Bakı Dövlət Universitetinin (BDU) Sosial elmlər və psixologiya fakültəsinin təşkilatçılığı ilə  “Yeni geosiyasi şəraitdə sosial inkişafın planlaşdırılması və proqnozlaşdırılması yolları” mövzusunda Respublika elmi konfransı keçirilib.

Əvvəlcə Dövlət himni səsləndirilib, torpaqlarımızın azadlığı uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransın açılış mərasimində BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin dekanı Rövşən Cavadov “Dünya siyasətində Qərbi Azərbaycan probleminə münasibətdə fərqli yanaşmaların mahiyyəti və təzahür xüsusiyyətləri” mövzusunda çıxış edib. O bildirib ki, Azərbaycan xalqı uzun illər ermənilərin etnik təmizləmə siyasətinin təsirinə məruz qalıb. Bir vaxtlar böyük əksəriyyətini azərbaycanlıların təşkil etdiyi Ermənistan ərazisində hazırda bir nəfər də olsun azərbaycanlı yaşamır. Əksinə, zorakılıqla öz yurd yerlərindən didərgin salınmış azərbaycanlıların qəbirləri məhv edilib, minilliklər ərzində yaradılmış maddi mədəniyyət abidələri dağıdılıb. Rövşən Cavadov Qərbi azərbaycanlılara qarşı törədilmiş ədalətsizliyi pisləyib, Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz yurd yerlərinə qayıtmalarına şərait yaradılmasını təmin etməyi beynəlxalq təşkilatlar qarşısında qoyulan mühüm tələb hesab edib.

Sosial elmlər və psixologiya fakültəsinin elmi işlər üzrə dekan müavini Qızılgül Abbasova “XX-XXI əsrlərdə Cənubi Qafqazda baş verən sosial-siyasi proseslərin humanitar və sosial tərəfləri elmi paradiqma kimi” mövzusunda çıxış edərək bildirib ki, hazırda Azərbaycan elmi ictimaiyyətinin qarşısında duran əsas vəzifələrdən biri informasiya müharibəsində qələbə çalmaqdan ibarət olmalıdır. Çünki ermənilər dünya ictimaiyyətinə türklərin Cənubi Qafqazda yaşamalarını təsadüfi hadisə, onları öz tarixi, dili, mədəniyyəti və ərazisi olmayan xalq kimi tanıdırlar.

Fakültənin sosial məsələlər və tələbələrlə iş üzrə dekan müavini Nəzakət Kərimova “Heydər Hüseynov fenomeni: sosial-siyasi və tarixi məkanda” mövzusunda çıxışında görkəmli elm xadimi Heydər Hüseynovun həyat və fəaliyyəti haqqında məlumat verib.

Fəlsəfə kafedrasının müdiri Kəmalə Pənahova, Sosial iş kafedrasının müdiri Üzeyir Şəfiyev çıxışlarında Qərbi Azərbaycanın mədəni mühiti və mənəvi dəyərlərinin tədqiq olunmasının, xüsusilə də ölkəmizdə fəlsəfə elminin inkişafında və tədrisində rolu olan Qərbi Azərbaycan əsilli alimlərimizin yaradıcılıqlarının öyrənilməsinin əhəmiyyətindən danışıblar.

Konfrans öz işini bölmə iclasları ilə davam etdirib.

Bənzər yazılar