Dərc olunub: 12.04.2023

Azərbaycan Dillər Universitetində Ali təhsil müəssisələrinin tələbələri arasında  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş bədii-yaradıcılıq festivalının növbəti seçim mərhələsi keçirilib.

ADU-dan  bildirilib ki, müsabiqə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Həmkarlar İttifaqları Konfederasiyası və ADU Tələbə Həmkarlar İttifaqı Komitəsinin təşkilatçılığı ilə gerçəkləşib.

Gənclər musiqi və rəqs üzrə öz bacarıqlarını nümayiş etdiriblər. Onların çıxışları münsiflər heyəti tərəfindən qiymətləndirilib.

Qeyd edək ki, bədii yaradıcılıq müsabiqə festivalının keçirilməsinin məqsədi gəncləri milli vətənpərvərlik ruhunda hazırlamaq, onları mədəniyyətimizə, incəsənətimizə, adət- ənənələrimizə hörmət ruhunda tərbiyə etmək, bədii-estetik zövqlərinin formalaşmasına kömək göstərmək, incəsənətin ayrı-ayrı növləri üzrə istedadlı gəncləri üzə çıxarmaq, onların qabiliyyətlərinin inkişaf etdirilməsinə dəstək verməkdir.

Müsabiqənin münsiflər heyətində Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Əməkdar incəsənət xadimi Əliqismət Lalayev, Bakı Xoreoqrafiya Akademiyasının prorektoru Xalq artisti Təranə Muradova, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının solisti, Xalq artisti Samir Cəfərov, xanəndə, Xalq artisti Gülyanaq Məmmədova, Azərbaycan Milli Konservatoriyasının baş müəllimi, tarzən Arslan Növrəsli yer alıb.

Festival qaliblərinin yekun konserti may ayında Bakı şəhərində keçiriləcək.

Bənzər yazılar