Dövlət İmtahan Mərkəzinin 5 mart tarixində keçirdiyi buraxılış imtahanında Azərbaycan dili fənni üzrə pubisitik mətn və onunla bağlı verilmiş test tapşırıqları əsaslı olaraq abturiyent və müəllimlərin etirazına səbəb olmuşdur. Testin sualları çətin anlaşılan və həlli vaxtaparan olduğu üçün abituriyentlərin imtahan vaxtının sui-istifadəsinə səbəb olmaqla digər testlərə diqqət ayırmalarına mane olmuşdur. İddiamı hələ ki yalnız bir test tapşırığı əsasında isbat edəcəm.

Testin 15-ci tapşırığına baxaq.

Mətnin tipini və məqsədini müəyyənləşdirək. Mətn informativ mətndir və telekinez haqqında ehtimal və faktları əhatə edir.

Gəlin A variantına baxaq: “Giriş hissəsinə əsas hissə ilə əlaqə yaradan cümlə əlavə edilməlidir”.

Mətnin giriş hissəsində anlayışın tərifi və onun izahı verilmişdir. Bu tərif və izahdan belə nəticə çıxarmaq olar ki, sanki telekinez rasional ağlın qəbul etdiyi bir qabiliyyətdir. İnformativ mətnin giriş hissəsində onun davamını gətirə biləcək bir ip ucu qoyulmadığı üçün əsas hissənin birinci abzasında verilmiş informasiyalarla əlaqələndirməyə bir əsas qalmır.

Mətnin giriş hissəsi cəmi iki cümlədən ibarət olduğu və burada məntiqi əlaqəni pozan cümlə olmadığı üçün B variantını seçə bilmirik.

Mətnin nəticə hissəsi bir-biri ilə əlaqəli iki cümlədən ibarət olduğu üçün C variantı da doğru cavab deyil.

Abituriyentlərin diqqətini çəkə biləcək variant D variantı ola bilər və əksəriyyət onu düzgün cavab kimi götürə bilər, böyük ehtimalla. Lakin burada da ciddi tərəddüddə qala biləcək imtahan iştirakçıları da az olmaya bilər. Həm də abituriyentin öz qərarını təsdiqləməsi üçün bu variant uzun düşünmə tələb edir. Bu, bir məsələ.

İkinci bir məsələ isə cavabın doğruluğunu təsdiqləməyin çox çətin olmasıdır. Bu abzasda qoyulmuş 4 rəqəmindən sonra verilmiş məlumat abzasın öncəki hissəsi ilə ziddiyyət təşkil edir. Yəni burada cümlənin başına  “lakin” sözünü əlavə etməklə bu məlumatlar arasında asanlıqla əlaqə yaratmaq və abzasın tamlığını təmin etmək mümkündür. Məna baxımından bu məlumatlar arasında əlaqənin olduğuna görə abzası bütöv hesab etmək olar.

Yuxarıda qeyd etdiklərimizdən əlavə, abzasın strrukturuna verilən tələbləri nəzərə alaraq 4 rəqəmindən sonrakı məlumatı müstəqil bir abzas kimi qəbul etmək çətindir. Yeni bir mətləbə keçid abzasdan mövzu cümləsini tələb edir ki, biz o cümləni burada görə bilmirik.

E variantına gəlincə isə abituriyent bu fikrin əsassız olduğunu asanlıqla müəyəynləşdirəcəkdir. Çünki mətnin giriş hissəsində telekinez bacarığı olanların saxtakar olmaları haqqında heç bir məlumat verilməmişdir.

Təhlillərdən göründüyü kimi,  15-ci sualın heç bir variantını doğru cavab kimi qəbul etməyən abituriyentin mövqeyini əsassız hesab etmək mümkün deyil. Əlavə olaraq onu deyə bilərik ki, abituriyent istər bu test tapşırığında doğru cavab seçə bilsin və yaxud testin yanlış olduğu qənaətinə gəlsin, hər iki halda test tapşırığının həlli bir suala ayrımış vaxt limitini çox aşacaqdır. Test tapşırığını yanlış hesab etməklə yanaşı, onun vaxtaparan tapşırıq olduğunu gördük.

Könül Aydın Nəhmətova

Filologiya üzrə fəlsəfə doktoru

Bənzər yazılar