
maddi, həm də mənəvi dəstək olan insanlarımızı görürəm, türk xalqı üçün
durmadan dua edən gözüyaşlı nənə və babalarımızı görürəm. Bütün bunlar
qarşısında türk kimliyimlə, xalqımla bir daha qürur duyuram. Və bunu əminliklə
deyirəm, Türkiyə-Azərbaycan birliyi, dostluğu və qardaşlığı uğurla davam
edəcək, xalqlarımız arasındakı saf, səmimi və doğma münasibətlər daha da dərinləşərək yeni mərhələyə qədəm qoyacaqdır. Fikirlərimi dahi Azərbaycan
şairi Bəxtiyar Vahabzadəninin şeirindən bir parça ilə bitirmək istəyirəm. Birdir
bizim hər halımız, diləyimiz amalımız. Bayraqlarda hilalımız, Azərbaycan-Türkiyə.
Nahid Xəlilov
“Xoş günün kədərli sonu”
Gündüz hava soyuq idi. Anam yemək hazırlayırdı, balaca bacım oyuncaqları ilə oynayırdı. Atam isə işdən gəlməyinə az qalmışdı. O, səhərə yaxın evdə olur. Nədənsə böyük bir sevinc və səbirsizliklə atamızın yolunu gözləyirdim. Mənə söz vermişdi. Gələndə uzun zamandı istədiyim iti gətirəcəkdir. Anam mətbəxdən mənə səsləndi. “Yəqin atam gəldi, ura!” deyib sevindim. Sonra isə anama səsləndim:
– Gəldim anacan!
– Canım oğlum, əynini qalın geyin. Get çörək al.
– Anacan, atamla danışdınmı, bu gün çox xoşbəxtəm axırki itim evə gələcək.
– Əlbəttə, danışmışam. Gecikmədən get, gəl. Əyinimi geyinib evdən çıxdım market evimizdən aşağı küçədə idi, getməmişdən qabaq blokumuzda yalqız qalan  qoca nənə ilə baba vardı, onların da nəyəsə ehtiyacı varmı deyə qapılarını döydüm. Məni gülər üzlə qarşıladılar və çörək almağımı istədilər.  Mağazadan çörəkləri alıb həmin qonşuya verdikdən sonra evə daxil oldum. Atam evdə idi. Həm də istədiyim iti gətirmişdi. Qaçaraq atamı öpdüm. Sonra itimi qucaqladım. Ağlı-qaralı, yumşaq tüklü it idi. Anam süfərini hazırladı, hamı masa ətrafına keçdi. Anam məni səslədi, itimi də götürüb salona keçdim. Əyləşdim masaya, hər kəs sevincli idi, şənlənərək yemək yeyirdik. Birdən sanki göylərin yerə acığı tutdu. Hər tərəf çökdü. Bir an “Ana” deyə qışqıranda gözlərim yumuldu. Gözlərimi açdım ətaf qaranlıq, üstümdə ağır beton vardı, tərpənə bilmirəm, ağzı üstə idim. Anamı, atamı, bacımı və balaca itimi xatırladım. Getdikcə nəfəs almaq çətinləşirdi. Güclə tutunmağa çalışdım. Gözlərim yumuldu. Birdən “Allahım nolar yardım et. Ailəmə kömək ol” səsimə və kənardan eşitdiyim səslərə ayıldım. Qışqırmağa çalışdım torpaq ağzıma dolurdu, çox gücsüz idim, ağırlığın altda ürəyim partlayırdı. Səslər kəsildi, ağlamağa başladım, göz yaşlarım torpağa qarışıb palçıq oldu. Çox ac idim, palçığı yeməyə çalışdım. Gözlərim yenidən yumuldu. Bir müddət keçdikdən sonra yenidən ayaq səsləri eşidildi. Allaha dua etdim məni tapsınlar, gücüm çatan qədər qışqırdım. Xilas olduğuma inanmırdım. Üzərimdəki betonu götürdülər, məni xilaskar əmilər yavaşca qucaqlarına aldılar. Torpağın altından çıxanda gözlərim qarşısında  binalar yerlə-yeksan olmuşdu, ətraf dolu insan idi. Hər kəs bir yana qaçırdı. Məni təcili yardım maşınına apardılar. Anam, atam, bacım, itim orda idi. Yalvardım ki, onları da xilas etsinlər. Mən olan yerdə axtarış etdilər. Digər tərəfdən bir ana ilə uşaq çıxardılar. Ananın qucağında körpəsi can vermişdi. Nənə ilə baba da tapılmışdı, amma cansız bədənlərilə. Əlimi göyə açaraq dua etdim “Allahım, kömək ol ailəmə bina altda qalanlara heç nə olmasın”.
Gözümü xəstəxanada açdım. Və öyrəndim ki, o evdən mənə bircə itim yadigar qalıb.
Südabə Məmmədova
“Hər zaman yanınızdayıq”
Azərbaycan-Türkiyə birliyi və həmrəyliyi bu gün dünyaya nümunədir. Bu dostluq və qardaşlıq soykökümüzün əbədiyyət rəmzidir. Türkiyə həmişə Azərbaycanla bir olub, bu qardaşlıq daimi olmaqla yanaşı, həm də sarsılmazdır. Tarix boyu imperialist qüvvələrin apardıqları siyasət nəticəsində kökümüzə, milli-mənəvi dəyərlərimizə zərbə vurmağa, aramızda süni divarlar hörülməyə çalışılsa da xalqlarımız sıx bağlılığı unutmamış, ən çətin günlərdə qardaş-qardaşa yardım etmişdir. Vətən müharibəsi zamanı Türkiyədən hər gün gələn dəstək bəyanatları Cənubi Qafqazı öz məkirli planları üçün döyüş meydanına çevirməyə çalışan qüvvələrin birmənalı şəkildə planlarını yerlə bir etdi. Azərbaycan bayraqlarının sadəcə Bakı küçələrində deyil, bütün Azərbaycan ərazisində dalğalanması faktı da göstərdi ki, sadəcə dövlətlərimiz deyil, xalqlarımız, cəmiyyətlərimiz bir-birinə ayrılmaz tellərlə bağlıdır.
Və Bu gün bütü bu yaşananları unutmayan, gerçək bir qardaşlıq nümayiş etdirən Azərbaycan çətin günlərdə qardaş Türkiyə dövlətinin yanındadır və yanında olmağa da davam edəcəkdir.
Artıq 2 gündür davam edən təbii fəlakət nəticəsində minlərlə qardaşımız həlak olmuş və yaralanmışdır. Bizlər bütün bunlara görə dərin hüzn hissi keçirməklə yanaşı, maddi və mənəvi dəstəyimiz ilə hər zaman qardaşlarımızın yanında olduğumuzu, hər bir məqamda bizə güvənə biləcəklərini ürək açıqlığı ilə qeyd edə bilərik. Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət”, böyük Atatürkün “Azərbaycanın acısı, acımız, sevinci, sevincimizdir” – fikirlərini əsas götürərək, bayraqlardakı hilalımızın o ucundan, bu ucuna da getməli olsaq daim qardaşlarımızın yanında olacağımıza və hər bir anlarında onları tək qoymayacağımıza söz veririk. Bir daha faciə ilə bağlı həlak olmuş qardaşlarımızın ailələrinə başsağlığı, yaralılara isə şəfa diləyirik. Hər zaman bir olduq və yenə bir millət kimi bu bəladan da birlikdə qurtulacağıq. Hər zaman yanınızdayıq!
Nurlan Cəbrayılzadə
“Tanrı Türkü qorusun”
Hər birimiz saniyələr sonra nə başımıza hansı hadisənin gələcəyindən xəbərsizik, amma günlər, illər sonranın xəyalını qururuq elə onlar kimi – türkiyəli bacı-qardaşlarımız kimi. Kimisi sabahın, kimisi illər sonranın, kimisi də övladlarının gələcəyinin xəyalını qurmuşdur. Amma bir gündə dağıldı o xəyallar. Açdıqları səhər (açılmayan sabah) dəhşət dolu idi. Qardaş Türkiyədə baş verən zəlzələ nəticəsində minlərlə bina dağıldı, insanlar çarəsiz şəkildə dağıntıların altında qaldılar. Həmin saatdan axtarış-xilasetmə işlərinə başlanıldı. Biz də  sevincli, kədərli günümüzdə yanımızda olan Türkiyənin acısına şərik olduq, xilas edicilərimiz zəlzələnin baş verdiyi bölgələrə yollandılar, ehtiyac olan yardımlar göndərildi və bu yardımlar davam edir. Yeraltı təkan nəticəsində yerin üstündə 3000 mindən çox insan həlak oldu. Minlərlə insan yaralandı. Dağıntıların miqyası böyük olduğundan ölən və yaralıların sayının artacağı bildirilir.
Zəlzələdən geriyə ürək dağlayan görüntülər qaldı: yerlə yeksan olan şəhərlər, qollarına cansız körpəsini alan valideynlər, baş verənləri anlamayan körpələr, bir-birindən xəbərsiz olan insanlar, duallara sığınıb sevdiklərinin xilas olacağı ümidlə çarəsiz gözləyən insanlar…
Can qardaşımız Türkiyəyə baş sağlığı verib, ölənlərə rəhmət, yaralılara şəfa diləyirik. Dualarımızla, maddi, mənəvi dəstəyimizlə qardaşlarımızın yanındayıq. Müəllimimiz Cahangir Məmmədli demişkən “biz 95 milyonluq xalq bir ürəyik”. Tanrı Türkü qorusun.
Asiman Hafizqızı
“Səninləyik ,Türkiyə!”
Türkiyə Cümhuriyyətinin qurucusu Qazi  Mustafa Kamal Atatürk “Azərbaycanın sevinci sevincimiz, kədəri kədərimizdir” demişdir. Eyni şəkildə Türkiyənin sevinci bizim sevincimiz, kədəri isə bizim kədərimizdir. Çox təəsüf ki, bu günlərdə Türkiyənin sevincini deyil kədərini paylaşırıq. Türkiyə fevralın 6-da  sabahını dəhşətlərlə açdı, güclü zəlzələ nəticəsində Kahramanmaraş, Qaziantep, Osmaniyye kimi şəhərləri dağıntılar altında qaldı. 7,4 bal gücündə baş verən zəlzələ nəticəsində Türkiyənin daxili işlər naziri Süleyman Soylu ölkədə 4-cü dərəcəli həyacan təbili elan etdi, dünya dövlətlərini yardıma çağırdı.Təbii ki, bu çağırışa ilk reaksiya  “Bir millət iki dövlət adlandırdığı” qardaş dövlət Azərbaycandan gəldi. Başqa cür də düşünmək mümkün deyil. Türkiyə bu qədər dəhşətli çətin vəziyyətdə olarkən Azərbaycan bu vəziyyətə təbii ki, izləyici qismində qala bilməzdi. Prezident İlham Əliyev öz Tvitter hesabında dost və qardaş ölkə Türkiyənin yanında olduğunu bildirdi. Və Prezident İlham Əliyevin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyi 420 nəfərdən ibarət çevik xilas etmə qüvvələrini qardaş ölkəyə göndərdi. Bununla yanaşı Azərbaycan qardaş ölkəyə humanitar yardım üçün daha 2 təyyarə göndərib ki, bu təyyarələrin 1-də tam təchiz olunmuş səhra xəstəxanası, digərində isə çadır, yorğan və qızdırıcı material vardır. Azərbaycan dövlətinin yardımları ilə yanaşı Azərbaycan xalqı da qardaş ölkəyə yardım etmək adına səfərbər oldu. Başda paytaxt Bakı olmaqla Azərbaycanın bir çox şəhər və rayonlarında Türkiyəyə humanitar yardımlar hazırlanır və göndərilir. Bir çox şəhərlərin dağılması, yaralıların və gün keçdikcə ölənlərin sayının artması nəticəsində Türkiyədə 7 günlük matəm elan edildi. Türkiyədəki matəmə izləyici qalmayan Azərbaycanın dövlət televiziyası musiqili-əyləncə proqramların yayımını dayandırdı. Dünya bizi hər zaman bir gördü, biz Türkiyə və Azərbaycan olaraq bütün təhdidlərə hücumlara qarşı bir olduq və sinə gəldik. Hər qaranlıq gecənin bir işıqlı səhəri var. İşıqlı səhərə çıxmaq yolunda atdığın hər addımda qardaşınız və dostunuz olaraq dualarımızı, maddi- mənəvi bütün gücümüzlə həm yanınızda ,həm də arxanızdayıq.Bütün Azərbaycan xalqı adından:
#SəninləyikTürkiyə!
Maral Namazova
“Qəlbən birik, birlikdəyik – Türkiyəm!”
Sazaqlı 6 fevral günü. Qardaş Türkiyədə səhər saat 04:17-ni göstərir. Baş verən və ən az on əyalətə təsir edən 7,7 bal gücündə zəlzələ insanların yuxusuna haram qatır, canlar alır, minlərlə insan yaralanır, dağıntı altında qalır. Türkiyənin zəlzələ zonasında yerləşməsi bizə məşhur “coğrafiya kaderdir” cümləsini xatırladır.
Türkiyədə ən dağıdıcı zəlzələ 26-27dekabr 1939-cu ildə Ərzincanda 7,9 bal gücündə baş verib. 52saniyə davam edən güclü titrəyişdən sonra 32,962 nəfər həyatını itirib, 100 minə yaxın insan yaralanıb. Zəlzələ nəticəsində 116,720 bina dağılıb. Dünyanın ən böyük zəlzələləri arasında sayılan bu zəlzələ Türkiyənin ən ciddi zəlzələ fəlakətlərindən biri kimi tarixə düşdü.Tarix sanki illər sonra təkrarlanır.
Müvəqqəti mövcud olmağımız və ölümü gözdən qaçırmağımız sövq-təbii haldır. Dünyaya gözümüzü açdığımız və özümüzü tanıdığımız vaxtdan bəri öləcəyimizi və ölümə yaxınlaşdığımızı bilirik. Türkiyədə baş verən fəlakət nəticəsində xalq ölümdən qorxur ya da narahatlıq hissi keçirdir? Əgər ölümdən qorxur və narahat oluruqsa, onda daha əvvəl dünyaya niyə gəlmədiyimiz üçün də eyni dərəcədə qorxaq?
Kainatın 13,7 milyard yaşı olduğunu və bizim təqribən 70 il yaşadığımızı nəzərə alsaq, texniki cəhətdən kainatın varlığı tarixində bütün həyatımız bir göz qırpımına bərabərdir. Freydin məşhur deyimi yadıma düşür, ”Mən mövcud olanda ölüm yoxdu, ölüm mövcud olanda mən yoxam”.
Türkiyə də indi tək maddi cəhətdən yox, mənəvi cəhətdən də böyük dəstəyə ehtiyacı var. Qardaş ölkəmizdə yer göyə qalxdı. Dünya da ayağa qalxdı. Nəticədə 45 ölkənin Türkiyəyə dəstəyinə şahid olduq. Bundan sonra dünyanın heç bir yerində fəlakətin yaşanmamasını arzu edirik.
Samirə Kərimli
“Dualarımızdasan, Türkiyəm!”
Türkiyə dünyanın ən aktiv seysmik zonalarından birində yerləşir. Ölkədəki ən güclü zəlzələlərdən biri də 1999-cu ildə, ölkənin şimal-qərbindəki İzmit bölgəsində baş vermişdi. Bu zəlzələ ölkədə böyük faciələrə səbəb olmuş, 17 mindən çox insan həyatını itirmişdi.
Dünən qardaş Türkiyənin cənub-şərqində eyni gündə 2 güclü zəlzələ baş verdi. Diqqət çəkən məqamlardan biri də, 3 gün əvvəl, Hollandiyadan olan məşhur seysmoloq Frank Huqerbitsin Cənubi-Mərkəzi Türkiyə, İordaniya, Suriya, Livan kimi bölgələrdə 7,5 bal gücündə zəlzələ olacağını paylaşmaq idi. Baş verən bu zəlzələnin fəsadları hələ də davam edir.
Zəlzələ bir çox şəhərlərdə binaların uçmasına səbəb olub, dağıntıların altında qalan insanların sayı çoxdur, buna rəğmən axtarış prosesi ləng gedir. Hələ də Hatay bölgəsində qurtulmağı gözləyən yüzlərlə insan var. Bu işə ciddi məsuliyyətlə yanaşmaq lazımdır. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da baş verən zəlzələylə əlaqədar 7 günlük matəm elan edib, eyni zamanda Türkiyənin beynəlxalq yardımı qəbul etməyə hazır olduğunu vurğulayıb.
Prezidentimiz İlham Əliyev də öz adından və Azərbaycan xalqı adından baş verən faciə ilə əlaqədar Türkiyə xalqına başsağlığı vermiş və bu ağır məqamda qardaş Türkiyəyə hər cür yardım göstərməyə hazır olduğunu bildirmişdir.
Hazırda Türkiyəyə digər ölkələrdən, eyni zamanda bizim ölkədən humanitar yardımlar davam etməkdədir. Yeri gəlmişkən, zəlzələ olan ərazilərdə bir anda dağılan və çökən binalar haqqında fikrimi də bəyan etmək istəyirəm. Zəlzələnin fəsadları hər birimiz üçün, xüsusən də dövlətlər üçün düşündürücü olmalıdır. Təbii ki heç bir ölkə zəlzələdən sığortalanmayıb. Buna görə zəlzələyə dayanıqlı binalar tikilməlidir. Zəlzələlərə qarşı dayanıqlıq, eyni zamanda bu ölkələrin gücünün və inkişafının göstəricisidir.
İnsan faciəsini görmək dözülməzdir. Allahdan qardaş Türkiyədə və digər bölgələrdə baş verən zəlzələdə həyatını itirmiş qardaş-bacılarımıza rəhmət, xəsarət alanlara isə şəfa diləyirəm. Dualarım həm də bu hadisədə xalqa yardım edən qəhrəmanlarladır…
Lumu Zülfüqarova
İnsan taleyinə acımaq, yoxsa acı-gucı vermək?!
Bu dəfə yenə də müsəlmanların başına bəla, müsibət gəldi. İranın Qərbi Azərbaycan əyalətinin Xoy şəhərində güclü zəlzələ oldu. Türklərin yaşadığı ərazidə xeyli insan evsiz qaldı, xəsarət aldı. Şaxtada ac-susuz qalan soydaşlarımızın taleyinə molla rejimi acımadı.
Digər bir tərəfdən Türkiyənin cənubunda və Suriyanın şimalında 7,8 bal gücündə zəlzələ oldu. Dünyanın diqqəti mərkəzi Türkiyəyə yönəldi. 8 vilayətində insan tələfatı, miqyasca geniş dağıntılar baş verdi. Bu ərəfələrdə Fransanın “Charlie Hebdo” satirik jurnalı Türkiyədə baş verən zəlzələ ilə bağlı vicdansız davranış sərgilədi. Karikatura dərc edib “tanklara ehtiyac qalmadı” ifadəsini yazdı. İnsan taleyinə acımadı.
Türkiyə zaman-zaman bəşəri məsələlərdə xilaskar mövqedə olub. Vaxtilə suriyalı bacı-qardaşlarımız Türkiyənin yüksək səviyyəli qaçqın düşərgələrinə sığınıb. Müharibənin məhv etdiyi Suriyanı bu dəfə zəlzələ dağıtdı. Yenə də dünyadan səs-səmir çıxmadı. Bir sözlə heç kim bu zavallılara acımadı.
Zəlzələ dəhşətlidir… Ermənisindən, eləsindən – farsından, beləsindən – fransızından fərqli olaraq türk-müsəlman həmişə dosta da, düşmənə də dar gündə əl uzadıb. İnanmayan tarixi vərəqləyə bilər.
“Başına gələn başmaqçı olar” – atalar misalıdır. Misalı zəlzələyə görə çəkdim. Bu təbii fəlakət zaman-zaman bizim də xirtdəyimizdən yapışıb, torpağı başımız üstə töküb, özümüzü torpaq altına gömüb. Bir yandan xalqın qonşubağrıçatdadan yaşayış tərzinə, dəm-dəsgahına gor qonşularımız – ermənisi, farsı… hücum çəkibsə, digər bir yandan da kor qonşumuz – təbii fəlakətlər başımızın üstünü alıb. Zəlzələ təkcə Şamaxını 6 dəfə yerlə-yeksan edib.
Tanrı Mirzə Cəlilə rəhmət eləsin. “Zəlzələ” hekayəsində insanlığın, bəşəriliyin, azərbaycançılığın nədən ibarət olduğunu oxucuya çatdırır. Hekayənin sonunda “Yazıq uşaqlar” ifadəsini xatırlayanda Xoyda hökumətin biganə münasibəti nəticəsində şaxtada qalan, Suriyada beton hissələri arasında sıxışıb qalan, Türkiyədə valideynlərini itirən uşaqları xatırlayıram. Bir də bu hadisələrə biganə qalan, karikaturaya çevirən məxluqları… Və birdən yaddaşıma iki il bundan əvvəl suriyalı qızın dünyaya səslənərək dediyi sözləri gəlir: Əgər mən ölərsəm, hamınızı Allaha şikayət edəcəm”.
Türkiyədəki, Suriyadakı, Xoydakı zəlzələdə tək torpaq yarılmadı, tək o insanlar acımadı, həm də bizim qəlbimiz ortadan “yarıldı”, ruhumuz acıdı…
Əsgər İsmayılov, BDU-nun Jurnalistika fakültəsinin tələbəsi

Bənzər yazılar