Qəhrəmanlıq nə yalnız bir yüksəliş deməkdir,

Nə də günəşlər kimi parlayıb sönməməkdir.

Bunun üçün ölümə bir atılış  gərəkdir,

Atıldıqdan sonra da bir daha geri dönməməkdir.

Əslində ulduzlar da dərin məna ifadə edərdi,hekayələrini bilənə qədər… Hər ulduzun bir hekayəsi varmış. Bəziləri isə sonun mükəmməl olması adına yarımçıq hekayələrdə yaşamağı seçdilər. Zorla haqsızlığı qəbullanmağı, qəlblərdə yaranan o yanğı hissinin daxilən necə hiss etdirdiyini, bir nəfər üçün min nəfərin özünü fəda etdiyi toplum, birin min olduğu qətiyyətlilik, şansı ummadan özləri yaradan möcüzəvi birlik adlandırardım.

Ulduzlar da gecə olmadan parlaya bilməzdi. Səmanın hər bucağını qoynuna almış ulduzun yoxluğu gecə üçün dözülməz olardı. Və gecənin hər susqunluğu anlayan üçün üsyan, anlamayan üçün isə sadə bir qəbullanışdan fərqi yox idi. Ancaq susmaq heç bir dərdin çarəsi deyildi. Qəlb danışsa nə fayda?  Dərdindən anlayan birisi olmayınca.

Ananın övladı son görüşündə bağrına basarkən duyduğu son qoxu. ”Özünə diqqət et,tez qayıt”  deyərkən gözlərindən süzülən damlalar, ”son görüşüm olduğunu bilsə idim, daha bərk qucaqlayardım”  düşüncəsi ilə hər gecə yuxularına haram qatan ana ürəyi… Düzəlməyəcəkdi,  sadəcə susmağı öyrənirdi yara…

Həmişə “yaxşıyam” deyərdilər. Yaxşı olmadıqlarını bildikləri halda. Açıqlama da verməyə çalışmadılar, onları heç vaxt anlamayacaq insanlara… Və artıq havalar soyuyur. Ana üçün övlad əlləri şərt idi. Ancaq hər nə qədər onlar üçün dözülməz olsa da ,  vətən sevgisi övlad sevgisini üstələyərdi onlarçün.

Hansımızın kaşkisi yox idi ki? Qarabağın, Şuşamızın adı keçən hər kaşkimizin gerçəkliyə qovuşduğu qələbə ilə tanıtdı özünü Azərbaycan…

Bəli, budur…

Əziz Şuşa, sən azadsan!…

Əziz Şuşa,  biz qayıtmışıq!…

Alıyeva Zahidə
Ağdaş şəhər, M.İsayev adına tam orta məktəbin 10-cu sinif şağirdi

Bənzər yazılar