Bu gün Albert öldü, bəlkə də, dünən, bilmirəm. Çox yaxşı oğlan idi, təzəlikcə müharibədə də iştirak etmişdi. Amma onu dəmir canavarlar öldürə bilməmişdilər. Uşaqlıqda çox qorxaq idi, döyüş oyunları oynayanda həmişə ölməkdən qorxardı. Mənə elə gəlirdi ki, ölməkdən qorxan insanlar heç vaxt ölməyəcəklər. Tanrı xeyirxahdır, onlara heç vaxt dəyməz. Amma bu gün Albert öldü, döyüşdə də ölmədi, Tanrı onu başqa bir dəmir məxluqla aldı. Onu maşın vurdu. Sürücü and içir ki, guya Albert özü onun qarşısına çıxıb, maşını normal sürətlə sürürmüş. Mən buna inanmıram, dostum heç vaxt belə diqqətsizlik etməzdi. Bəlkə də, o özü ölməyi qərara alıb, bunu heç kim dəqiq bilə bilməz. Çünki Tanrı xeyirxahdır, qorxaqları heç vaxt öldürməz.

Albert heç vaxt ruhən çöküş də yaşamamışdı, amma bu cür vəziyyətlər barəsində çoxlu esselər yazardı. O bizə yazdıqlarını oxuyanda ələ salırdıq, çünki bizə elə gəlirdi ki, insan heç vaxt bu vəziyyətlərə düşə bilməz. Ya da biz çöküş yaşamaqdan qorxurduq deyə, Tanrı bizə bunu yaşatmırdı…

Döyüşə gedənə qədər  futbolla  məşğul olmuşdu. Albert zədələnməkdən çox qorxurdu. Amma öldü.., heç vaxt da zədələnmədi. Bu gün bunları danışanda içimdə bir az da olsun kədər hiss etmirəm, hətta bütün bədənimə keylik hakimdir. Albert mənim ən yaxın dostum idi, o mənə yaşamağı öyrətmişdi. Bəlkə də, o, çox yaxşı müəllimdir deyə burda, bu anda məndə heç bir hissiyyat yoxdur. Bilirəm ki, bir gün mən də döyüşməli olacağam, orda ölməyi mən də planlamıram. Bəlkə də, bir gün Albert də mənim haqqımda eyni şeyləri yazar, onda mən özümü çox xoşbəxt hiss edərəm. Albert mənə xoşbəxt ölməyi də öyrətmişdi.

İndi burda son nəfəsimi verəndə beynimdə yaranan bu fikirləri, əslində, bütün ömrüm boyu düşünmüşəm. İstəyirəm ki, bu gün Albert  kimi yox, tanrı kimi ölüm. Belə ölməsəydim belə, bir gün vərəmdən öləcəkdim. Onda ölümüm çox aciz olardı, tanrı isə məhz belə ölməlidir. Təsadüfən.., qarşısına çıxan bir maşının ölümcül zərbəsi ilə…

Bənzər yazılar