Çinin Azərbaycandakı səfirliyi Xəzər Universitetinin Çin Tədqiqatlar Mərkəzinə Çinin mədəniyyəti, tarixi, dili, cəmiyyəti, siyasəti, iqtisadiyyatı və digər sahələri ilə bağlı 169 adda kitab hədiyyə edib.

Bu barədə  universitetdən məlumat verilib.

Çin Xalq Respublikasının ölkəmizdəki səfiri xanım Qo Min Xəzər Universitetinin rektoruna unvanladığı məktubda bildirib ki, Çin tərəfi Xəzər Universitetində Çin Tədqiqatlar Mərkəzinin fəaliyyətinə böyük önəm verir və inanır ki, Mərkəz Çin mədəniyyətinin, cəmiyyətinin və iqtisadiyyatının Azərbaycanda tanınmasında və Azərbaycan-Çin humanitar münasibətlərinin dərinləşməsində böyük rol oynayacaqdır.

Qeyd edək ki, Xəzər Universitetinin Çin Tədqiqatlar Mərkəzi 2022-ci ilin oktyabr ayında təsis edilib. Mərkəz iki ölkə arasında tarixi əlaqələrin Çin və Azərbaycan mənbələri əsasında araşdırılması, Çin mədəniyyəti, iqtisadiyyatı, Azərbaycan-Çin münasibətləri mövzularında tədqiqat işlərinin aparılması, humanitar, mədəniyyət, təhsil və elm əlaqələrinin dinamik inkişafına dəstək verilməsi istiqamətində fəaliyyət göstərir. Bundan başqa, Mərkəz Azərbaycanda Çin dilinin tədrisinin optimallaşdırılması, təkmilləşdirilməsi və tədris metodlarının tədqiqi, Azərbaycan çinşünaslarının mərkəzin elmi fəaliyyətinə cəlb olunması, Çinin müvafiq tədqiqat və beyin mərkəzləri ilə əməkdaşlığının təmin edilməsini həyata keçirir.

Çin səfirliyi tərəfindən təqdim olunan kitablar Xəzər Universitetində Çin dili və mədəniyyətini tədqiq edən və öyrənən müəllim və tələbələr üçün çox faydalı mənbədir.

 

Bənzər yazılar