Quba, 31 mart 1918-ci il.

Şəhər ağır bir süküt içindədir. Kişilər sübh tezdən hərə əlinə keçmiş silaha sarılıb şəhər qəbiristanlığında hansı istiqamətdən hücum edəcəyi bəlli olmayan düşmənin həmləsini gözləyirdilər Aralarında babamın əmisi Murtuza da var. Qəbirlərin birinin arxasında gizlənərək əlində ov tüfəngi ilə o da şəhərin müdafiəsində əlindən gələni etmək istəyirdi. Deyilənə görə Murtuza yaraşıqlı, mərd, cəsur, çılğın və haqsızlıqla barışmaz igid bir oğlan idi. Dəliqanlılığı səbəbindən, hətta yaşlıların məsləhətinə qulaq asmayaraq gecənin qaranlığında qoynundan çıxardığı papirosunu yandırıb başlayır dərindən sümürməyə. Közərən papirosun işiğı düşmənin gözünə sataşır və….

Qadınlar, uşaqlar, qocalar evlərin zirzəmilərində gizlədilib. Təpədən dırnağacan silahlanmış düşmən şəhəri küçə-küçə, məhəllə-məhəllə, addım-addım gəzir qabağına çıxanı qoca, uşaq, qadın demədən qədarcasına öldürür, vəhşiçəsinə qətlə yetirir. Tacir olan ulu babamın – Məşədi Əliabbas Orucovun evi, anbarda saxlanılan mal-dövləti yeddi gündü alov tutub yanıb, indi isə hər şeyi yanmış evin külü içində közlər közərir. Şəhərdə böyük hörmət hörmət sahibi olan Məşədi Əliabbasın ev-eşiyi, mal-mülkü ona görə yandırılıb ki, gizli fəaliyyət göstərən  inqilabçıların şəhərə girən ermənilərə yardımçı olmaq əmrinə tabe olmayıb.

Şəhəri duman və ölüm iyi bürüyüb.   

Həmin gün Qubadakı Köhnə hamamın yaxınlığında yerləşən evimizin zirzəmisində ailəmizin qadınları gizlənib. Aralarında o vaxt 1 aylıq körpə olan nənəm, anası, onun bacıları səssiz səmirsiz gizləndikləri yerdə sivişib durmuşdular. Bir anda gözlənilən təhlükə gəlib çıxdı, həyətin darvazası təpiklə açılır. Nənələrim artıq başa düşdülər ki, düşmən həyətdədir. Pıcıltıyla haray çəkib əllərini göyə qaldırıb Allah qarşısında Əhd edirlər: “Allah üzümüzü Sənə tuturuq! Əgər düşmən bizi tapmasa, bu zirzəmidən sağ-salamat çıxsaq ömrümüzün sonuna qədər saçlarımıza sancaq-toqqa vurmarıq, daraq çəkmərik!!!” Bu an həyətə girən erməni baxçadakı masaya yaxınlaşıb əlindəki baltanı zərblə masaya çırpır. Balta masanı deşir və orada ilişib qalır. Tanrı sanki ona edilən duaları eşidir. Əsəbləşən, gözü qanlı düşmən sağa-sola baxıb sanki gözü torlu, qulağı bağlı həyəti tərk edir…

Səhəri gün gənc oğlan olan Murtuzanın qəbirstanlıqda alnından güllə ilə vurulmuş meyidini tapırlar… O, elə yenicə papirosu yandırıbmış ki, düşmənin nişangahına çevrilir.

 Quba, 24 avqust 1978-ci il.

İllər ötür… Mən ailənin ilk nəvəsiyəm. Yayda tətildə Riqadan babamgilə, onların Qubadakı evinə qonaq gəlmişik. Dəqiq tarix 24 avqustdur – ailənin ilk nəvəsinin anadan olduğu gün. Qubadakı evində xeyir işidir. Babam qurbanlıq kəsib, ətrafına qohumları, xalaları, bibiləri yığıb. Arada icazəsiz küçəyə çıxıram. Nənəm başa salıb ki, bizim ailənin qadınlarının küçəyə çıxması yaxşı qarşılanmaz, adətimizdən deyil, biz yerli əhali deyilik, Qubaya Nadir şahın dövründə Ərdəbildən onun təmsilçiləri qismində köç etmişik… Amma mən bu deyilənlərlə barışmazam – necə yəni, axı küçəyə çıxmaq olmaz? Evin qarşısından isti günəşli gündə dağlardan axıb gələn bum-buz su gətirən arx keçirdi. Mən bir qədər də, küçənin o başına keçib Şahdağın qarlı zirvəsini görürəm. Fəxrlə evə qayıdıb təkrar-təkrar anadan olduğum qızmar yay günündə dağlara qarın necə yağması barədə babamdan danışmağı israr edirəm. Soyuq, qarlı Latviyada yaşayan uşağın beynində isti ölkədə yay günündə dağda qar yağması hadisəsi onun fərqli olduğunu təsdiq edir və təkrar-təkrar təxəyyülündə mistikliyilə canlanır.

Evdə olan hər əşya mənə maraqlıdır: “Nənə, papam çempion-güləşçidir. Ver bu masanı ona baltanı çıxarsın masanın üzərindən”. Yarı-çal, yarı-xınalı saçlarını sancaqsız-toqqasız səliqə ilə yaylıq-kəlağayı altına yığan nənəm: “Olmaz. Erməninin baltasıdır. Əhd elədik sağ qaldıq”. Mən uşağam, fikrim dağılır… Həkayəni sona qədər dinləməsəm də rəhmətlik anam qaynanasına hörmət əlaməti olaraq o dəhşətli gecənin tarixçəsini diqqətlə dinləyir.

Axşam düşür. Qonaqlar dağılışır. Qapı ağzında güzgü qarşısında atamın xalaları – Bəturə, Turə, Hürriyyə, Atya və Asya xanım yaylıq-altında olan saçlarına daraq çəkmədən səliqə ilə yığıb, kəlağayını başlarına atıb evlərinə qayıdırlar. Üzləri gülür, sağ-salamatdırlar, oğul-nəvə toyu görə bilirlər. Əhdlərinə sadiq qalıblar.

 Bakı, 31 mart 2023-cü il.

Şəhəri duman bürüyüb. Soyqırım qurbanlarının ümumrespublika anım günüdür. Televizora baxıram. Veriliş gedir. Verilişə dəvət olunan tarixçi gecikir. Müğənnimiz əslən soyqırımın baş verdiyi Şamaxıdan olsa da israrla Bakıda anadan olduğunu və az məlumatlı olduğunu bildirir. Norveç səyahətindən, Tur Heyredalın Azərbaycana heyran olduğu barədə xatirələrini danışır. Tarixçı verilişin sonuna təngənəfəs çatır… “Üzürlü sayın yeddi tədbirdə olmuşam, hər yerdə eyni hekayəni danışmışam”, – deyib izləyicinin diqqətini yayındırır… və əməlli, dürüst halda baş verən soyqırımın acı və kədərini xalqına çatdıra bilmir.  Hər halda mənim diqqətim artıq yayınıb… və mən nənəmin danışdıqlarını dinləmədiyimə təəssüf edirəm. İndi olaydı, kaş… Diqqətlə dinləyib qeydlər aparaydım, kaş… onlar əhdlərinə sadiq qalan kimi, kaş mən də xatirələrə sadiq qalaydım və o dəhşətli hadisələri olduğu kimi hər zaman danışardım. İllər keçsə də nənəmin sancaqsız, toqqasız, daraq dəymədən kəlağayı altında gizlədiyi saçlarını və masaya sancılmış baltanı heç vaxt unuda bilmirəm…

31 mart 2023

Yeganə Əliyeva

Kulturologiya üzrə fəlsəfə doktoru, dosent, Qabaqcıl təhsil işçisi

AMEA, Memarlıq və İncəsənət İnstitutunun aparıcı elmi işçisi,

Mirzə İbrahimovun irsinin qorunması və təbliği” Fondunun Elmi katibi

 

 

Bənzər yazılar