Prezident İlham Əliyevin 20 illik fəaliyyəti dövründə təhsilin inkişafına kifayət qədər önəm verməsinin mahiyyətini ali siyasi rəhbərin gələcəklə bağlı mükəmməl baxışının olması şərtləndirir.

Mektebgushesi.az xəbər verir ki, bunu AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov Prezident İlham Əliyevin 20 illik fəaliyyəti dövründə təhsil tariximizin ayrı-ayrı səhifələrinə nəzər salarkən deyib. O bildirib ki, təhsilin qanunvericilik bazasının formalaşdırılması və təkmilləşdirilməsi istiqamətində 20 il ərzində böyük işlər görülüb. Prezident İlham Əliyev tərəfindən 2013-cü il oktyabr ayının 24-də “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın təsdiq olunması bu sahənin inkişafında yol xəritəsi rolunu oynayıb. Prezident İlham Əliyev 2009-cu il 19 iyun tarixində vətəndaşların Kоnstitusiyada təsbit оlunmuş təhsil hüququnun təmin edilməsi sahəsində dövlət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsinin ümumi şərtlərini müəyyən edən, təhsilin ayrı-ayrı pillələri üzrə müvafiq qanunların və digər normativ-hüquqi aktların qəbul edilməsində baza rоlunu оynayan “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununun qüvvəyə minməsi barədə Fərman imzaladı. Çərçivə qanunu ilə bərabər təhsilin ayrı-ayrı pillələrinin inkişafını təmin etmək, hüquqi bazasını möhkəmləndirmək məqsədilə sahəvi qanunlar da qəbul edilib. 2017-ci il 14 aprel tarixində “Məktəbəqədər təhsil haqqında”, 2019-cu il 29 mart tarixində “Ümumi təhsil haqqında”, 24 aprel 2018-ci il tarixində “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının qanunlarının qəbul edilməsi ilə təhsil islahatlarının daha çevik aparılması, təhsil sisteminin beynəlxalq təcrübəyə uyğunlaşdırılması üçün münbit şərait yaranmış və prosesin davamlılığı təmin edilməkdədir. Dövlət başçımızın təşəbbüsü ilə təhsilin inkişafı məqsədilə konkret dövrləri əhatə edən çoxsaylı dövlət proqramları imzalanaraq həyata keçirilib.

Ölkəmizdə məktəb infrastukturunun yenilənməsinin, müasir məktəb quruculuğu işlərinin geniş vüsət aldığını deyən İlqar Orucov bildirib ki, dövlət başçısı tərəfindən təsdiq edilmiş regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarında məktəb infrastrukturunun yenilənməsinin yer alması ilə son 20 ildə bu istiqamətdə böyük uğurlar əldə edilib. 2003-2023-cü illər ərzində respublika ərazisində 3630 məktəb binası inşa və ya əsaslı təmir edilərək şagirdlərin istifadəsinə verilib. Bu da ölkə məktəblərinin təxminən 80 faizinin təhsil şəraitinin yaxşılaşdırılması deməkdir. Prezidentin daim diqqətdə saxladığı və böyük qayğı göstərdiyi bu sahə Birinci vitse-prezident Mehriban Əliyevanın da hər zaman xüsusi qayğısını hiss edib. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun 2005-ci ildən başlayaraq reallaşdırdığı “Yeniləşən Azərbaycana yeni məktəb” proqramının icrası nəticəsində ən ucqar bölgələrimiz də əhatə olunmaqla 100 mindən artıq şagirdin istifadəsinə verilib, 400-dək məktəb binası tikilib və ya əsaslı şəkildə təmir olunaraq təhsilalanların istifadəsinə verilib.

Heydər Əliyev Fondunun bu istiqamətdə gördüyü işlər, həmçinin “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı” proqramları ilə davam etdirilib, təhsilin birinci pilləsi sayılan məktəbəqədər uşaq tərbiyə müəssisələrinin yenidən qurulması məqsədilə ölkə ərazisində 20-dək uşaq bağçası əsaslı təmir olunaraq müasir avadanlıqla təchiz edilib. Fondun həyata keçirdiyi “Uşaq evləri və internat məktəblərinin inkişafı” Proqramı çərçivəsində 30-dan çox uşaq müəssisəsi əsaslı şəkildə təmir edilib.

Dövlət büdcəsi xərclərinin funksional təsnifatının “Təhsil” bölməsi üzrə xərclərinin hər il məqsədli artımı 2003 və 2023-cü illər üçün statistik göstəricilərə münasibətdə daha aydın göstərir. Belə ki, 2003-cü ilin statistikasına əsasən dövlət büdcəsindən təhsilə ayrılan xərclər təxminən 243 milyon manat təşkil edirdisə, 2023-cü ilin dövlət büdcəsində təhsil xərcləri 4,4 milyard manat olub. Deməli, 20 il ərzində təhsil xərcləri 18 dəfədən çox artıb. Prezident İlham Əliyevin dövlətçilik siyasətində müəllim əməyinin stimullaşdırılması xüsusi önəm daşıyır. Dövlət başçısının imzaladığı müvafiq sərəncamlar əsasında dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin həftəlik dərs yükü norması 1,5 dəfə, aylıq vəzifə maaşları orta hesabla 2 dəfə, eləcə də direktor və direktor müavinlərinin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılıb. Son illərdə müəllimlərin mərkəzləşdirilmiş qaydada işə qəbulu nəticəsində məktəblərə qəbul olunmuş müəllimlərin hər biri sertifikasiyadan uğurla keçib, onların 70-80 faizi 51 və daha çox bal toplayıb, əməkhaqları isə 35 faiz artıb.

“40 mindən çox müəllimin sertifikatlaşdırmaya cəlb edilməsi nəticəsində mövcud pedaqoji heyətin yüksək göstəriciləri ilə onların dərs yükünü artırmaq və beləliklə də, əməyin diferensasiyasını tətbiq etmək mümkün olub ki, hazırda müəllimlərin orta aylıq əməkhaqqı 830 manat təşkil edir. Proses davamlı xarakter daşıyır və həm də cəmiyyətdə müəllim nüfuzunun yüksəlməsi ilə bərabər bu peşəyə marağın artmasına gətirib çıxarıb. Müəllim əməyinə həssas münasibəti və qayğını onların sosial müdafiəsinin gücləndirilməsi məqsədilə verilən qərarlarla bərabər, həm də hər il dövlət başçısının sərəncamları ilə təhsil işçilərinin mükafatlandırılması və təltif olunması da göstərir”, – deyə o əlavə edib.

İlqar Orucov Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu xaricdə təhsil ənənəsini davam etdirən Prezident İlham Əliyevin dövlətimizin gələcəyinə hesablanmış yüksəkixtisaslı, peşəkar kadr hazırlığının dövlət vəsaiti hesabına təmin edilməsini Dövlət Neft Fondunun vəsaitləri hesabına neft kapitalını insan kapitalına çevirmək paradiqması ilə gerçəkləşdirdiyini vurğulayıb: “2007-ci ildən start verilmiş xaricdə təhsil proqramları artıq bəhrəsini verməkdədir. Prezidentin 2007-ci il 16 aprel tarixli Sərəncamı ilə əsas məqsədi ölkədə rəqabət qabiliyyətli iqtisadi sistemin formalaşdırılması və davamlı inkişafın təmin edilməsi baxımından ölkənin müasir tələblərə cavab verən kadrlara ehtiyacının ödənilməsi, Azərbaycan gənclərinin ümumbəşəri dəyərlər əsasında layiqli ali təhsil almaları üçün lazımi şəraitin yaradılması, istedadlı gənclərin dünyanın aparıcı ölkələrində təhsil almaq imkanlarının genişləndirilməsi prosesinin mütəşəkkilliyi və səmərəliliyinin artırılmasını təmin etməkdən ibarət olan “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” təsdiq edilərək və uğurla icra olunub. Dövlət proqramının icrası ilə bağlı bəzi statistik məlumatları qeyd etsək, mənzərə və icra olunmuş proqramın miqyasını daha aydın təsvir etmək mümkün olacaq. Dövlət proqramı çərçivəsində dünyanın 32 təhsiltutumlu ölkəsindən seçilmiş 350-dək nüfuzlu universitetlərdə 3558 nəfərdən 1180 nəfəri bakalavriat, 1430 nəfəri isə magistratura səviyyəsində təhsil alıb. Dövlət proqramı çərçivəsində 692 nəfər təhsilin digər səviyyələrində – aspirantura, ordinatura, rezidentura və doktorantura sahələrində təhsil alıblar. Onlardan 587 nəfər tibb, 27 nəfər elm sahəsi, 22 nəfər iqtisadiyyat və idarəetmə, 17 nəfər hüquq, 14 nəfər sənaye ixtisaslarına yiyələnib. Dövlət proqramı çərçivəsində tərəfdaş proqramlar vasitəsilə ümumilikdə 244 nəfərin xaricdə təhsil xərcləri də dövlət vəsaiti hesabına maliyyələşdirilib. Gənclərimiz üçün növbəti xaricdə təhsil imkanı – “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” Prezidentin 2018-ci il 16 noyabr tarixli Sərəncamı ilə təsdiq edilib”.

İ.Orucov qeyd edib ki, dövlət başçısının 2022-ci il 28 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022–2026-cı illər üçün Dövlət Proqramı” uğurla icra olunmaqdadır. Dövlət Proqramının icrası müddətində hər il 400 nəfərdən çox olmamaqla ümumilikdə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil müəssisələrində bakalavriat və magistratura səviyyələrində təhsil alması təmin ediləcək.

Təhsil eksperti dövlət təhsil siyasətinin strateji istiqamətlərindən biri kimi məktəbəqədər təhsil sisteminin inkişafına xüsusi diqqətlə yanaşıldığını söyləyib: “Artıq 5 yaşlı uşaqların məktəbə hazırlıq proqramı ilə əhatə səviyyəsi 90 faizə çatdırılıb. Azyaşlıların təhsilə cəlb edilməsi istiqamətində həyata keçirilən maraqlı layihələrdən biri kimi ölkə üzrə məktəbəqədər təhsilə əlçatanlığın artırılması, məktəbəqədər təhsilin inkişafı və təhsildə valideynin birgə iştirakını təmin etməklə Azərbaycanda, xüsusilə ucqar və ya əlverişsiz dağ kəndlərində keyfiyyətli təhsil xidmətlərinin həyata keçirilməsi məqsədilə BMT-nin Uşaq Fondunun və Heydər Əliyev Fondunun dəstək verdiyi 2018-2022-ci illəri əhatə edən “İcma əsaslı məktəbəqədər təhsil” layihəsini qeyd edə bilərik. 2018-ci ildə 10 şəhər və rayonda fəaliyyətə başlayan layihə çərçivəsində hazırda 55 şəhər və rayonda 850 icma əsaslı məktəbəqədər hazırlıq qruplarında ümumi uşaq sayı 11 min 535 nəfər təşkil edir. Son 20 ildə ümumi təhsildə məzmun islahatları, infrastruktur yenilənməsi, qanunvericilik təminatı, innovasiyaların tətbiqi, bu sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi sahəsində böyük işlər görülüb, uğurlar əldə edilib. 2003-2005-ci illər ərzində məktəblilərimizin dərsliklərlə pulsuz təmin edilməsi mümkün olub. Həmçinin xarici ölkələrdə yaşayan soydaşlarımızın dərsliklərlə təminatı daim diqqət mərkəzində saxlanılıb, onların dərslik və dərs vəsaitləri təminatını da dövlətimiz davamlı şəkildə qarşılayır”.

Ölkəmizdə olimpiada hərəkatının inkişafına diqqətin artdığını, nəticədə beynəlxalq səviyyəli fənn olimpiadalarında məktəblilərimizin ciddi uğurlar qazandığını vurğulayan ekspert bildirib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə 2019-2020-ci tədris ilindən start götürmüş “STEAM Azerbaijan“ layihəsi uğurla icra edilməkdədir. STEAM şagirdlərdə fənn münasibətləri, yaradıcı düşüncə, tətbiq bacarıqları və mühəndislik səriştələrini aşılayır.

Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə və məhz onun təşəbbüsü ilə ADA Universiteti, Bakı Ali Neft Məktəbi, M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin, İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialları, Azərbaycan-Fransız Universiteti (UFAZ), İtaliya-Azərbaycan Universiteti yaradılıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin siyasi iradələri nəticəsində Türkiyə-Azərbaycan Universitetinin yaradılması istiqamətində işlər davam etdirilir

“Göründüyü kimi, Prezident İlham Əliyevin siyasi fəaliyyəti dövründə vətəndaşın, cəmiyyətin və dövlətin maraqlarını əks etdirən strateji əhəmiyyətli prioritet fəaliyyət sahəsi olan təhsilə xüsusi həssaslıqla yanaşılıb, təhsilin inkişafı naminə ən ali səviyyədə siyasi iradə ortaya qoyulub. İlham Əliyevin 20 illik prezidentliyi dövründə təhsil sahəsində görülmüş işlər, qazanılmış uğurlar növbəti illərdə dövlətimizin daha yüksək nailiyyətlər əldə edəcəyinə və xalqımızın xoşbəxt, firavan gələcəyinə möhkəm təməl yaradıb”, – deyə İlqar Orucov fikrini yekunlaşdırıb.

Bənzər yazılar