Almaniyanın Frayberq Universitetində yüksək təhsilə sahib olan Azərbaycan oğullarından biri də qubalı Rzaqulu idi. Min bir arzu, istəklə Almaniyaya üz tutan azərbaycanlı balasına elə gəlirdi ki, Avropa təhsilinə sahib olsa həyatda çox nailiyyətlər qazana bilər. Əslində Rzaqulu düz düşünürdü. Avropada aldığı yüksək təhsili vətəninin tərəqqisi naminə həyata keçirmək üçün can atan Rzaqulu yaddan çıxarmışdı ki, o, Cümhuriyyət tələbəsidir. Cümhuriyyətə bağlı hər nə var idisə, sovet hökuməti ona qənim kəsilmişdir.
Qubadan başlanan ömür
Həsənov Rzaqulu İsmayıl oğlu 1889-cu il sentyabrın 9-da Qubada anadan olub. Rzaqulunun təhsili ilə bağlı istər Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında, istərsə də Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Arxivində olan şəxsi sənədlərdən belə bəlli olur ki, 1917-ci ildə ilk olaraq orta texniki məktəbdə mexanika təhsilinə yiyələnib. Bu zaman Rzaqulunun 28 yaşı var idi. Sözsüz ki, bu zamana kimi o, “rus-tatar” məktəblərinin birində oxumuşdur. Çünki Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarı ilə Avropaya yüksək təhsil almağa göndərilən gənclərin əksəriyyəti ölkədə mükəmməl təhsil almış gənclər olub.
Rzaqulu da 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən təhsilini davam etdirmək üçün Firidun Əliyev, Zal Məmmədov, Mürsəl və Surxay Şahsuvarov, Cəfər Kazımov və başqa həmyerliləri ilə bir vaxtda Almaniyaya yola düşüb. Almaniyada Frayberq Universitetinin Dağ-mədən mühəndisliyi fakültəsində oxuyan Rzaqulu Həsənovun sonrakı taleyi haqqında Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında yazılıb: “Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra xaricdə dövlət hesabına təhsil alan azərbaycanlı tələbələrin vəziyyətini öyrənən Azərbaycanlı Tələbələr İttifaqının 1923-1925 illər üçün məlumatında onun təhsilinin bitməsinə 1 il qaldığı göstərilirdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdı” (Bax: Azərbaycan Xalq cümhuriyyəti Ensiklopediyası. İki cilddə. I cild. Bakı. “Lider” nəşriyyatı”. 2004.s.427).
Əslində Rzaqulunun sonrakı taleyi vətəni ilə bağlı olub. Amma bu acı taleyi aşkar etmək üçün nəinki günlərlə, hətta aylarla arxivlərdə, kitabxanalarda axtarışlar aparmaq lazım gəlir.
Bir daha qeyd edirəm ki,   olduqca nüfuzlu alimlərimiz tərəfindən hazırlanan Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasının hər iki cildində bir-birini təkzib edən, ziddiyyətli, anlaşılmaz faktlar çoxdur (Əvvəlki məqalələrimin birində bunların bir neçəsini dəqiq göstərmişdim, lazım gələrsə davam edə bilərəm). Qaldı ki, Cümhuriyyət tələbələri ilə bağlı olan yanlışlıqlara, bu ən azından onlar üçün çox böyük hörmətsizlikdir. Çünki əksəriyyəti haqqında “Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır” yazılıb. Hansı ki, onların əksəriyyəti təhsilini başa vurub vətənə qayıdıb (Deməli onlarla bağlı bütün sənədlər, məlumatlar öz arxivlərimizdə, kitabxanalarımızdadır, sadəcə araşdırıb üzə çıxarmaq lazımdır). Uzun illər vətəndə çalışanları, repressiya qurbanı olanları və 1980-90-cı illərə qədər yaşayanları da olub. Bu gün onların vətənimizdə yaşayan övladları, nəvə-nəticələri üçün ataları və babaları haqqında “Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır” yazmaqla, sonrakı acı taleləri sovet dövründəki kimi xalqdan gizlədilmiş olmurmu? Hansı ki, bu ensiklopediyaların hazırlanması üçün dövlətimiz kifayət qədər maliyyə vəsaiti ayırmışdı.
Vətənə dönüş və vətəndən sürgün
Rzaqulu da əksər Cümhuriyyət tələbəsi kimi xaricdə təhsilini başa vurduqdan sonra vətənə üz tutub. 1927-ci ildə ali təhsilli mühəndis diplomu ilə vətənə qayıdan Rzaqulu bir neçə il Bakıda “Stalinneft” və “Kirovneft”də müxtəlif vəzifələrdə çalışmış, hətta mədən müdiri olmuşdur. 1934-cü ildə kommunist neftçini Neftçalaya “26 komissar” adına mədənə direktor təyin edirlər. Bilik və bacarığını əsirgəmədən çalışan neftçi birdən-birə olur “əksinqilabi təşkilatın üzvü” və 1937-ci ilin yay günlərində həbs edilir. Uzun-uzadı dindirilmələr, sorğu-suallar, üzləşmələrdən sonra 1938-ci ilin avqustunda SSRİ Daxili İşlər Komissarlığı Xüsusi Müşavirəsinin qərarı ilə Həsənov Rzaqulu İsmayıl oğlu “əksinqilabi fəaliyyətinə görə” beş il müddətinə islah-əmək düşərgəsinə sürgün edilir.
Müəmmalı ölüm
1950-ci il idi. Rzaqulunun cəza müddəti çoxdan bitsə də ondan bir xəbər yox idi. Ömür-gün yoldaşı Nahidə, qızı Aliyə və Rzaqulunun Qubada yaşayan qardaşı Ağamehdi döymədikləri qapı, yazmadıqları ünvan qalmır. Rzaquludan isə səs-soraq gəlmir. Uzun yazışmalardan, get-gəllərdən sonra 1950-ci ildə Maqadandan ailəyə cəmi bir cümlədən ibarət məktub gəlir. Məktubda yazılıb: “Həsənov Rzaqulu İsmayıl oğlu bəraət alandan sonra vətənə qayıdarkən yolda tif xəstəliyinə tutularaq vəfat etmişdir”.
Cəmi beş ay sonra 1951-ci ilin mart ayında yenə də Bakıya bir məktub gəlir. “Həsənov Rzaqulu İsmayıl oğlu 1939-cu il yanvarın 30-da Vladivostok şəhərindəki islah-əmək düşərgəsində vəfat etmişdi”.
Bütün arzuları, ümidləri məhv olan gənc ailəyə 6 il sonra 1956-cı ildə Azərbaycan SSR Prokurorluğundan Rzaqulunun qardaşı İsmayılov Ağamehdi İsmayıl oğluna tədqiqatçı alim Teyyub Qurban demiş, “əcaib bir məktub ünvanlanır”. Məktubda yazılırdı: “Qardaşınız Həsənov Rzaqulu İsmayıl oğlu Azərbaycan xalqının ən yaxşı oğullarını məhv etmiş vətən xaini Mir Cəfər Bağırovun qurbanı olmuşdur”.
Deyilənlərə görə gələn bu üç təzadlı məktublar belə ömrünün sonuna kimi ömür-gün yoldaşı Nahidə xanımın ümidini qıra bilməmişdir. O, hey deyirmiş ki: “Rzaqulu yalnız vətəni, xalqı üçün çalışıb. Vətən üçün çalışan “xalq düşməni” ola bilərmi? Gec-tez həqiqət aşkar olacaq”.
Doğrudur, həqiqət gec də olsa aşkar oldu. Amma xalqın Rzaqulu kimi savadlı, vətənpərvər, işgüzar yüzlərlə oğulları haqsızlığın qurbanı oldu. Bu gün gənc nəsil bunları bilməlidir ki, bir daha xalqına dost olan, düşmən kəsilənləri tanısın, yeni qurbanlar verməsin.
Qərənfil Dünyaminqızı, Əməkdar jurnalist

Bənzər yazılar