“Məqsədimiz qlobal bazara çıxış əldə etməkdir. Bunun üçün Kanada və İtaliyanın tanınmış qalereyaları ilə danışıqlar aparırıq”.

Müsahibimiz Azərbaycan Memarlıq və İnşaat Universitetinin IV kurs tələbəsi, gənc startapçı, “Nus Gallery”nin təsisçisi Nigar Novruzzadədir. Nigarın sözlərinə görə, “Nus Gallery”də incəsənət və kommersiyanın vəhdəti yaradılıb.

– Nigar, əvvəlcə oxucularımız üçün “Nus Gallery” haqqında məlumat verməyinizi xahiş edirik.

– “Nus Gallery”nin ideya rəhbəri və təsisçisi mən özüməm. Startapın inkişafına mən I kursdan başlamışam. Startap kommersiya əhəmiyyətlidir, incəsənət və rəsm əsərlərinin rəqəmsal formada satışını həyata keçirir. Platformamız dizaynerlər, rəssamlar, eləcə də incəsənəti sevən şəxsləri bir çətir altında toplamağı hədəfləyir. Bu ilin iyunundan biz ölkə bazarında fəaliyyətə başlamışıq. Platformamızda təcrübəli və ya gənc rəssamlara öz portfoliolarını yaratmağa, sənət əsərlərini satmağa, daha çox kütləyə təsir etməyə imkan yaradırıq. Ən əsası isə qlobal arenaya çıxmaq imkanını tanıyırıq. Buna görə də incəsənət nümayəndələrini bir araya toplamaq üçün tədbirlər həyata keçirir, əməkdaşlıq qururuq. Lokal, eyni zamanda, qlobal işlər görürük.

– Startapınızın genişlənməsi üçün nə edirsiniz?

– Peşəkar komandamız var. Komanda 6 nəfərdən ibarətdir. Bizim hədəf qruplarımız 17-35 yaş arası şəxslərdir. Tək rəssamlar yox, burada, həmçinin qrafik dizaynerlər özünü nümayiş etdirmək imkanı əldə edir. Auditoriyamız artıq genişlənib, incəsənət adamları üçün əlçatanlıq yaranıb. Daha da genişlənmə üçün məlumatlandırma, insanları bu platforma ilə tanış etmək yolunda ciddi işlər görürük. Mütəmadi infosessiyalar keçirir, tələbələri startapımıza cəlb edirik.

– Adətən tələbələr birinci kursda yeni mühiti öyrənməyə, orta məktəbdən daha ağır olan tədris proqramını öyrənməyə meyil edir. Belə gərginlikdə Sizdə startap yaratmaq ideyası necə yarandı?

– Tələbə olana qədər startap barədə anlayışım var idi. Lakin onu gerçəkləşdirmək yolunu bilmirdim. Burada mənə AzMİU-nun Biznes İnkubasiya Mərkəzi dəstək oldu. Onlar mənə startap yaratmaq, onu gerçəkləşdirmək istiqamətində yol göstərdilər. Mərkəzin təlimlərinə, seminarlarına qoşuldum. Qərara aldım ki, ən yaxşı bildiyim sahədə – incəsənətdə nəsə etməyə çalışım. Çünki dizayn ixtisasına yiyələnməmişdən öncə rəsmlə məşğul olurdum. Rəssamlıq mənim ruhumda var, fikir də buradan yarandı. Qlobalda insanların əldə etdiyi şeyləri təəssüf ki, lokalda edə bilmirik. Platforma imkan verir ki, qlobal qalereyalara qeydiyyatdan keçmədən rəssamlar istəklərini yerinə yetirsin.

– Startapınız ölkəmizə nə vəd edir?

– Bu sahədə ilk lokal və aktiv fəaliyyət göstərən startap bizimdir. Mədəni irsi və texnologiyanı sintez edirik və ölkə bazarında bunun nümunəsi yoxdur. Məqsədimiz isə yeni olan bir şeyi inkişaf etdirməkdir. Təəssüf ki, rəssamlar öz əsərlərini asan şəkildə sata bilmir. İş daha çox pərakəndə şəkildə həyata keçirilir. Sosial şəbəkələr üzərində elanlar verilir, hədəf auditoriyasına çatıb-çatmaması sual altında qalır. Biz isə bütün bu çətinlikləri aradan qaldıracağımıza iddialıyıq.

– Gələcəklə bağlı planlarınız nədir?

– Komanda olaraq qarşıya qoyduğumuz məqsədlər var. Biz artıq qlobala çıxmaq mərhələsindəyik. Bunun üçün Avropa bazarlarına çıxış əldə etmək istəyirik. Hazırda Kanada və İtaliyada olan qalereyalarla əməkdaşlıq barədə danışıqlar gedir. Uzunmüddətli planlarımızdan biri budur. Özümlə bağlı gələcək planımda isə İtaliyada magistr təhsili almaq var. Bunun üçün dil biliklərimi artırmaq istiqamətində işlər görürəm. İstəyim, gələcəkdə Art menecer ixtisasına yiyələnərək, qurduğum işə töhfə verməkdir.(Azertac)

Bənzər yazılar