Bakı Dövlət Universitetində (BDU) 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib. Əvvəlcə Dövlət himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

BDU-nun rektoru Elçin Babayev qeyd edib ki, 2020-ci il sentyabrın 27-də mənfur erməni qəsbkarlarının növbəti hərbi təcavüzünə cavab olaraq Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə başlayan əks-hücum əməliyyatları 30 ildir yağı tapdağında olan ərazilərimizin azadlığı uğrunda ölüm-dirim savaşına çevrildi: “Vətən müharibəsinin ilk anlarından Müzəffər Ali Baş Komandanımızın verdiyi müdrik və cəsarətli qərarlar sayəsində düşmənin müdafiə xətti yarıldı. İldırımsürətli müharibə planı ilə hərəkət edən peşəkar, cəsur Azərbaycan ordusu döyüşlərin başladığı ilk gündə strateji Murov zirvəsində, Füzulidə, Cəbrayılda, sonrakı günlərdə isə Suqovuşanda, Hadrutda, Xocavənddə, Zəngilanda, Qubadlıda üçrəngli bayrağımızı ucaltdı. Noyabrın 8-də Qarabağın ürəyi Şuşanın, cəmi bir gün sonra isə 72 yaşayış məntəqəsi və 8 strateji yüksəkliyin azad olunması ilə düşmən kapitulyasiya aktını imzalamağa məcbur oldu.  Bununla da Azərbaycanın dünya birliyi tərəfindən tanınan ərazi bütövlüyü təmin olundu, 30 illlik müharibə ölkəmizin parlaq qələbəsi ilə başa çatdı. Və nəhayət, bu ilin sentyabrında heç 24 saat belə çəkməyən lokal antiterror əməliyyatı ilə düşmənin silahlı dəstələri və separatçı rejimin qalıntıları tamamilə darmadağın edildi. Oktyabrın 15-də Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən əzəli torpaqlarımız olan Xankəndi, Xocavənd, Xocalı, Ağdərə, Əsgəranda üçrəngli bayrağımız əbədi ucaldıldı və suverenliyimiz bərpa olundu. Adı dünya hərb tarixinə qızıl hərflərlə yazılan Müzəffər Ordumuz 44 günlük Vətən Müharibəsi ilə bütün dünyaya cəsarətli və ədalətli müharibə aparmağın örnəyini göstərdi, heç bir halda mülki əhalini hədəf seçmədiyini nümayiş etdirdi”.

Rektor vurğulayıb ki, bu müddət ərzində Azərbaycan Respublikasının Prezidenti diplomatiya cəbhəsində də mübarizə apardı, ölkəmizə olan təzyiqlərə, təsirlərə qarşı özünün siyasi iradəsini, əzmkarlığını nümayiş etdirdi: “Ön cəbhədə olduğu kimi, diplomatik cəbhədə də bütün şərtləri qüdrətli Azərbaycan dövləti diktə etdi. Məhz bu hərbi-siyasi mübarizənin nəticəsində regionda yeni düzən, fərqli geostrateji şərait yarandı. Azərbaycanın bugünkü nailiyyətlərinin, şanlı Qələbəmizin təməlində əsası 1993-cü ildə Ulu Öndərimiz Heydər Əliyev tərəfindən qoyulmuş sarsılmaz xalq-iqtidar birliyi dayanır”.

Elçin Babayev xatırladıb ki, BDU kollektivi Vətən müharibəsi günlərində həm ön, həm də arxa cəbhədə fədakarlıq göstərib. Universitetin 22 məzun və tələbəsi şəhidlik zirvəsinə ucalıb: “Onların və bütün şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında əbədi yaşayacaq. Hazırda biz cənnətə çevrilən azad Qarabağımızda və Şərqi Zəngəzurda geniş vüsət alan böyük quruculuq işlərinə şahidlik edirik. Qədirbilən xalqımız torpaqlarımız uğrunda şəhid olan soydaşlarımızı heç zaman unutmayacaq, onların işıqlı və əziz xatirəsini həmişə yaşadacaq”.

Daha sonra Milli Məclisin üzvü, BDU-nun İctimai Nəzarət Şurasının sədri Arzu Nağıyev Zəfər Gününün şərəf, namus, qeyrət bayramı olduğunu qeyd edib. O diqqətə çatdırıb ki, bu qələbə Müzəffər Ali Baş Komandanın qətiyyəti, Ordumuzun əziyyəti və şəhadəti şərəf sayan xalqımızın vəhdəti ilə qazanılıb.

Müdafiə Nazirliyinin Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunun rektoru, general-mayor Arif Həsənov Vətən müharibəsinin dünya hərb tarixinə gətirdiyi yeniliklərlə də yaddaşlara yazıldığını vurğulayıb: “Bu qədər qısa zamanda belə böyük ərazinin azad edilməsi dünya müharibə tarixində görünməmiş işdir. Bir neçə rayonun silahsız azad edilməsi, çətin relyefə malik Şuşanın ordumuzun qol gücünə alınması Vətən müharibəsinin misli görünməmiş hərbi əməliyyat olduğunu sübut edir”.

General-mayor Arif Həsənov Vətən müharibəsində qazanılan qələbədə BDU-nun xüsusi xidmətlərinin olduğunu xatırladıb. Qeyd edib ki, Azərbaycan ordusunun sıralarında BDU məzunlarının sayı çoxdur. Onların arasında hətta general rütbəsinə qədər ali hərbi rütbəlilər var. O, BDU-nun vətənpərvərlik ruhunun qaldırılması sahəsində fəaliyyətinin də öz bəhrəsini verdiyini deyib.

Milli Müdafiə Universitetinin Hərbi Elmi-Tədqiqat İnstitutunun ümumi işlər üzrə prorektoru, polkovnik, Vətən Müharibəsi Qəhrəmanı Nizami Mövlanov, BDU-nun Politologiya və sosiologiya kafedrasının dosenti Mehman Həsənov, Xüsusi Təyinatlı Qüvvələrin polkovnik-leytenantı, Vətən müharibəsi qəhrəmanı Ramiz Cəfərovun övladı, Beynəlxalq münasibətlər və iqtisadiyyat fakültəsinin III kurs tələbəsi Rəbiqə Salayeva, Geologiya fakültəsinin II kurs tələbəsi, Vətən Müharibəsi qəhrəmanı Musa Abbasov çıxışlarında Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın qətiyyəti, xalqımızın sarsılmaz birliyi və əsgərlərimizin qəhrəmanlığı sayəsində əldə etdiyimiz Zəfərə gedən yoldan, əsgərlərimizin şücaətindən, Azərbaycan dövlətinin şəhid ailələrinə və müharibə iştirakçılarına diqqət və qayğısından qürurla bəhs ediblər.

Tədbir BDU-nun Mədəniyyət Yaradıcılıq Mərkəzinin hazırladığı ədəbi-bədii proqramla davam edib.

Bənzər yazılar