Elm və Təhsil Nazirliyində “İnsan kapitalı və təhsil” işçi qrupunun iclası keçirilib. İclasda “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın 2023-cü il üçün nəzərdə tutulmuş hədəfləri çərçivəsində cari ilin birinci yarımilində monitorinq və qiymətləndirilməsinə dair “XXI əsrin tələblərinə uyğun təhsil” məqsədi üzrə ümumi hesabat müzakirə edilib.

Mektebgushesi.az xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyindən məlumat verilib.

İşçi qrupunun sədri, elm və təhsil nazirinin müavini İdris İsayev “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” və strategiya barədə məlumat verib, bu istiqamətdə təsdiqlənmiş tədbirlər planlarının, o cümlədən “XXI əsrin tələblərinə uyğun təhsil” məqsədi çərçivəsində işlərin vaxtında və effektiv şəkildə icrasının vacibliyini vurğulayıb. İdris İsayev strategiyanın icrasının monitorinq və qiymətləndirilməsinin aparılması üçün ayrıca portalın istifadəyə verilməsinin və nəzarətin onlayn qaydada həyata keçirilə bilməsinin innovativ yenilik olduğunu bildirib.

Daha sonra İşçi qrupunun sədr müavini, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) İqtisadi təhlil şöbəsinin müdiri Günay Quliyeva hesabatla çıxış edib.

İclasda məktəbəqədər təhsilin əhatəliliyinin genişləndirilməsi, pedaqoji və idarəetmə heyətinin peşəkar bacarıqlarının artırılması, keyfiyyətə nəzarət tədbirləri və digər məsələlərlə bağlı çıxışlar edilib, hesabat üzrə müzakirələr aparılıb.

Bənzər yazılar