Bu fikirləri AZƏRTAC-a açıqlamasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov söyləyib. O deyib ki, Azərbaycan-Qazaxıstan arasında imzalanan sənədlər dövlətlərarası münasibətlərin daha da möhkəmlənməsi, yeni əməkdaşlıq müstəvisinə qədəm qoyulması baxımından vacibdir. Prezident İlham Əliyev və Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevin imzaladıqları “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası Ali Dövlətlərarası Şurasının yaradılması haqqında Protokolu” iki dövlətin başçısı arasında olan dostluq və qarşılıqlı inamdan irəli gələn çox vacib bir dövlət sənədidir.

“Azərbaycan Milli Elmlər Akademiyası və Qazaxıstan Respublikasının Milli Elmlər Akademiyası arasında elm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nun imzalanması iki ölkə arasında elmi əməkdaşlığın daha da gücləndirilməsi, birgə elmi əməkdaşlıq imkanlarının reallaşmasına hədəflənmiş anlaşma sənədidir. Ümid edirəm ki, hər iki ölkənin milli elmlər akademiyaları rəhbərləri səviyyəsində imzalanmış bu sənəd həm də elmi əməkdaşlığa ciddi töhfə verəcək. Qazaxıstan və Azərbaycanda elm təxminən 70 il müddətində sovetlər dövründə eyni strateji xətt üzərində inkişaf edib. Amma 30 illik müstəqillik dövründə bu inkişaf xətti daha da sürətlənib. Elmi əlaqələrin bərpası və yaxınlaşması istiqamətində bu sənədin çox mühüm əhəmiyyəti var.

“Qazaxıstanla Azərbaycan arasında təhsil sahəsində əlaqələrin inkişafına ciddi ehtiyac var. Bu əlaqələr mövcuddur, amma daha da dərinləşdirmək lazımdır. Postsovet respublikaları arasında Qazaxıstanda təhsilin son illərdə inkişafı göz qabağındadır. Təhsilin müxtəlif pillələrinin, xüsusilə ali təhsil sahəsində Qazaxıstan təcrübəsinin mənimsənilməsi olduqca zəruridir. Qazaxıstandakı ali təhsil müəssisəsi qurmaq modelini öyrənmək və bunun Azərbaycanın universitetlərində tətbiq edilməsi çox faydalı olardı.

Hər iki ölkənin həm təhsil, həm elm sahəsində bir-birindən öyrənəcəyi məqamlar olduğu kimi, təhsildə və elmin ayrı-ayrı sahələrində nailiyyətləri var. Səyləri birləşdirmək və bu istiqamətdə əməkdaşlıq imkanlarını genişləndirmək iki dost ölkəni elm və təhsil əlaqələrinin daha da yaxınlaşdıra bilər. Dövlətimizin başçısı xüsusilə çıxışında humanitar əməkdaşlıq münasibətlərinə toxundu. Qazaxıstana rəsmi səfər çərçivəsində imzalanmış sazişlər məhz yeni mərhələnin başlanğıcı olacaq. Humanitar, təhsil, elm sahəsində qarşılıqlı münasibətlərdə yeni üfüqlər açacaq”, – deyə İlqar Orucov qeyd edib.

Bənzər yazılar