Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisəsində “Biz o yurda qayıdacağıq” adlı tədbir keçirilib.

Paytaxtdakı 39 nömrəli tam orta məktəbdə təşkil olunmuş tədbirdə BŞTİ-nin müdir müavini Hüseyn Əsgərov, filologiya elmlər doktoru, professor Mahirə Nağıqızı, Nərimanov rayon Gənclər və İdman İdarəsinin müdiri Nəcəf Novruzov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin nümayəndələri, şəhid Azad Hümbətovun atası Arif Hümbətov, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.

Tədbir Dövlət Himninin səsləndirilməsi və Vətən şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Tahirə Şükürova son iki əsr ərzində Qərbi Azərbaycan adlanan tarixi torpaqlarımızda ermənilərin soydaşlarımıza qarşı apardığı deportasiya, soyqırımı, etnik təmizləmə siyasəti barədə danışıb. Həmçinin filologiya elmlər doktoru, professor Mahirə Nağıqızının Vətən həsrətli “Onun daş nağılı” kitabını təhlil edib.

BŞTİ-nin müdir müavini H.Əsgərov bildirib ki, ötən ilin dekabrın 24-ü Prezident İlham Əliyevin Qərbi Azərbaycan torpaqlarından olan bir qrup ziyalılarla görüşündə yeni bir hərəkatın, tarixi torpaqlarımıza qayıdışın reallaşacağını qeyd edərək öz ata-baba yurdundan  didərgin düşmüş  soydaşlarımıza, bütün Azərbaycan xalqına daha bir önəmli mesaj verdi. Müdir müavini yüz minlərlə soydaşımızın Qərbi Azərbaycana qayıdışını milli qürur və ləyaqətimizin müdafiəsi kimi səciyyələndirib.

 Filologiya elmlər doktoru, professor M.Nağıqızı elmi, pedaqoji və bədii yaradıcılığına göstərilən yüksək diqqətə görə məktəb rəhbərliyinə və tədbir iştirakçılarına təşəkkürünü bildirib, əsərlərindəki yurd həsrəti, torpaq yanğısından söz açıb.

Daha sonra məktəblilərin ifasında vətənpərvərlik ruhunda şeirlər, mahnılar səsləndirilib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub.

Bənzər yazılar