İyulun 5-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Gənc Alimlər və Tədqiqatçılar Şurasının təşkilatçılığı ilə “İnklüziv təhsilin aktual problemləri” mövzusunda elmi-praktik konfrans keçirilib.  

Konfransı giriş sözü ilə açan ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov konfrans iştirakçılarını salamlayaraq konfransın əhəmiyyətindən söz açıb. Prorektor bildirib ki, müasir dövrün təhsil fəlsəfəsi yeni paradiqma və dəyərlərə köklənməkdədir. Dinindən, dilindən, cinsindən, sağlamlıq imkanlarından asılı olmayaraq, insan hüquqlarını məhdudlaşdırmayan təhsil meyarını biz “inklüziv təhsil” olaraq qəbul edirik. Dünya təhsil məkanına sürətlə inteqrasiya edən Azərbaycanda inklüziv təhsillə əlaqədar səmərəli işlər görülmüş, təhsillə bağlı qəbul edilmiş qanunvericilik aktlarında inklüziv təhsil öz təsbitini tapmışdır. Sevindirici haldır ki, inklüziv təhsil ölkəmizdə yalnız elmi-pedaqoji nəzəriyyə olmaqla məhdudlaşmadı, onun təcrübədə reallaşması üçün bir sıra tədbirlər həyata keçirildi. Azərbaycan Respublikası Prezidentinin 14 dekabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “2018-2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı” bu istiqamətdə mühüm əhəmiyyətə malikdir. Əsas məqsədi sağlamlıq imkanları məhdud şəxslərin təhsil hüququnu təmin etmək, təhsilin hər bir pilləsi və səviyyəsi üzrə onların təhsili üçün maneəsiz mühit yaratmaqdan ibarət olan Dövlət Proqramının həyata keçirilməsi məqsədi ilə irəli sürülən ictimai təşəbbüslərin əhəmiyyəti xüsusi qeyd edilməlidir. ADPU-da da bu istiqamətdə bir sıra layihələr həyata keçirilmişdir. “İnklüziv təhsilin aktual problemləri” elmi-praktik konfransı da növbəti tədbirdir. İnanıram ki, konfransda ediləcək məruzələr iştirakçılar üçün maraqlı və əhəmiyyətli olacaqdır.  

Sonra məruzələr dinlənildi. ADPU-nun baş müəllimi, p.ü.f.d. Gülşən Eminova “İnklüziv təhsilin tarixi”, “Birgə və sağlam” İctimai Birliyinin mütəxəssisi Fərid Süleymanov “İnklüziv təhsildə bərabər iştirak imkanları”, ADPU-nun baş müəllimi, p.ü.f.d. Xəyalə Məmmədova “Əngəlsiz düşüncə inklüziv təhsil kontekstində”, ADBTİA-nın müəllimi Aynur Abdullayeva “Xüsusi qayğıya ehtiyacı olan uşaqlarla işləyən zaman pedaqoji yanaşmalarda buraxılan səhvlər”, Vaşinqton Universitetinin inklüziv təhsil üzrə magistrantı Elman Süleymanov “Sosial xidmətlərdə inklüzivlik”, ADPU-nun doktorantı Baba Əlibabaoğlu “İnklüziv təhsilin əhəmiyyəti və zəruriliyi” mövzularında çıxış etdilər. Çıxış edən 11 №-li xüsusi məktəbin müəllimi Zivər Xanlarova inklüziv siniflərdə tədrisin təşkili haqqında məlumat verdi.  

Daha sonra Elm və Təhsil Nazirliyinin Deinstitutlaşma və uşaqların müdafiəsi idarəsinin şöbə müdiri Anar Xələfov dövlətin sağlamlıq imkanları məhdud uşaqlara qayğısından, bu istiqamətdə görülən işlərdən danışdı. Yekunda çıxış edən ADPU-nun Gənc Alimlər və Tədqiqatçılar Şurasının sədri f.ü.f.d. İlkin Əsgərov konfransın təşkilinə göstərdiyi dəstəyə görə Universitet rəhbərliyinə və məruzəçilərə təşəkkürünü bildirdi. 

Bənzər yazılar