Dərc olunub: 11.04.2023

 

Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin tələbələri Azərbaycan Hərb Tarixi Muzeyinə ekskursiya ediblər.

Bu barədə BDU-dan məlumat verilib. Bildirilib ki, fotojurnalistika dərsi çərçivəsində gerçəkləşdirilən ekskursiyada Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının müdiri dosent Xatirə Hüseynova, fənn müəllimləri Vüqar İbadov və Aygün Qurbanlının rəhbərliyi ilə fakültənin III kurs tələbələri iştirak ediblər.

Muzeyin rəisi, ehtiyatda olan polkovnik Əzizağa Qənizadə bildirib ki, iki mərtəbədən ibarət muzey Azərbaycanın hərb tarixini, hərb sənətini dövrlər üzrə əks etdirir. Muzeydə Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən fotolar, sənədlər və ona məxsus əşyalar, hərbi geyim nümunəsi, ordu quruculuğu ilə bağlı gördüyü işlər, həmçinin Silahlı Qüvvələrin qoşun növləri üzrə hərbi geyim nümunələri nümayiş etdirilir.

Sonra tələbələr muzey bələdçisinin müşayiəti ilə açıq havada sərgilənən hərbi texnikalarla tanış olublar. Muzeydə əsrlər öncə istifadə edilən silahlardan tutmuş hazırda Azərbaycan Ordusunun arsenalında olan müasir silahların maketləri və həqiqi vahidləri sərgilənir. Qarabağ müharibəsi dövründə istifadə edilən silahlar, şəhid hərbçilərimizə məxsus geyimlər də nümayiş olunur.

Jurnalistika fakültəsinin müəllim və tələbə heyəti İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun və tank komandiri Albert Aqarunovun idarə etdiyi tankın maketlərinə də baxıblar.

Sonra tələbələrin sualları cavablandırılıb, onlara Hərb Tarixi Muzeyindən fotoreportajlar hazırlamaq tapşırılıb.

Bənzər yazılar