Dərc olunub: 06.04.2023

Aprelin 5-də Azərbaycan Dillər Universitetində Çeçenistan Dövlət Pedaqoji Universitetinin əməkdaşları ilə görüş keçirilib.

ADU-nun rektoru, akademik Kamal Abdulla qonaqları salamlayıb, onları universitetdə görməkdən məmnun olduğunu bildirib. Qeyd olunub ki, elmi əməkdaşlığın qurulması və inkişaf etdirilməsi istiqamətində bir sıra mühüm addımlar atılmaqdadır. Görüşün əhəmiyyətindən danışan rektor universitetdə fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri haqqında qonaqlara məlumat verib:

“İnanıram ki, qarşılıqlı elmi əməkdaşlıq istiqamətində zəruri tədbirlər həyata keçiriləcək. Bu əməkdaşlıq həm elmi, həm də təcrübə baxımından hər iki universitet üçün yeni perspektivlərə yol açacaq. Buna görə də sizi universitetimizdə fəaliyyət göstərən dil və mədəniyyət mərkəzləri ilə yaxından tanış olmağa dəvət edirəm”.

Çeçenistan  Dövlət Pedaqoji Universitetinin əməkdaşları Tamara Avtaeva, Raisa Buralova səmimi qarşılanmaya və xoş sözlərə görə təşəkkürlərini bildiriblər. Qeyd olunub ki, universitetlər arasında bir sıra layihələrin birgə həyata keçirilməsi nəzərdə tutulur. Bu layihələrdə konkurslar, görüşlər, yeni elmi əməkdaşlıq platforması üçün əlverişli imkanların mümkünlüyü yer alıb.

Görüşdə multikulturalizm siyasətinin önəmindən danışılıb, qarşılıqlı şəkildə dil və mədəniyyət mərkəzlərinin açılması kimi təkliflər səsləndirilib.

Daha sonra ADU və Çeçenistan Dövlət Pedaqoji Universiteti arasında saziş imzalanıb.

Bənzər yazılar