Təbii hər bir xalqın, millətin taleyində, ağrılı-acılı məqamlarla yanaşı, qürurverici, xoşbəxt günləri də olur. Bizim xalqın da taleyində 28 may və 27 aprel günləri var. 28 may 1918-ci il. Qurtuluş, azadlıq, milli-həmrəylik günümüz! 27 aprel 1920-ci il. Sovet Rusiyası tərəfindən işğal edildiyimiz gün. Tək torpağımızın deyil, mənliyimizin, qürurumuzun, hər şeyimizin istila edildiyi gün.
Hörmətli oxucum, əgər desəm ki, 1991-ci ilin aprelində (Qarabağ müharibəsindən, qanlı yanvar faciəsindən sonra da) 28 apreli bayram kimi, əlamətdar gün kimi xalqa “sırımaq” istəyənlər var idi, yəqin ki, inanmayacaqsınız. Amma təəssüflər ki, bu faktdır.
Bu günlərdə kitabxanada 1990-cı illərdə çap olunan dövrü mətbuatı vərəqləyirdim. Diqqətimi “Azərbaycan kommunisti” jurnalının 1991-ci ildə çıxan aprel və iyun sayları cəlb etdi. Həmin jurnalın iyun ayında (6-cı sayda, səh, 16-24) 28 apreli vəsf edən (məhz 1991-ci ildə ha), onu “əlamətdar gün”, “Azərbaycan xalqının taleyində ümid və arzularının, işıqlı ideyalarının başlanğıc  günü” kimi adlandıran bir məqalə haqqında bəhs etmək istədim.
“Azərbaycan xalqının milli dövlət quruluşunun təşəkkülündə tarixi mərhələ” adlanan məqalənin müəllifi Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi yanında Partiya Tarixi İnstitutunun direktoru, tarix elmləri doktoru Danil Piri oğlu Quliyevdir. Məqalə haqqında danışmazdan əvvəl Danil müəllimin kimliyi haqqında çox qısa məlumat vermək yerinə düşərdi. Çünki onu mənim yaşıdım olan nəsil tanıyır, gənc nəsil yox.
Danil Piri oğlu Quliyev 1923-cü ildə Bakının Əmircan kəndində anadan olub. 1940-cı ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutuna daxil olub. 1947-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsinə daxil olub və III kursdan Moskva Dövlət Universitetinə köçürülüb. Moskvada aspiranturanı qutarıb, müdafiə edib və Bakıya qayıdıb. 1967-ci ildən Kommunist Partiyasının üzvü olan Danil Bakı Ali Partiya məktəbinin rektoru, Azərbaycan SSR Təhsil naziri, Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitənin katibi və s. vəzifələrdə işləyib. 1995-ci ildə təqaüdə çıxıb, Almaniyaya köçüb və 2001-ci ildə dünyasını dəyişib, Berlində dəfn edilib.
Əslində Danil müəllimin bütün məqalələrinin, əsərlərinin məğzi, forması başdan-ayağa sovet ideologiyasına uyğundur. Burada təəccüblü heç nə yoxdur. Çünki, Danil müəllim əməlcə də, amalca da kommunist idi, sovet adamı idi. Amma 1990-cı ilin 20 yanvar faciəsindən sonra Kommunist Partiyasını, Sovet Hökumətini, hətta işğalçı XI Qızıl Ordunu vəsf edəcək məqalələr yazmaq məncə illərlə çörəyini yediyi, suyunu içdiyi Vətənə qarşı ən azı ləyaqətsizlikdir, hörmətsizlikdir, saymazlıqdır, tərbiyəsizlikdir…
D.Quliyev “Azərbaycan xalqının milli dövlət quruluşunun təşəkkülündə tarixi mərhələ” adlandırdığı məqaləsində “Tarixə qara yaxmaq, ağına-bozuna baxmadan Kommunist Partiyasına, Vladimir İliç Leninin şəxsiyyətinə, onun fəaliyyətinə və ideya-nəzəri irsinə böhtan atmaq yaramaz bir dəbə çevrilmişdir” söyləyərək qəzəblə bunun əlehinə çıxırdı. Amma Danil müəllim unudurdu ki, onun öz böyük qardaşları belə bu quruluşu tənqid edərək həqiqəti söyləyirdilər. “Literaturnaya qazeta”nın baş redaktoru Feodr Burlatski sovet quruluşunu “feodal sosializmi”, “feodal-patriarxal uklad” adlandırırdı.
Müəllif daha sonra “Hazırda respublikanın tarixçi və ictimaiyyətçiləri mühitində Azərbaycan tarixinin iki çox mühüm hadisəsini – 28 May 1918-ci il və 28 Aprel 1920-ci il hadisələrini bir-birinə qarşı qoymaq meyli yaranmışdır” – deyərək qəzəblə bildirir ki, “bu iki əlamətdar gün Azərbaycan xalqının tarixində əsl milli bayramdır”. 28 Aprel işğalı Danil müəllim üçün bayram ola bilərdi (oldu da), amma Azərbaycan xalqı üçün uzun illər faciələrə, qətliamlara, dəhşətlərə məruz qalacaq günlərin başlanğıcı idi. Məhz buna görə Azərbaycan xalqı sovet işğalı ilə barışmadı və ona qarşı mücadiləyə qalxdı. Bu mübarizəni, mücadiləni susdurmaq üçün ölkəmizdəki saysız-hesabsız danillər 28 Aprelə hər cür don geyindirməkdən heç utanmadılar. (Yeri gəlmişkən bir faktı da qeyd edim ki, elə öz soydaşlarımızdan da, həmin vaxt 28 Aprelə mədhiyyə qoşanlar da az olmayıb. (Bax: həmin jurnalın 1991-ci ilin aprel ayında (4-cü sayında) “28 Aprel: yol davam edir” məqaləsinə, səh., 3-7. Məqalənin müəllifi, Kamran Nəbi oğlu Rəhimov (Kəngərli).
Maraqlıdır tarixçi-alim D.Quliyev hansı mənbəyə, mənsəbə əsaslanaraq “Azərbaycan Demokratik Respublikasını Azərbaycan Sovet Sosialist Respublikasının  müjdəçisi” adlandırır və “ADR-lə Azərbaycan SSR arasında özünəməxsus bir varislik olduğunu” sübut etməyə calışırdı. “Həm 28 Aprel, həm də 28 May hörmətlə yad edilməyə və onların şəninə xoş sözlər deyilməyə layiqdirlər” söyləyən alim doğrudanmı bilmirdi ki, həmən gün sovetlərin Azərbaycana necə böyük faciələr yaşatdığını?
Tarixçi alim XI Qızıl Ordunu da mələk simasında təsvir edərək son illər onu tənqid edənlərə iradını belə bildirirdi: “Son vaxtlar XI Qızıl Ordubun rolu və 1920-ci il hadisələrində onun yeri haqqında xeyli tənqidi qeydlər, çox zaman isə qərəzli uydurmalar söylənilir”. Danil müəllimin mələk simasında təqdim etdiyi o işğalçı ordu “1920-ci ilin 27 aprelində Bolşevik Rusiyasının silahlı qüvvələri başda XI Ordu olmaqla Azərbaycan sərhədlərini keçib müstəqil bir dövlətin ərazisini işğal etdilər” və yuxarıda qeyd etdiyimiz kimi Azərbaycanı talamağa başladılar. Məhz bu ordunun gücü ilə ölkəmizdə 27 apreldən “Qanlı çar istibdadının yerini bu dəfə ondan daha qanlı bolşevik istibdadı tutdu”. İşğalçılar təkcə “iki gün ərzində Bayıl həbsxanasında 300 nəfəri güllələdilər, 10 minə yaxın insan Sibirə sürgünə göndərildi”. Onların böyük əksəriyyəti işgalı qəbul etməyən ziyalılarımız idi. Bu haqsızlıqlar xalqı daha da hiddətləndirdi. Azərbaycanın hər yerində rejimə qarşı üsyanlar baş verdi.
Danil müəllim də yazırdı ki, “XI Qızıl Ordu da bu üsyanları yatırmaq, xalqa kömək etmək üçün gəlmişdir”. O, xalqa “köməyə” gələn işğalçı ordu təkcə “1920-ci ilin Aprelin 28-dən 1921-ci ilin avqustuna qədər Azərbaycanda 48 min nəfərin həyatına son qoydu. Təkcə Gəncə üsyanında 10 minədək soydaşımız həlak oldu”. Çox güman ki, Danil müəllim bunları bilməmiş olmazdı. Axı o, tarixçi idi və bunu da bilərdi ki, “Azərbaycanı Azərbaycan türklərindən təmizləmək siyasətini yürüdən Sovet hökuməti” bu çirkin siyasətini həyata keçirmək üçün hər cür alçaqlığa əl atdı.
Müəllif məqaləsinin sonunda yazırdı ki, “Sovet Hökuməti Azərbaycanda dövlət orqanlarının “türkləşdirilməsi”, kadrların azərbaycanlılar arasından seçilməsi, kargüzarlıq işlərinin Azərbaycan dilində aparılması prosesini çox müvəffəqiyyətlə həyata keçirirdi”. Burda rəhmətlik nənəmin tez-tez işlətdiyi sözü yadıma düşdü: “Yalançının atasına lənət”. İşğaldan dərhal sonra uzun illər Azərbaycana ermənilər, ruslar, Sergey Mironoviç Kirov kimi dədəsi, nənəsi bilinməyənlər rəhbərlik etdilər. Yox, buna rəhbərlik demək yanlış olardı, parçaladılar, hökm sürdülər.
Məqaləni sona kimi oxudum. Hər sətir, hər söz belə məni əsəbləşdirsə də təəccübləndirmədi. Çünki onun müəllifi canı, qanı ilə “böyük qardaş”ına bağlı olan Danil idi. Məni təəccübləndirən o oldu ki, bu məqaləni çapa məsləhət görənlər də, icazə verənlər də (baş redaktor, redaksiya heyyəti, məsul katib) öz soydaşlarımız idi. Təəssüf sapı özümüzdən olan baltalar. Dünəndə olub, bu gün də var, sabah da olacaq.
Qərənfil Dünyamin qızı, Əməkdar jurnalist

Bənzər yazılar