Dünən Nizami rayonu Keşlə qəsəbəsində yerləşən 227 nömrəli tam orta məktəbdə Milli Olimpiya Komitəsi, həmçinin Elm və Təhsil Nazirliyinin birgə layihəsi olan OCEP proqramı üzrə tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin, Azərbaycan Respublikası Təhsil İnstitunun, Milli Olimpiya Komitəsinin nümayəndələri, YAP Nizami rayon təşkilatının sədri, Braziliya Federativ Respublikasının ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Karlos Monteneqro Lopes da Kruz, BDU-nun Jurnalistika fakültəsinin müəllimi, əməkdar jurnalist Qərənfil Dünyaminqızı, OCEP layihəsinin ekspert qrupu və məktəb direktorları iştirak ediblər.
Tədbirə başlamazdan əvvəl cənab səfir məktəbin həyətindəki futbol meydançasının açılış lentini kəsib.
Məktəbin VIII sinif şagirdlərindən ibarət futbol komandası qonaqlar qarşısında topla bacarıqlarını göstəriblər.
Meydança ətrafında dünya futbol tarixinin əfsanəsi Pelenin rəsmləri yer alıb. Eyni zamanda Azərbaycan-Braziliya dostluğuna, Milli Olimpiya Komitəsinə həsr olunmuş rəsmlər, habelə şagirdlərin əl işləri maraqla qarşılanıb. Tədbirin maraq doğuran güşəsi dost ölkənin milli mətbəxinə məxsus milli yeməklərin təqdim edilməsi olub.
Tədbirin bədii hissəsi Azərbaycan Respublikası və Braziliya Federativ Respublikasının himnlərinin səslənməsi ilə başlanıb.
Şagirdlərin ifasında milli musiqi nömrələri, rəqsləri nümayiş olunub. Mahnılar səslənib. İbtidai sinif şagirdlərinin geyimində dünyanı dostluğa, vəhdət halına çağıran elementlər əksin tapıb.
Məktəbin direktoru Sevinc Hüseynova tədbirin əhəmiyyətindən danışıb və iştirakçılara iştiraka görə təşəkkürünü bildirib.
Tədbirin yekunu olaraq xatirə şəkilləri çəkilib.

Bənzər yazılar