Bu gün Biləsuvar şəhər K.Ağayev adına texniki fənlər təmayüllü internat tipli məktəb-liseyin yeni binasının açılış mərasimi keçirilib.

“Report”un Muğan bürosunun məlumatına görə, mərasimdə rayon icra hakimiyyətinin başçısı Faiq Qürbətov, elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov, Şirvan-Salyan Regional Təhsil İdarəsinin müdiri Sənan Mənsimli, təhsil işçiləri, məktəbin pedaqoji kollektivi və şagirdlər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, əziz xatirəsini yad ediblər. Sonra ulu öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda mübarizədə canlarını qurban vermiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Açılış mərasimdə çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov Bilik Günü və yeni məktəbin açılışı münasibətilə pedaqoji kollektivi, şagird və valideynləri təbrik edərək onlara yeni dərs ilində uğurlar arzulayıb. Bildirib ki, ölkəmizdə təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsinə, bu sahədə keyfiyyətin yüksəldilməsinə göstərilən dövlət qayğısı bir daha təsdiq edir ki, təhsil dövlətin prioritet sahəsidir. Natiq vurğulayıb ki, təhsil müəssisələrinin inşası, əsaslı təmiri, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlər müəllimlərin iş, şagirdlərin təhsil almaq şəraitini yaxşılaşdırmaq baxımından da böyük əhəmiyyət kəsb edir. Təhsil sahəsinin dövlət siyasətinin əsas hissəsi olduğunu əsas tutaraq təhsil işçiləri də üzərlərinə düşən vəzifələri layiqincə icra etməli və hər bir şagirdin elmə, təhsilə mükəmməl yiyələnməsinə, hərtərəfli yetişkin, vətənpərvər, savadlı gənclər kimi hazırlanmasına nail olmalıdırlar.

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin deputatı Bəhruz Məhərrəmov 15 Sentyabr – Bilik Günü və yeni məktəbin açılışı münasibətilə kollektivi təbrik edib, xoş arzularını bildiriblər.

Tədbirin sonunda qonaqlar məktəb binasına baxış keçirib, sinif otaqlarında və fənn kabinetlərində yaradılan şəraitlə tanış olublar.

Qeyd edək ki, 1964-cü ildən fəaliyyət göstərən məktəbin binası yararsız vəziyyətdə olduğu üçün Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına uyğun olaraq 1 fevral 2021-ci il tarixdən məktəbin tikintisinə başlanılıb. Hazırda istifadəyə verilən 624 şagird yerlik məktəb-liseyin yeni binasında sinif otaqlarından əlavə, fizika, kimya, biologiya laboratoriyaları, hərbi hazırlıq, əmək otaqları, kitabxana və oxu zalı, informatika otağı, akt zalı, idman zalı, yeməkxana və 100 yerlik yataqxana inşa edilib. Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xətləri çəkilib.

 

Bizimlə əlaqə saxlayın

Bənzər yazılar