Azərbaycan Dövlət Pedaqoi Universitetinin (ADPU) Şamaxı filialında “21 Sentyabr – Sülh Günü”nə həsr olunmuş “Biz sülhə səs veririk” mövzusunda dəyirmi masa keçirilib. Tədbirdə filialın direktoru dosent Tünzalə Yusifova, professor-müəllim heyəti və tələbələr iştirak edib.

Əvvəlcə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir  dəqiqəlik sükütla yad edildi. Filialın direktoru dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək bu günün beynəlxalq səviyyədə keçirilməsinin əhəmiyyətindən bəhs etdi. O, qeyd etdi ki, Azərbaycan Respublikasının dövlət siyasəti regionda əbədi sülhün bərqərar olmasına yönəlib və bu kurs müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin və onun  siyasi varisi cənab Prezident İlham Əliyevin apardığı müdrik siyasətin ayrılmaz tərkib hissəsi olmuşdur. Azərbaycan Respublikası hər zaman münaqişələrin  sülh yolu ilə nizamlanması istiqamətində ardıcıl və mühüm addımlar atıb və bu dəst-xətt təcavüzkar Ermənistana qarşı sülh danışıqlarının limiti bitənədək dəyişmədi. O, həmçinin, tələbələrdə insanpərvərlik və sülhsevərlik hisslərini gücləndirmək, onlara sülh mədəniyyəti, vətənpərvərlik, adət-ənənələrə hörmət ruhu aşılamaq, bədii-estetik səviyyələrini yüksəltmək üçün bu tipli tədbirlərin keçirilməsinin əhəmiyyətli olduğunu vurğuladı.

Ardınca Dil-ədəbiyyat və onların tədrisi texnologiyası kafedrasının müdiri Eyvaz Eminaliyev, Humanitar və sosial məsələlər üzrə direktor müavini Şəlalə Seyidova, Kitabxana və elektron resurslar şöbəsinin müdiri Vəsilə Razimi, Sosial və pedaqoji elmlər kafedrasının müəllimi Yaqut Qasımova və tələbələr mövzu ətrafında fikirlərini bildirdilər.  Sonda tələbələrin ifasında  mövzu ilə bağlı şeirlər səsləndirildi.

Bənzər yazılar