Oktyabrın 25-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU)  Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) ilə birgə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş “Türk Dünyasının Enerji Lokomotivləri” adlı Beynəlxalq elmi-praktiki konfrans işinə başlayıb.

Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabanda müasir Azərbaycan dövlətinin banisi, Ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib, onun xatirəsini dərin ehtiramla yad ediblər. Sonra onlar görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın xatirəsini anıblar, onun abidəsi önünə gül düzüblər.

Konfrans iştirakçıları Şəhidlər xiyabanını, Türk şəhidliyi abidəsini və 44 günlük Vətən müharibəsində şəhid olmuş ADNSU tələbə və məzunlarının universitetdəki abidə kompleksini ziyarət ediblər.

Universitetin Akt zalında davam edən konfransda öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, Ulu Öndər Heydər Əliyevin, Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün, o cümlədən Türkiyə və Azərbaycanın şəhid qəhrəmanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov açılış nitqi ilə çıxış edərək konfrans iştirakçılarını salamlayıb, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə və Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş belə bir konfransın keçirilməsinin Türk dövlətləri üçün  xüsusi əhəmiyyətini vurğulayıb. Türk dünyası ölkələri arasında bütün sahələrdə, xüsusən də siyasi, iqtisadi, mədəni və hərbi sahələr üzrə əlaqələrin geniş müstəvidə inkişaf etdiyini qeyd edən dosent Vazeh Əskərov Türkiyə və Azərbaycanın eyni platformadan çıxış etməsini regionda təhlükəsizliyin təminatına mühüm töhfə kimi səciyyələndirib. O türk dünyasının birliyinin güclənməsi istiqamətində türkdilli dövlətlərin aktivləşdiyini qeyd edərək bugünkü konfrans çərçivəsində yaradılacaq “Türk Dünyası Dövlətlərinin Enerji Universitetlərinin Assosiasiyasını” mühüm addım adlandırıb. ADNSU-nun rektor əvəzi yeni yaradılacaq Assosiasiyanın türk dövlətlərinin enerji sektorunda, xüsusilə də yaşıl enerjiyə keçiddə əməkdaşlığa töhfə verəcəyinə əminliyini ifadə edib.

Konfrans çərçivəsində ADNSU, Batman Universiteti, Daşkənd Kimya Texnologiya Universiteti, Azərbaycan Texniki Universiteti və AUEZOV Universitetinin iştirakı ilə “Türk Dünyası Dövlətlərinin Enerji Universitetləri Assosiasiyası”nın yaradılmasına dair müqavilə imzalanıb.

İmzalanma mərasimində sonra çıxış edən Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) Bakı Proqram Koordinatoru Fatih Yılmaz, Batman Universitetin rektoru, professor İdris Demir, Daşkəna Kimya Texnologiya Universitetinin prorektoru, professor Ənvər Şırnayev konfransda iştirakdan məmnun olduqlarını və enerji sahəsində xüsusilə də alternativ və yaşıl enerjiyə keçiddə Türk dövlətlərinin birliyinin region üçün mühüm önəmindən danışıblar. Konfrans çərçivəsində yaradılan “Türk Dünyası Dövlətlərinin Enerji Universitetləri Assosiasiyası”nın bu sahədə Türk dövlətləri və bölgədəki enerji əməkdaşlığını inkişaf etdirməklə yanaşı enerji təhlükəsizliyinin təmin olunmasına, enerji mənbələrinin şaxələndirilməsinə öz töhfəsini verəcəyinə ümidvar olduqlarını qeyd ediblər.

ADNSU-nun Energetika fakültəsinin dekanı, dosent Aydın Əliyev “ Heydər Əliyev və Azərbaycanda dayanıqlı energetikanın inkişaf strategiyası” mövzusunda çıxış edib. Türkiyə-Azərbaycan birliyindən və iki ölkənin enerji sahəsində qazandığı uğurlardan danışıb.

Konfrans  bədii hissədən sonra plenar sessiyalarla davam edib.

Qeyd edək ki, ADNSU və TİKA-nın birgə təşkilatçılığı və maliyyə dəstəyi ilə keçirilən ikigünlük beynəlxalq konfransda ölkəmizin bir neçə ali təhsil müəssisəsinin, dövlət və özəl qurumların təmsilçiləri ilə yanaşı, Türkiyə, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Başqırdıstan və digər ölkələrdən qonaqlar iştirak edirlər. Konfrans işinin oktyabrın 26-da başa vuracaq.

 

 

Bənzər yazılar