Mektebgushesi

Hər il Azərbaycanda dövlət və özəl universitetlərdə oxuyan tələbələrdən bəziləri müxtəlif səbəblərdən təhsil müəssisəsindən xaric olunurlar. Eyni zamanda, bəzi tələbələr təhsil aldıqları ixtisas üzrə təhsilhaqqını ödəyə bilmədiyindən ali məktəbdən imtina edirlər. Bu hal xüsusilə birinci kursda ödənişli təhsil alan tələbələr arasında daha çox müşahidə olunur. Belə ki, ali məktəblərin əksəriyyəti birinci kursda ödənişi tam şəkildə tələb etdiyindən və bəzi ailələrin də bu tələbi yerinə yetirməyə imkanı olmadığından tələbələr təhsildən imtina edirlər. Qeyri-rəsmi məlumata görə, indiyədək 7 mindən çox tələbə məhz təhsilhaqqını ödəyə bilmədiyi üçün təhsildə imtina edib.

Bəs, görəsən, mövcud problemin həlli yolları nədən ibarətdir? Bu il tələbə qəbulunda ödənişli və ödənişsiz ixtisaslara nə qədər plan yeri ayrılıb?

Məsələni qəzetimizə şərh edən təhsil eksperti Kamran Əsədov deyib ki, artıq bu il üzrə ali məktəblərə qəbul prosesi tamamilə başa çatıb: “Bildiyiniz kimi, avqustun 28-də artıq ixtisas seçimi yekunlaşıb. Sevindirici hal ondan ibarətdir ki, ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən ali təhsil müəssisələrinin bakalavr pilləsində ödənişsiz dövlət sifarişli plan yerlərinin sayı 28 minə çatıbdır. Bu kifayət qədər ciddi və böyük bir rəqəmdir. Qeyd edim ki, 2019-cu ilə qədər bu rəqəm cəmi 12 000 idi. Dörd il ərzində ölkə Prezidentinin sərəncamına əsasən ali məktəblərə qəbul olan hər iki nəfərdən biri ödənişsiz, yəni pulsuz oxuyacaq. Digər tərəfdən qeyd edim ki, ixtisas qrupları üzrə, məsələn, I ixtisas qrupunda ali məktəblərə qəbul olmaq hüququ olan şəxslərin 13 minə qədəri tamamilə pulsuz oxuyacaq. Nəzərə alsaq ki, qəbul plan yeri cəmi 18  minə yaxındır və yaxud da ki, IV ixtisas qrupunda ali məktəbə qəbul olan 4000 nəfərdən 3100-ü pulsuz oxuyacaq. Təsəvvür edin, necə yüksək faizdir, yaxud da tibb üzrə qəbul olanların 90 faizindən çoxu pulsuz oxuyacaq. Azərbaycanda ali təhsilin əlçatanlığı tam şəkildə təmin olunub. Bundan başqa, əvvəlki illərdə çox təəssüf ki, biz baxırıq məsələn, 2015-2020-ci  illər ərzində 7 mindən çox şəxs təhsil haqqını ödəyə bilmədiyinə görə ali təhsili yarımçıq qoymuşdu. Ölkə Prezidentinin müvafiq sərəncamına əsasən Təhsil Tələbə Kredit Fondu yaradılıb və təhsil haqqını ödəyə bilməyən şəxslər çox cüzi faizlərlə güzəşt kreditlər şəkilində bu problemi həll edə bilirlər. Məsələn, əvvəllər valideynlər övladlarını yaxşı ixtisas pullu olduğuna görə oxuda bilmirdilər. Əvəzinə o qədər də əmək bazarın tələbinə cavab verməyən, keyfiyyətli olmayan ixtisaslarda pulsuz oxudurdular. İndi isə artıq onlar rahatlıqla pulsuz ixtisasları seçirlər. Dövlət tərəfindən ən yüksək səviyyədə problem aradan qaldırılıb. Demək olar ki, son iki il ərzində ali təhsildən imtina edənlərin sayı ciddi şəkildə azalıb.

Məsələ ilə bağlı təhsil üzrə ekspert Nadir İsrafilov da bildirib  ki, bu istiqamətdə sosial yönümlü siyasət yeridirik: “Büdcə artdıqca sosial sahəyə, o cümlədən təhsilə ayrılan vəsait artır. Ümumiyyətlə, dünyanın bir çox ölkələrində dövlət universitetlərində ödəniş yoxdur. Özəl universitetlər, digər təhsil müəssisələrində başadüşüləndir. Təəssüf ki, ölkəmizdə bütün dövlət təhsil müəssisələrində ödəniş var, həm də bu ödəniş ödənişsiz ixtisasları üstələyir. Dünyanın bir sıra ölkələri ilə müqayisədə bizdə ödəniş yüksəkdir. Ona görə də “beyin axını”nın əsas səbəblərindən biri də bu ödənişin yüksək olmasıdır. Bu baxımdan Rusiyanın, Ukraynanın, Türkiyənin və digər ölkələrin universitetlərinə təhsil almağa gedirlər. Statistikaya baxanda ölkədə dövlət sifarşli yerlərin sayı artırılır. Bir halda ki, bizim təhsil siyasətində əsas məqsəd kimi ali təhsilin hamı üçün əlçatan olması, neft kapitalının insan kapitalına çevrilməsini qoymuşuqsa, bu kurs diqtə edir ki, imkan daxilində ödənişsiz təhsil şəbəkəsini genişləndirək. Burada tələbə kreditləri əlavə yardımdır. Yaxud aztəminatlı, şəhid ailəsi, qazilərə müəyyən imtiyazların verilməsi kimi bu sahədə müəyyən dinamika ildən-ilə hiss olunur. Əgər adında dövlət sözü varsa, demək ki, bu dövlət universitetidir. Yəni bu, dövlətindirsə, burada ödəniş olmamalıdır. Dünya təcrübəsində elə ölkələr var ki, universitet dövlət himayəsindədirsə, onu dövlət təmin edir. Fakt odur ki, ötən illərlə müqayisədə bu sahədə müəyyən irəliləyişlər var. Ümid etmək olar ki, ildən-ilə ödənişsiz yerlərinin sayını artırmaqla tamamilə buna keçmək olar”.

Ekspertin sözlərinə görə, digər bir məsələ də var ki, bizdə bəzi universitetlər publik hüquqi şəxs elan olunub: “Onlar öz müqəddəratını həll etməlidirlər. Bəzi kolleclərə, Dövlət İmtahan Mərkəzinə belə status verilib. Dünya təcrübəsini götürüb belə bir addım atırıq. Məsələn, elə xarici universitetlər var ki, publik hüquqi şəxs statusundadır, ancaq onların büdcəsi bizim ölkənin büdcəsindən qat-qat çoxdur. Bizdə də universitetlərin publik hüquqi şəxs olması o baxımdan yaxşıdır ki, özlərini saxlasınlar, əlavə gəlir əldə etsin. Biz buna nə qədər hazırıq, universitetlərimiz nə qazanır, nə kəşfləri, ixtiraları var ki, özlərini saxlasınlar, tələbəyə təqaüd versinlər, əməkhaqqı versinlər. Dünya təhsil sisteminə inteqrasiya olunuruq, 30 ildən artıqdır ki, müstəqillik əldə etmişik və bəzən bizi universitetlərimizin dünyanın yüksək reytinq siyasına düşməməkdə ittiham edirlər. Əslində, hələ keçid dövrünü yaşayırıq. Biz özümüzü bəzən çalışırıq Harvard, Oksford kimi universitetlərlə müqayisə edək. Həmin ali təhsil ocaqlarının əsrlərlə tarixi var. Yəni, müqayisə apanda bu kimi məsələlər mütləq nəzərə alınmalıdır. Təbii ki, universitetlərimizdə olan zəif inkişaf Milli Məclisdə də dəfələrlə dilə gətirilib. Elm və Təhsil Nazirliyinin müavini də bildirib ki, universitetlərin işini yenidən qurmalıyıq. Əgər ali təhsilin əlçatan olması kursunu götürmüşüksə, tanınmış universitetlərlə rəqabətyönümlü siyasət yürüdürüksə, şübhəsiz ki, dövlətin dəstəyi lazımdır.

İnkişaf yalnız kadr potensialı ilə deyil, bunun üçün maddi-texniki baza, infrastruktur lazımdır. Son 10 ildə büdcədən təhsilə ayrılan vəsait artırılır. Arzuolunandır ki, dövlət universitetlərində ödənişlər ləğv edilsin. Heç olmasa, tədicən bu minimuma endirilməlidir. Heç bir dövlət üçün “beyin axını” yaxşı hal deyil. Nəyə görə bizim də gənclərimiz xaricə axın etməli, o ölkələri təmsil etməlidirlər. Biz çalışmalıyıq ki, yetirmələrimiz Azərbaycanda oxusunlar, burada qalsınlar.

Bəzən görürük ki, tələbə ali məktəbə yüksək balla qəbul olsa da, ödəniş məsələsinə görə qeydiyyata getmir, yaxud I, II kursdan ödəniş edə bilmədiyinə görə təhsildən yayınır. Universitetlər də tələbəni başa düşməlidir. Elə universitetlər var ki, birdəfəlik ödənişi güzəştə gedirlər, ancaq bəziləri bunu etmir və tələbə də məcbur olub təhsilini yarımçıq qoyur. İldən-ilə dövlət hesabına yerlərin sayı artırsa, yəqin ki, tədricən dövlət universitetlərində ödənişsiz təhsil sisteminə keçmək olar”.

Bənzər yazılar