“English Language Fellow Program” layihəsi əsasında ingilis dilinin tədrisi ilə bağlı proqram çərçivəsində amerikalı alim Tiffani Tillman 2023-2024-cü tədris ilində Azərbaycan Dövlət Neft və Sənaye Universitetində mühazirə oxuyacaq.
Proqramın prioritet istiqamətləri Tiffani Tillmanın ADNSU-nun tədqiqatçıları, doktorantlar və ikinci kurs magistr tələbələri və digər professor-müəllim heyəti ilə akademik məqsədlər üçün ingilis dilinin tədqiqat sahəsində işləməsidir. Həmçinin, məqsəd Qərb elmi ədəbiyyatından daha çox istifadə və sitat gətirməklə azərbaycanlı tələbə və müəllimlərin ingilis dili bacarıqlarını inkişaf etdirməkdir. Tiffani Tillman həmçinin iştirakçılara ingilis dilində elmi məqalələr yazmaqda, ingilisdilli ölkələrdən olan həmkarları ilə əməkdaşlıq etməkdə və ideal olaraq məqalələrinin ingilisdilli resenziyalı elmi jurnallarda dərc olunmasında kömək edəcək.
Tiffani Tillman ADNSU-ya gələrək Beynəlxalq əlaqələr üzrə prorektor, dosent Rafiq Camalov, Beynəlxalq Əlaqələr üzrə prorektor müavini, dosent Ülviyyə Abbasova, “Xarici dillər” kafedrasının müdiri, dosent Fəridə Hüseynova və universitetin digər əməkdaşları ilə görüşüb. Görüşdə ADNSU-dakı təhsil və tədris prosesi, qonağın tədris ili müddətində keçəcəyi mühazirələr haqqında fikir mübadiləsi aparılıb.
Tiffani Tillman 2004 və 2006-cı illərdə Oreqon Universitetində dilçilik üzrə bakalavr və magistr dərəcəsi qazanıb. O, həyatının 13 ilini Qətərdə yerləşən universitetlərin birində müəllim vəzifələrində çalışaraq keçirib. Tiffani Tillman eyni zamanda İngilis Dili Proqramının Akkreditasiyası Komissiyası tərəfindən akkreditə olunmuş Ümumi Avropa Çərçivəsi A1-B1+ səviyyələrindən ibarət bakalavr, dörd səviyyəli İngilis Təqaüd Proqramı üçün kurikulum hazırlayıb və layihələndirib. O, dünyanın bir neçəç qabaqcıl universitetinə uzunmüddətli mühazirələr oxuyub.

Bənzər yazılar