Dərc olunub: 04.10.2023

Oktyabrın 3-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin təşkilatçılığı ilə 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibəti ilə “Müəllim ömrü” adlı tədbir keçirilib.

Tədbirdə Univeristet rəhbərliyi, professor-müəllim və tələbə heyəti ilə yanaşı elmi ictimaiyyətin nümayəndələri də iştirak edib.

Fakültənin dekanı dosent Reyhan Ağayeva giriş sözü ilə çıxış edərək, müəllimlərin cəmiyyətin əsas hərəkətverici qüvvəsi olduğunu və respublikamızda müəllimə ən ali dəyərin verildiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən Elm və Təhsil Nazirliyinin Akademik Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru akademik Vaqif Abbasov qeyd etdi ki, müəllim təkcə bilik öyrətmir, bəzən qayğıkeş ana, yolgöstərən ata, sirlərimizi bölüşəcəyimiz yaxın dostumuz olur: “Müəllimlərimiz – bizə cəhalətin qaranlığında mayak olan, həyatın enişli-yoxuşlu, bəzən fırtınalı yollarında əlimizdən tutandır. Onlar bizim parlaq sabahımızın təməlidir.”

44 günlük Vətən müharibəsində canlarından keçən qəhrəman müəllimlərin əziz xatirələrinin anılmasından sonra tədbir “müəllim andı” ilə sona çatdı.

Bənzər yazılar