Artıq bir müddətdir ki, ölkə əhalisinin diqqətini sudan səmərəli istifadə vərdişlərinə yönəldən “Bir damcı” kampaniyası çərçivəsində işlər uğurla davam etdirilir. Budəfəki fəaliyyətin əsas məqsədi paytaxt və ətraf qəsəbələrdə yerləşən ümumtəhsil məktəblərinin aşağı sinif şagirdləri arasında maarifləndirmə işlərini əhatə edir.

Bu məqsədlə layihənin təşkilatçıları ümumtəhsil məktəblərinə səfər edərək 3-6-cı sinif şagirdləri ilə görüşlər keçirib, sudan qənaətlə istifadənin vacibliyi barədə geniş təqdimatla çıxış ediblər.

Səfərlərin 15 aprel – Ekoloji Bilik Günü ərəfəsində təşkil olunması məktəblilər arasında təbiətin bizə bəxş etdiyi resursları qorumağın vacibliyi barədə məlumatlılığın artırılmasına xidmət edir.

Təqdimat zamanı şagirdlər kampaniyanın məqsədi, sudan səmərəli istifadənin vacibliyi, gündəlik həyatda qənaət yolları, gələcəkdə bizi gözləyə biləcək təhlükələr barədə məlumatlandırılıb. Məktəblilərin görüşünə əliboş getməyən layihə iştirakçıları onlara sudan düzgün istifadənin əhəmiyyəti barədə biliklər toplusu olan “Bir Damcı” kitabı və müxtəlif merçendayz hədiyyələr təqdim ediblər.

Şagirdlərlə görüşlərdə təşkilatçılar layihə çərçivəsində təşkil olunan rəsm müsabiqəsi barədə də məlumat verib, onları bu müsabiqəyə cəlb etməklə hədiyyə qazanmağa və öz yaradıcılıqlarını nümayiş etdirməyə həvəsləndiriblər.

Növbəti günlərdə də davam edəcək görüşlər 20 məktəbdə Elm və Təhsil Nazirliyinin Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin nəzdində fəaliyyət göstərən ekoklub üzvlərini əhatə edəcək. Qeyd edək ki, bundan əvvəl də layihə çərçivəsində məktəblərdə maarifləndirmə məqsədli posterlər asılmışdı.

“Bir damcı” kampaniyası Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi və IDEA İctimai Birliyi tərəfindən həyata keçirilir. Kampaniya barədə ətraflı məlumatı birdamci.az veb-saytından, “Facebook” və “Instagram” səhifələrindən əldə etmək mümkündür.

Bənzər yazılar