Lənkəran Dövlət Universitetində (LDU) 15 sentyabr Bilik Günü  tədbirini LDU-nun rektoru, professor Natiq İbrahimov açaraq universitetin professor-müəllim-tələbə heyətini, valideynləri yeni tədris ilinin başlanması və Bilk Günü münasibəti ilə təbrik edib.

Universitet rəsmisi I kursa qəbul olunmuş tələbələrə xoş arzularını bildirərək seçimlərində yanılmadıqlarını, bu ali təhsil ocağında kamil mütəxəssis kimi yetişmələri üçün hər cür şəraitin yaradıldığını, lazımi qayğı ilə əhatə olunacaqlarını deyib. Ölkədə təhsilin inkişafına göstərilən dövlət  qayğısından, prezident İlham Əliyevin bu sahəyə yüksək diqqətindən söz açan professor Natiq İbrahimov LDU-da son 5 ildə aparılan çox istiqamətli işlərdən söz açarkən  yeni tədris korpuslarının, tələbə yataqxanalarının inşasını,  modern tədris  laboratoriyalarının quraşdırılmasını, xarici universitetlərlə beynəlxalq əlaqələrin genişləndirilməsini, yeni elmi kadrların hazırlanmasını universitetin inkişafında mühüm  istiqamət kimi dəyərləndirib, bu il istifadəyə verilən 250 yerlik oğlan tələbələr üçün nəzərdə tutulmuş yataqxana binasını  2023/2024-cü tədris ilinin ən uğurlu yeniliyi adlandırıb və bu istiqamətdə işlərin davamlı aparılacağını qeyd edib. Rektor çıxışını valideyn və tələbələrə xoş arzularla bitirərək yeni tədris ilində hamıya uğurlar arzu edib.

Tədbirdə çıxış edən tələbələr bu ada layiq olacaqlarına, kamil mütəxəssis kimi yetişəcəklərinə söz veriblər.

Sonra professor Natiq İbrahimov LDU-ya yeni qəbul olunmuş tələbələr və onların valideynləri ilə görüşərək arzu və təkliflərini dinləyib.

Qeyd edək  ki, hazırda LDU-da 43 bakalavriat, 35 magistr       ixtisaslaşması  üzrə  6 min  nəfərə yaxın tələbə təhsil alır. 2023/2024-cü  tədris ilində  Lənkəran Dövlət Universitetinə   1622    bakalavr ( II turun qeydiyyatı davam edir) və   254 magistr qəbul olunub.

Bənzər yazılar