Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının proqramına dəyişiklik edilib.

Bu barədə “Qafqazinfo”ya Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

“Aparılan araşdırmalar göstərir ki, dövlət qulluqçularının kompüter və internetdən təhlükəsiz istifadə üzrə baza bilikləri və bu sahədə müvafiq səriştələrinin kifayət qədər olmaması dövlət orqanlarında informasiya təhlükəsizliyi təminatına mənfi təsir göstərir. Məsələnin əhəmiyyəti nəzərə alınaraq dövlət qulluğuna qəbul imtahanlarına informasiya texnologiyalarından (kompüterdən, internetdən, mobil telefondan) təhlükəsiz istifadəyə dair test tapşırıqlarının da daxil edilməsi məqsədəuyğun hesab edilib.

Dövlət qulluğuna qəbul üçün keçirilən test imtahanının informasiya texnologiyaları üzrə proqramına müəyyən dəyişikliklər edilib, imtahan proqramına “İnformasiya təhlükəsizliyi” mövzusu da daxil edilib.

2023-cü il oktyabr ayından etibarən keçirilən imtahanlarda bu mövzuya dair test tapşırıqlarının da istifadə edilməsi nəzərdə tutulur”, – rəsmi məlumatda qeyd edilib.

İmtahana hazırlaşan namizədlər aşağıdakı linkə daxil olub proqramla tanış ola bilərlər:

https://exidmet.dim.gov.az/dqq/Elan/TestImtProq

Bənzər yazılar