Azərbaycan Dövlət Pedaqoji Universitetinin tədris işləri üzrə prorektoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Eldar Aslanov “Azedu.az” təhsil platformasına müsahibə verib. Müsahibədə prorektor universitetin təhsil strategiyası, qlobal çağırışlarla bağlı həyata keçirilən tədbirlər, eləcə də ölkənin elm və təhsil həyatında reallaşan islahatlar barədə öz fikirlərini bölüşüb.

Müsahibəni sizlərə təqdim edirik:

– Azərbaycan Dövlət Pedaqoji Universitetinin dünəni necə olub, bu günü necədir və sabah nələr gözlənilir?

– ADPU ölkəmizin ən qocaman ali məktəblərindən biridir. Azərbaycan Xalq Cümhuriyyəti (AXC) bu universitetin müəllim hazırlayan bir təhsil müəssisəsi kimi fəaliyyətə başalamasını 1920-ci ilin yaz aylarına planlaşdırsa da, aprel ayında AXC-nin istila olunması bu planı təxminən bir il ertələdi. Universitetimizin yarandığı andan bu günə qədər, Macarıstan, Bolqarıstan, Cənubi Azərbaycan, Orta Asiya və Cənubi Qafqaz ölkələri də daxil olmaqla təxminən 170 mindən çox məzununun oldğunu bilirik.

– Abituriyentlər  ADPU-nu niyə seçməlidirlər, sizin ali təhsil ocağını digər universitetlərdən fərqləndirən üstün cəhətlər hansılardır?

– ADPU orta məktəbə müəllim hazırlığı üzrə ölkəmizdə bir markadır. Təbii ki, ADPU tarixi çətin yol keçib. Müstəqilliyimizin ilk illərində ölkənin təhsil sistemi müəyyən yaralar alıb. Buna rəğmən ADPU ayaqda qalmağı, eləcə də inkişaf etməyi bacarıb. Hazırda universitetimizin Avropanın 7 ölkəsinin universitetləri ilə mübadilə proqramları var. Bunlardan ən uzun müddətli davam edəni Danimarkanın Universitet Kolleciylədir. Hazırda 6 tələbəmiz heç bir xərc ödəmədən 1 və ya 2 semestr müddətində Danimarkanın Universitet Kollecində təhsillərini davam etdirir.

– Müəllimlərin sertifikasiya imtahanlarında 55 faizi 30-50 bal, 35 faizi 0-29 bal, 10 faizi isə 51 bal və yuxarı bal toplayıb. 35 faiz müəllimin 0-29 bal yığması kifayət qədər ciddi siqnaldır. Bəzən bu aşağı nəticəyə görə universitetləri də qınaq obyektinə çevirirlər. Bu işdə sizin ali təhsil ocağının məsuliyyəti nə qədərdir?

– Məsuliyyəti bölüşürük, amma 0-29 bal yığan 35 faizin, demək olar ki, hamısı imtahanla yox, imtahandan öncə qəbul olunan şəxslərdir. Təxminən 2000-ci ilə qədər orta məktəbə müəllimlərin qəbulu prosesini hamı bilir. Bu barədə danışmaq istəmirəm. Həmin dönəmlərdə diplomların alınması da sual doğururdu. Bu prosesi təhsil cameəsi yaxşı bilir. Saxta diplomlarla çalışan müəllimlərdən də xəbərimiz var. Buna dair rəsmilərin açıqlamaları ortadadır. ADPU-nun həm qocaman, həm də yeni məzunları orta təhsilin əsas yükünü çəkirlər. Pedaqoji kadr hazırlığının 25  faizini ADPU verir və burada liderliyi qoruyur. Bizdən sonra təxminən 10 faiz də Bakı Dövlət Universitetinin üzərinə düşür.

– Belə təkliflər var ki, Azərbaycan Dövlət Pedaqoji Universiteti istisna olmaqla, bütün digər ali təhsil müəssisələrindəki pedaqoji ixtisaslar ləğv olunsun. Buna necə baxırsınız?

– Mən elə düşünmürəm, hesab edirəm ki, rəqabət olmalıdır. Hazırda bununla bağlı aydın bir plan var. Ali təhsil müəssisələrinin akkreditasiyası ilə bağlı yeni meyarlar – həm institusional və proqram akkreditasiyası – təsdiq olunub. ADPU bu yaxınlarda institusional akkreditasiyadan uğurla keçib. Biz səbirsiziklə proqram akkreditasiyasını gözləyirik. Bu, dünyada tətbiq olunur. Proqram akkreditasiyası odur ki, tutalım, eyni vaxtda fizika müəllimliyi ixtisası üzrə müəllim hazırlayan 7 ali məktəbin proqramları akkreditə olunur. Təklifimiz ondan ibarətdir ki, bu 7 ali məktəbdən nəticələri ən zəif olan ali məktəblərin qəbul planı hansısa formada azaldılsın. İddia etmirəm ki, həmin ali məktəbdə o fakültə bağlansın. Ya qəbul planı azaldılsın, ya da onlara hansısa bir formada dəstək verilsin. Nəticələri ən yüksək formada olan ali məktəb isə hansısa formada mükafatlandırılsın. Ona görə də “başqa ali məktəblərdə pedaqoji kadrlar hazırlanmasın” fikrini dəstəkləmirəm. Sağlam rəqabət olmalıdır, nə qədər keyfiyyətli kadr hazırlansa, bu, ölkəmizin xeyrinədir.

– Müəllim heyəti yenilənirmi, daha çox hansı kadrlara üstünlük verilir, yerli universitetləri bitirənlərə, yoxsa xaricdə təhsil alanlara?

– Hazırda ADPU-da 845 nəfər professor-müəllim heyəti çalışır. Bu dəyişikliyi attestasiya ilə etdik. Təbii ki, qocaman müəllimlərimiz də var. ADPU-da ortalama yaşı 66+ olan müəllimlər fəaliyyət göstərirlər. Bu, belə də olmalıdır. Çünki 102 yaşımız var.  Devizimizdə olduğu kimi, ənənələrə sadiq, yeniliklərə açıq ali məktəb olaraq, cavanları da işə cəlb etməyə çalışırıq. Fənləri Azərbaycan, rus və ingiliscə tədris etmək bacarığı olan müəllimlərə üstünlük veririk. Amma bu o demək deyil ki, digər iki dili bilən müəllimi seçmirik. Elə olur ki, hansısa müəllim əcnəbi dili bilmir, amma ixtisasına mükəmməl şəkildə yiyələnib. Biz o müəllimi də seçirik. Mühüm amillərdən biri də odur ki, daha çox öz məzunlarımıza üstünlük veririk.

 – Qeyd etdiniz ki, ADPU-da yenilənmələr gedir və “2030-cu il planı”nız var. Nələr dəyişəcək?

– Sizinlə yalnız xüsusi düşüncəmi bölüşə bilərəm. Universitetin bununla bağlı plan və proqramı tam dəqiqləşməyib, təsdiqlənməyib. Bunu universitetin mövqeyi kimi demək doğru olmaz. Şəxsi fikrim ondan ibarətdir ki, bir ali məktəbin yalnız pedaqoji kadr hazırlamaqla qlobal təhsil məkanına inteqrasiyası və orada yaşaması mümkün deyil. Qəbul etməliyik ki, Azərbaycan təhsili Avropa və dünya təhsil sisteminin bir hissəsidir. Hər gün müxtəlif sənədlərə imza atıram. Onların hamısı Kanada, Avstraliya, Avropanın müxtəlif ölkələri və qardaş Türkiyəyə magistr pilləsi üçün təhsil almağa gedən tələbələrdir. ADPU yalnız ölkədə pedaqoji kadr hazırlayan 20 ali məktəbin deyil, dünyanın istənilən ali məktəbinin rəqibidir. XXI əsrdə, rəqəmsallaşma dövründə ADPU-nun yalnız pedaqoji kadr hazırlığı ilə davam etməsini problematik hesab edirəm.

– Xarici ölkə vətəndaşları sırasında ADPU-nu seçənlər varmı?

– Göstərdiyimiz təhsil xidmətləri orta məktəb müəllimi hazırlamaqdır. Bu, bizim əsas vəzifəmizdir. Cəmiyyət, dövlət və nazirliyimiz bizdən orta məktəb üçün keyfiyyətli kadr hazırlığı gözləyir. Amma məntiqli sual ortaya çıxır. Axı xarici tələbələr bizim proqramı niyə seçsin?! Deməli, ali məktəb olaraq, beynəlxalq təhsil xidmətləri bazarının iştirakçısı olmaq istəyirsinizsə, onların alacağı  xidmətləri təklif etməlisiniz. Yəni elə proqramlarımız olmalıdır ki, daxili bazarlarla bərabər, beynəxalq bazarı da cəlb etsin. Azərbaycanlı tələbələr mühəndislik, tibb, bizes, diplomatiya, antropolgiya və arxeologiya üzrə dünyanın qabaqcıl universitetlərində təhsil alırlar. Orada aldıqları bilik, bacarıq və kompetensiya Azərbaycanda, eləcə də, dünyanın istənilən yerində keçərlidir. Amma biz bu gün daha etnosentristik təhsil veririk.

– ADPU-da hər hansı bir müəllim və yaxud da professor kifayət qədər yaşa dolubsa, onu işdən azad edirsiniz, yoxsa fəxri müəllim, fəxri professor kimi onun bilik və təcrübəsindən elmi əsərlərin yazılmasında istifadə edirsiniz?

– Xidmətləri olmuş dəyərli alimlərimizi bir qərarla işdən uzaqlaşdıra bilmərik. Bu, tədricən həyata keçirilən prosesdir. Ali məktəbdə pensiya yaşı məhdudiyyəti yoxdur. Bu, dünyanın qabaqcıl ölkə üniversitetlərində yoxdur. Məslən, Amerikanın Corc Vaşinqton Universitetində də təqaüd yaşı yoxdur. Təbii ki, yaşlı müəllim sağlam olmalıdır, öz işinin öhdəsindən gəlməlidir. Elmi Şuranın qərarı əsasında yaşı 75-i aşmış müəllimlərlə illik müqavilələrlə davam edirik. Elə müəllimlər də olur ki, özləri müraciət edib, dərs saatlarının azaldılmasını xahiş edirlər. Yaşlı müəllimlərimiz daha çox magistratura və doktorantura pilləsində, bir də elmi rəhbər kimi fəaliyyət göstərirlər.

– Yenilənmə və rəqəmsallaşmanın bir qolu da distant təhsildir. ADPU- distant təhsilə hazırdırmı?

– Ali təhsillə bağlı qlobal çağırışlar rəqəmsallaşma,  sosial sahibkarlıq və beynəlmiləlləşmədir. Həm pandemiya, həm də qloballaşma təhsil xidmətləri paketinin yalnız sinxron deyil, asinxron üsullarla verilməsinin vacib olduğunu sübut etdi. Amma ADPU–da  pedaqoji kadr hazırlayan bir ali məktəb kimi distant təhsil o qədər də aktual görünmür. Pedaqoji kadr hazırlığında uzaqdan təhsil xidmətləri o qədər də cəlbedici deyil. Bununla yanaşı, anlayırıq ki, hər an arzuolnmaz bir halla üz-üzə qala bilərik və distant təhsil zərurətə çevrilər. Bundan dolayı müəllimlərin rəqəmsal bacarıqlarını artırmaq, universitetin infrastrukturunu fors-major hallara hazırlamaq istiqamətində işlər aparılır.

-Aldığımız məlumata görə, ADPU-nun kitabxanasını yenilənib…

-Universitetimiz ölkənin ən böyük informasiya daşıyıcısı olan “TOP-5” kitabxanasına malikdir.  BP şirkətinə təşəkkür edirəm ki, təhsilə xidmət baxımından belə məhsuldar işlər görür. BP yeni maraqlı kitabların da dərc edilməsinə kömək edir. Bu şirkətlə əməkdaşlığımız davam edir. Yeni təhsil proqramları və yeni fənlər yeni məzmun diktə edir. Əslində, ingilis dilində çoxlu kitablar ala bilərik. Elm və Təhsil Nazirliyinin köməkliyi ilə müəyyən kataloqlara qoşuluruq. Amma ingilis dilində həmin kataloqlarla işləyən, o kitabları oxuyub anlayacaq, nə qədər əməkdaşımız var? Burada səmimi davranmalıyıq. Bu kitabların sayını artıracağıq, amma həmin məzmunun Azərbaycan və türk dillərinə gətirilməsi prioritet istiqamətdir. Nadir kitablarımız da var. Ötənlərdə onların sərgisini də keçirdik. Biz onları qoruyuruq.

– Qayibə görə imtahana buraxılmayan tələbələriniz olmamış deyil. Axı Boloniya sistemində qayibə görə, imtahana buraxılmama, nəticədə imtahandan kəsilmə anlayışı yoxdur? Niyə Boloniya sistemi tam tətbiq edilmir?

– Əlbəttə, belə tələbələr olur. ADPU-da təhsilalanların böyük bir hissəsi – 75-80 faizi – xanımlardır. Xanımlar da 3 və 4-cü kurslarda ailə qururlar, ana olurlar. Bu da onların təhsil həyatına mane olur. Mövcud qaydalar var. Dərsə davamiyyətlə bağlı 25 faizlik limit  qoyulur. Avropa ali təhsil məkanı ilə müəyyən qədər əlaqəsi olan biri kimi deyirəm ki, davamiyyət məsələsi ümumavropa dəyəri deyil. Avropanın bəzi ölkələrində davamiyyət var, bəzisində yoxdur. “Azərbaycanda bunu ləğv edəkmi, saxlayaqmı?” sualına cavab verməkdə çətinlik çəkirəm.

– ADPU-nun iqtisadi durumu nə yerdədir, müəllimlərə verdiyiniz əmək haqqı onları qane edirmi, son illər maaşlarda nə qədər artımlar edilib?

2016-2023-cü illərin iqtisadi vəziyyəti ilə müqayisədə xeyli sağlamlaşma  aparılıb. 2013-cü ildən ali məktəblər özlərini maliyyələşdirməyə keçiblər. Bu gün dövlət ali məktəbə büdcə xətti üzrə köməklik etmir. Universitetlərə maliyyə dövlət sifarişinə ayrılan yerlərə görə təyin olunur. Bir də ödənişli təhsildən daxil olan maliyyə gəliri var. ADPU-nun müsbət dinamikası ondan ibarətdir ki, hər il qəbul planı artır. Builki qəbul planımız 2500 nəfərdir, ötən il isə  2470 idi. Təhsil haqqı 2019-cu ildən sonra sabitləşib: 2 min manatdır. Bunu artırmağı, hələ ki, düşünmürük. Dövlət sifarişi üzrə 3 ixtisasda bir nəfərə düşən dövlət xərcinin miqdarı 1850 manatdır, burada 150 manat fərq edir.  16 ixtisasda isə bir nəfərə düşən dövlət xərcinin miqdarı 1710 manatdır, bu da 290 manat fərq təşkil edir. Deməli, ortalama götürəndə dövlət sifarişi ilə oxuyan hər bir tələbəyə görə, təqribən 260 manat  itiririk.

Amma qeyd etməliyəm ki, ilbəil qəbulumuzun keyfiyyət göstəriciləri yaxşılaşır. Ötən il 2470 yerimiz tam doldu və tələbələrin 74 faizi dövlət sifarişi ilə qəbul olundu. 300 –dən aşağı balla cəmi 200 tələbə qəbul olundu ki, onlar da qabiliyyət tələb edən ixtisasları seçiblər. Bu mənada tələbələrin dövlət sifarişi ilə təhsil alması bizim üçün cəlbedici görünmür. Arzu edərdik ki, ödənişli və ödənişsiz kadr hazırlığında rəqəmlər arasında düz mütənasiblik olsun. İndiki durum hüquqi və ədalət prinsipi baxımından doğru deyil.

– Müəllimlərin əmək haqqında dəyişikliklər varmı?

– 2017-ci ildə siravi müəllimlərimizin əmək haqqı 550 manat idi, hazırda 778 manatdır. 5 il pedaqoji təcrübəsi olan və fəlsəfə doktoru olanların maaşı 2017-ci ildə 615 manat idi, hazırda 850 manat civarındadır. Dosent vəzifəsində çalışan müəllimlərin əmək haqqı 2017-ci ildə 630 manat idi, hazırda 889 manat təşkil edir. Professorlar 2017-ci ildə 655 manat alırdılar, hazırda 1000, 1100 manat alırlar. Bu kifayətdirmi? Xeyr, amma biz bir qərar veririksə, o qərarın arxasında universitetin iqtisadi gücü dayanmalıdır. Ali məktəbin xərcləri və gəlirləri təmin olunmalıdır. Vacib məsələlərdən biri də odur ki, biz yalnız müəllimlərə əmək haqqı verməklə yola davam edə bilmərik. 2017-ci ildən bu günə qədər internetə çıxış sayı və laboratoriyaların sayı artıb. Artıq gələn tədris ilindən bütün binalarda açıq “wi-fi” zona olacaq. “Ali təhsil haqqında” qanun parlamentdədir. Bu günlərdə cənab Prezidentin Sərəncamı ilə təhsil agentliklərinin yaradılması təsdiqləndi.

– Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin istiqamətləri, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin vəzifələri müəyyənləşdi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin vəzifələri artırıldı. Gözləntilər nələrdir, təhsilə yeni “nəfəs” veriləcəkmi?

– Biz yavaş-yavaş ETN-nin mərkəzi icra hakimiyyəti orqanlarını qururuq. İndi agentliyin olması, ayrıca ştat vahidləri artacaq, dəyərli mütəxəssislər cəlb olunacaq. Ali məktəblərlə bağlı siyasət alətlərinin daha da çoxlamasına gətirib çıxaracaq. Bildiyim odur ki, ali təhsildə maliyyələşdirilmənin maliyyə əsaslı olması, yəni ali məktəblərin nəticəsinə görə, hər il elm və tədrisin keyfiyyətinə dəstək verən büdcə vəsaitlərinin artırılması çox yaxşı olardı. Biri var, sadəcə ali məktəblərə kömək edirlər, bu, doğru olmazdı. Amma ali məktəblər öz performanslarını ortaya qoysunlar, o performansa görə yaxşı nəticələri varsa, onlar müvafiq olaraq mükafatlandırılsınlar və rəqabət mühiti güclənsin. Bu gün ali məktəblərin maliyyələşdirilməsi, ali təhsilin qanunvericilik bazasının təkmilləşdirilməsi, ali təhsilin idarəçiliyinin təmərküzləşdirilməsi ciddi ümidlər yaradır. Ali məktəb agentliyi əməkdaşlarının daha proqressiv modellər formalaşdıracaqlarını düşünürəm.

 

– Təhsil tələbə kreditləri ilə bağlı bal limitinin qoyulması müəyyən narazılıqlara yol açır…

– Burada da fikirlər birmənalı deyil. Biz də bunun şahidi oluruq. ADPU-nun tələbə profili elədir ki, onlar daha çox regionlardan gəlirlər. Zəngin ailələrin övladları deyillər. Təhsil haqlarının ödənilməsində tələbə təhsil kreditlərinə daha çox ehtiyac duyulur. Banklar da bu kampaniyaya qoşulsalar, daha yaxşı olardı. Hər bir bank tələbə təhsil krediti verərsə, gözlənilən nəticəni əldə etmək mümkündür.

– AzEdu.az Azərbaycanda “Rektorlar Klubu”nun yaradılmasını təklif edib. Bəzi rektorlar bu təklifə dəstəklərini ifadə etdilər. Siz necə düşünürsünüz, belə bir klubun yaradılması Azərbaycan təhsil həyatında dönüş yarada bilərmi?

– “Ali təhsil haqqında” qanun layihəsində “Rektorlar Şurası”nın yaradılması ayrıca bir maddə kimi nəzərdə tutulub. Bu proses ETN-lə koordinasiyalı şəkildə davam edir. Hazırda “Rektorlar Şurası”nın yaradılması ilə bağlı qərar verilməyib, amma bütün sənədlər hazırlanıb, nazirliyə təqdim olunub. Nazirliyin rəhbər şəxslərinin iştirakı ilə rektorlarla görüşlər keçirilib. Bu yaxınlarda 9 universitet birləşərək, çoxtərəfli memorandum imzaladıq. Yəqin, digər ali məkəblərdə də eyni proses gedir. ADPU  “Rektorlar Şurası”nın tərkibində yaranan komitələrin işini dəstəkləyəcək. Mən bir il müddətinə həmin komitənin sədri seçildim. 1 ildən sonra mandatım bitəcək və digər həmkarım olan tədris işləri üzrə prorektorlardan biri ora yeni sədr seçiləcək. 5 yeni komitə var. Belə bir Şura mövcud olduğu halda rektorlar yığılıb, layihə, tövsiyə və təklif göndərməklə təhsilimizin inkişafı ilə bağlı ortaya ümumi rəy qoya bilərlər.

– İmtahanların sayının çoxluğu elm, təhsil cameəsində, eləcə də, mediada müzakirə olunur. Orta məktəbi bitirdikdə buraxılış imtahanı, sonra qəbul imtahanı, qəbul oldunduqdan sonra hər ay aralıq imtahanı, sessiya imtahanları, – 4 il bu proses davam edir – 4 ilin sonunda dövlət imtahanı, ali məktəbi bitirib işə qəbul olunmaq üçün MİQ imtahanları, işə qəbul olunduqdan sonra sertifikasiya imtahanları. Sizcə, çox deyilmi bu qədər imtahan? Əmək haqqı az, imtahan da çox? Kim bu sahəyə gələr?

– İmtahanların  sayının çoxluğu ilə bağlı fikirlərinizi bölüşürəm. Bunun çox olmadığını demək bir az qeyri-səmimi görünər. Bu, birinci fakt. İkincisi, imtahanların sayının azaldılması ilə bağlı səylər də ortadadır. Qəbul imtahanlarında 700 bal məsələsi tam birləşdirib, bir imtahan altında təşkil olunacaq. Bu istiqamətdə işlər gedir. İkinci yaxşı xəbər odur ki, 2020-ci il təhsil proqramlarına əsasən, – rektorumuz, professor Cəfər Cəfərov bu proqramların hazırlanmasında təhsil ixtisasları qrupuna rəhbərlik edirdi – müəllimlik ixtisasını bitirənlər dövlət imtahanını verməyəcəklər. Gələn il ADPU-dan məzun olan tələbələrimiz dövlət imtahanı verməyəcklər. Builki tələbələrimiz stress yaşadılar. Yekun dövlət imtahanını verdilər, ondan bir az əvvəl magistratura imtahanı vermişdilər. Dövlət imtahanlarından bir az sonra isə MİQ imtahanlarına başlayıblar.

– Bəzi universitetlərdə imtahanlar testlə, bəzilərində yazılı formada təşkil olunur. Sizcə, hansı yol aydınlığa,  hansı yol qaranlığa aparır?

– ADPU tələbələri qiymətləndirmədə ədalətsizliklə bağlı müraciət ediblər. Son imtahan sessiyasında təxminən 3 mindən çox apellyasiya olub. ADPU-da şəffaflıq bizim üçün qırmızı xətdir. Və biz düşünmürük ki, burada bir qayda olaraq, imtahanlar ya mütləq yazılı olmalı, ya da mütləq testlə olmalıdır. Arzumuz odur ki, müəllimlik ixtisasını bitirib, peşəkar müəllim olacaq şəxs qiymətləndirmənin bütün formalarından istifadə etmiş olsun.

– İstehsalat təcrübəsinin az olması da müzakirə olunur. Təcrübə müddətinin uzadılmasına baxıla bilər?

– 2014-cü il standartı ilə tələbələr təcrübəyə 14 həftə gedirlər. Bu, son semestrləri əhatə edir. Problematikdir. Amma mütəşəkkildir, idarə oluna bilir, ali mətkəblər nəzarət mexanizmi tətbiq edə bilirlər. Hər gedən 6-8 nəfərlik qrupa 4 nəfər – ixtisas müəllimi, təcrübə rəhbəri, psixoloq, pedaqoq – gedir. Bakı məktəblərindəki vəziyyəti bilirik, sıxlığı da bilirik. Sıxlıq olan bir sinifdə özünüzü müəllim kimi təsəvvür edin. Bu, mümkündürmü? Bu gün heç kim ucqar kəndlərdə təcrübə keçməkdə maraqlı deyil. Hamı metro şəbəkəsi üzərində olan məktəbələrdə təcrübə keçmək istəyir. Çünki onlar sonuncu kurs tələbələridirlər. Magistratura və dövlət imtahanlarına hazırlaşırlar və ya buraxılış işi yazırlar. Ona görə, bir internatura modeli təklif etmişik. O fikirlərlə razıyam ki, tələbələr məktəblə əvvəldən tanış olmalıdırlar. Pedaqoji internaturada yalnız ad deyil, məzmun dəyişikliyi də olacaq. Ciddi forma dəyişlikliyi təklif edirik. Müəllimlərimiz ucqar rayonlarda olan məktəblərdəki vakant yerlərə getmir.

– Niyə?

– Çünki hamı rahat yaşamaq istəyir. Təsəvvür edin, Qaxın və Gədəbəyin dağ kəndi var, istəyirik ki, nəticələri yaxşı olan tələbələrimiz gedib, orada müəllim kimi çalışsınlar. Bununla bağlı xarici təcrübə var. Həmin tələbələr gündəlik həyat tərzlərini dəyişib, ucqar rayona üz tuturlarsa, onlara yaxşı stimul verilməlidir. Onun yaşama, kirayə və ezamiyyə xərcləri ödənilməlidir. Biz bunun bir formasını düşünməliyik. ETN-lə bir ortaq nəticəyə gəlməliyk ki, bizim tələbələr o məktəblərə getməkdə maraqlı olsunlar. Nəzərə alaq ki, həmin məktəblərdə azərbaycanlı uşaqlar təhsil alırlar. Onlar dərsləri sırf o sahənin mütəxəssisi olan şəxslərdən almırlar.

– “Qarabağa Qayıdış” proqramı ortadadır. Bir az obrazlı desək, Qarabağın damarına yeni qan vurulur. Ölkədə beyin bankının formalaşdırılması təhsilin inkişafından asılıdır. Qarabağda təhsil sistemi yenidən qurulmalıdır. Məktəblər tikilir, ora müəllimlər hazırlanmalıdır.  ADPU-nun bu işdə töhfəsi varmı, olacaqmı?

– Bu sual ən birinci ADPU-ya verilməlidir. On görə ki, biz müəllim hazırlayırıq. İkincisi, mənəvi bir bağımız var. ADPU-nun 1969-cu ildə Xankəndidə bir filialı yaradılıb. Ümummilli Liderimiz Heydər Əliyev 1973-cü ildə həmin filialın bazasında Xankəndi Dövlət Pedaqoji İnstitutu yaradıb. Təəssüflər olsun ki, Xankəndi Dövlət Pedaqoji İnstitutunun Azərbaycan bölməsi qaçqınçılıq yaşayıb, Pedaqoji İnstitutun Şuşa filialı kimi fəaliyyət göstərib. Bizim tələbə və müəllimlərimiz şəhid olublar. Hazırda bizim həmin Şuşa filialımız Ağcabədi filialı kimi fəaliyyətini davam etdirir. Vaxtilə filialımızın yerləşdiyi təhsil ocağı, Əhməd bəy Ağaoğlunun oxuduğu  məktəb sekulyar mətkəb olaraq təmir olunur, sentyabrda açılışı olacaq. Qayıdış proqramında konkret məsələlər var. Ağdamda 3 tanınmış ali məktəbin filialının yaradılması nəzərdə tutulur.  Biz də ADPU olaraq təkliflərimizi vermişik, ETN –nin verdiyi qərara uyğun addımlarımızı atacağıq. Hazırda ADPU-da həm müharibə iştirakçıları, həm qazilər, həm də şəhid qardaş, bacı və həyat yoldaşları təhsil alırlar. 47 belə tələbəmiz var ki, onları diqqətdə saxlayırıq. Əslən azad olunmuş rayonlardan olan tələbələrimizə açıq mesajlar veririk ki, siz ora qayıdacaqsınız.

– Universitetdə müəllimlərin tədqiqat işləri varmı? Yəni müəllim həm dərs keçir, həm də tədqiqat işi aparır. Bu onlar üçün yükə çevrilmir ki?

– Hazırlıqlı, müasir dövrlə ayaqlaşan müəllim üçün yükə çevrilmir. Razıyam ki, burada bir paradoks da var. Və onlar bir-birinə keçmiş vəziyyətdədir. Ali məktəb müəlliminin kollec və ya orta məktəb müəllimindən fərqli odur ki, ali məktəb müəllimi elmi tədqiqatla məşğul olmalıdır. Çünki ali məktəbə yüksəkixtisaslı, elmi dərəcəli müəllimləri işə götürürük. Bundan başqa, elmin maliyyələşdirilməsinə baxsaq, bu mənada, sizinlə razıyam. Bu gün elmi tədqiqatla məşğul olan müəllimləri nə qədər motivasiya edirik, onların elmi nəticələrinə nə qədər dəstək veririk, onlara nə qədər şərait yaradırıq? Burada bizi tənqid edə bilərsiniz. Yaxşı xəbər ondan ibarətdir ki, ali təhsildə elmin maliyyələşdirilməsinin yeni mexanizminə dair təklif hazırlanır. Yəni müəllimin elmi dərəcəsi yüksəldikcə, pedaqoji yükü azalmalıdır.

– Hazırda müəllimliyi bitirmiş məzunların kütləvi işsizlər ordusu yaranıb. Builki MİQ imtahanları zamanı da böyük qalmaqal yarandı. İş axtaranlarla bağlı problemi necə yüngülləşdirmək olar? Nələr təklif edirsiniz?

– Burada yəqin, 10 min vakasiyaya 60 min ərizə verənin olmasından söhbət gedir. Yaxşı olardı ki, ETN-nin İnsan resursları şöbəsi daha dəqiq izahat versin. Onlardan nə qədəri işləyir, nə qədəri sadəcə yerini, ixtisasını və müqavilə statusunu dəyişmək istəyir. Hər il müəllim ixtisasına 10-11 min qəbul olunur. Nəticələri zəif olan ali məktəblərdə bu ixtisasa qəbulu azaltmaq lazımdır. Ümumi rəy ondan ibarətdir ki, vakansiyaların 25 faizini MİQ-lə komplektləşdirə bilmişik. Məktəbəqədər sistemimiz isə, yəqin, 5 faiz də deyil.

-Xaricə “beyin axını” var. Onlar gedib qayıtmırlar, səbəb nədir?

– Bu, xaricdə olan standartların Azərbayanda olmaması, yüksək təhsil alıb, gəlib burada aşağı əmək haqqı ilə çalışmaq istəməməkləri ilə əlaqəndirilir. Doğrudan da, bu amillər mövcuddur. Mən də magistr və doktoranturanı xaricdə oxumuşam. Orada iş təklifləri də almışam. Xaricdə oxumuş hər bir azərbaycanlı gənc ya qayıdıb, dövlətin onu oxutmaq üçün xərclədiyi vəsaitin haqqını ölkəsində işləməklə ödəsin, ya da o pulun dəyərində hansısa tələbələrə təqaüd versin. Dövlət onu xaricdə oxudursa, dolayısı ilə etiraf edilir ki, ölkəmizdə təhsil yaxşı deyil. Dövlət onları ona görə oxudur ki, həmin gənclər qayıdıb, ölkəmizə töhfə versinlər. Oxuyub, xaricdə qalmağı məqbul hesab etmirəm, qayıdıb işləmək lazımdır. Əks təqdirdə, dünya universitetlərinə çatmaq üçün xeyli zamana ehtiyacımız olacaq. O zamanı qısaltmaq üçün həmin gənclər geri dönməldirlər.

 

Bənzər yazılar