Bir neçə ay bundan öncə “Utancverici bir fakt” adlı məqalə yazmışdım (Bax: “Füyuzat” jurnalı, №3, 2022, səh, 52-56). Orada qeyd etmişdim ki, çox təəssüflər ki, 1990-1991-ci illərdə hələ də Kommunist Partiyasını, Sovet hökumətini, onun ideyalarının təbliğatçılarını vəsf edən, onları dəstəkliyən əsərlər çap olunurdu və çox-çox təəssüflər ki, bu əsərlərin müəllifləri də öz soydaşlarımızdır. 1990-cı ilin 20 yanvar faciəsindən, Qarabağ müharibəsindən sonra Kommunist partiyasını, Sovet hökumətini, “böyük qardaşımızı” vəsf etmək həqiqətən xalqa, millətə, müstəqil dövlətimizə xəyanətdir.
      Şərif Sultanovun “Ömür-gün yanğısı…” (Azərbaycan Dövlət Nəşriyyatı, 1991) adlı kitabı da belə əsərlərdəndir. Kitab Azərbaycan Xalq Cümhuriyyətinin süqutunda bir başa əli və iştirakı olan, Sovet hökumətinin ölkəmizdə “qayda-qanun”larını təbliğ etmək üçün onlarla soydaşımızın qətlinə fərman verən Həmid və Ayna Sultanovlara həsr edilib. Əsərin məğzindən belə aydın olur ki, Həmid Sultanov Şərif Sultanovun əmisi olub.
       Şərif Sultanov yazır ki, “1926-cı ildən bəri H.Sultanovla bağlı əhvalatların özüm şahidi olmuşam. 1930-cu ildən başlayaraq, Həmidlə yaxın əlaqə saxlamışam,  tez-tez yanında olmuşam…”. Əgər belədirsə hörmətli Şərif müəllim bəs onda necə Həmid və Ayna Sultanovların şəxsiyyətə pərəstişin haqsız qurbanı olduğuna təəssüf edirsiniz?  Və yaxud yazırsınız ki, “…oğulları Həmid və Vladlen, yeganə qızları Nazənin hazırda Bakıda yaşayır, ata-analarının təmiz adlarına layiq ömür sürürlər”.
       Şərif müəllim görəsən hansı təmiz addan danışır? Həmid Sultanovun “Hakimiyyətin devrilməsində mən özüm şəxsən iştirak etmişəm” deməsindənmi? 1920-ci ilin 26 mayında Gəncədə sovet işğalına qarşı baş qaldıran xalq üsyanının amansızcasına yatıraraq “Gəncədə bir başı papaqlı qoymadım” deyərək fəxr etməsindənmi? Və s. və i. Hətta Gəncə üsyanı haqqında Şərif müəllim özü də qürurla belə yazır ki, “Gəncədə baş vermiş qiyamı yatırmaqda rəşadət göstərən, heç kəsə baş əyməyən aslan ürəkli Həmid…”.
      Şərif müəllim, Sizin o “aslan ürəkli” adlandırdığınız Həmid Sultanovun bir başa əmri ilə milli ordumuzun “12 generalı, 27 polkovniki və podpolkovniki, 46 kapitanı, 146 praporşiki və podpraporşiki, 267 digər hərbi qulluqçusu güllələndi”. Həmid və Ayna Sultanovların Azərbaycanda Sovet hökumətini qurmaq üçün etdiyi haqsızlıqları, tökdüyü nahaq qanları yazsaq cild-cild kitablar yaranar.
          Elə bu faktın özünü Şərif müəllim kitabında bir daha təsdiq edir. Yazır ki, “Həmid əminin ən yaxın dostları Serqo Orconikidze, Sergey Mironoviç Kirov, Levon Mirzoyan idi”. Baxın hər üçü azərbaycan xalqına nifrət bəsləyən və bu nifrəti heç gizlətməyən qatı düşmənlərimiz.
       Şərif müəllim kitabında sovetlərin uzun illər pantürksist adlandıraraq tənqid, təhqir etdiyi Tofiq Fikrətin məşhur beytindən:
“Zülmün topu var, gülləsi var, qələsi varsa,
Haqqın da bükülməz qolu, dönməz üzü vardır” – misrasını verib.
          Bəli, sovetlərin topu, tüfəngi, işğalçı IX Qırmızı ordusu, şər yuvası, quldur yığnağı olan ÇK-sı, Sultanovlar, Musabəyovlar, Qarayevlər kimi millət satqınları olsa da bu xalqın haqq səsini boğa bilmədilər.
       Hər səhifəsində Leninin, Kommunist Partiyasının sədaqətli davamçıları adlandırılan Həmid və Ayna Sultanovların “həyat devizini”, “şərəfli ömür” “təcrübə”lərini 1991-ci ildə təbliğ etməyə lüzum var idimi? Axı hər şeyin öz adı var. Bütün arxiv sənədləri, tədqiqat əsərləri, baş verən hadisələr dönə-dönə təsdiq edir ki, Sultanovlar, Musabəyovlar, Qarayevlər bu xalqın üzqarasıdırlar.
Qərənfil Dünyamin qızı, Əməkdar jurnalist

Bənzər yazılar