Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 8 Noyabr – Zəfər Günü münasibətilə “Dəmir yumruq” adlı tədbir keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, ulu öndər Heydər Əliyevin və  torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

AzMİU-nun rektoru professor Gülçöhrə Məmmədova  açılış nitqi ilə çıxış edərək bütün xalqımızı Zəfər bayramı münasibətilə təbrik edib, müstəqilliyimizin əbədi olmasını arzulayıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Ordumuzun  dünya hərb tarixinə düşən tarixi qələbəsindən danışıb: “Prezident İlham Əliyev üçrəngli Azərbaycan  bayrağını Xankəndidə dalğalandıracağımıza söz vermişdi. “Sözümüz imzamızdır!” – deyən Prezidentimiz artıq bunu reallığa çevirib. Biz Xocalı və Xankəndidə dalğalanan bayrağımıza baxıb fəxr edirik. Bütün dünya, o cümlədən düşmən artıq bu reallıqla barışıb, razılaşıb”.

“44 günlük Vətən müharibəsində AzMİU-nun məzun və tələbələri də böyük igidlik və şücaət göstərib. Vətən müharibəsində və ondan sonraki dövrlərdə həyata keçirilən əməliyyatlarda AzMİU-nun 27 tələbə və məzunu şəhidlik zirvəsinə ucalıb. Bizlər, bütöv Azərbaycan üçün canlarını fəda etmiş bütün şəhidlərimizin ruhları qarşısında baş əyirik”, – deyən rektor qeyd edib ki, AzMİU-da şəhidlərin xatirəsi hər zaman uca tutulur, onların vətənpərvər ruhunun tələbələrə təbliği istiqamətində bir sıra işlər görülür.

Vətən müharibəsində şəhid olmuş AzMİU tələbə və məzunlarının hər birinin ad və soyadını səsləndirən rektor doğma universitetlərinin onların xatirəsini hər zaman yaşadacağını vurğulayıb: “Ramil Ağayev, Zaur Dövlətov, İsmayıl Kərimli, Samir Xəlilli, Nurlan Zeynalov, Rafiq Heydərov, Kəmaləddin Məmmədzadə, Eltac Əlizadə, Elsevər Əhədzadə, Rauf İbadov, Osman Cəfərov, Səmural Fətəliyev, Kənan Həsənov, Elnur Şirinzadə, Emin Qədirov, Azad Bəkirli, Rafael Mailov, Qoşqar Ömərov, Elçin Həsənli, Cavanşir Əhmədov, Xəyal Həsənov, Zahid Zairli, Nahid Məmmədov, Niyaməddin Sultanzadə, Vüsal Kazımov, Polad Şirinov və Nicat Qasımlı”.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini, millət vəkili Hikmət Babaoğlu çıxışında Vətən müharibəsində, lokal antitteror əməliyyatlarında əldə etdiyimiz qələbənin dövlətimiz üçün siyasi dividendlərindən danışıb: “Prezident İlham Əliyevin hakimiyyəti dövründə Silahlı Qüvvələrimizin döyüş qabiliyyəti, hərbçilərimizin peşəkarlığı, bilik və təcrübi bacarıqları daima təkmilləşdirildi, hərbçilərimizin xidmət və məişət şəraitinin yaxşılaşdırılması həmişə diqqət mərkəzində saxlanıldı. Beləliklə, Milli Ordumuz ən mürəkkəb tapşırıqları icra etməyə qadir olan dünyanın ən güclü orduları sırasına daxil oldu. Nəticədə Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi altında son iki yüzillik tariximizin elə bir Zəfər tarixini yazdı ki, bu Zəfər xalqımızı məğlub edilmiş xalqdan qalib xalqa çevirdi. İşğalçı Ermənistan və hamiləri unuda bilməyəcəkləri dərs aldı”.

Milli Müdafiə Universiteti Hərbi Elmi Tədqiqat İnstitutunun rektoru, general-mayor Arif Həsənov çıxışında Ordumuzun uğruna diqqət çəkərək hərbi təcrübəmizin dünya ölkələri tərəfindən tədqiq olunduğunu qeyd edib: “Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Ermənistan silahlı birləşmələrinin təxribatlarına qarşı başlayan əks-hücum əməliyyatlarında – 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu 30 ilə yaxın müddətdə düşmən işğalında olan tarixi torpaqlarımızı azad etdi. Ali Baş Komandanın müdrik və uzaqgörən siyasəti, ordumuzun gücü sayəsində Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. İşğaldan azad olunmuş tarixi torpaqlarımızda bu gün üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Şübhəsizdir ki, Ordumuzun 44 günlük Vətən müharibəsində göstərdiyi peşəkarlıq dünya hərb strategiyası tədqiqatçılarının əsas mövzularından biridir. Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu peşəkar və ədalətli döyüşdü”.

Universitetimizin magistrantı, Vətən müharibəsi iştirakçısı Fariz Əzizov da çıxış edərək müharibə və döyüş yolu  ilə bağlı öz xatirələrini bölüşüb.

Çıxışlardan sonra tədbir bədii hissə ilə davam edib.

Bədii hissədə tələbələr vətənpərvərlik mövzusunda şeirlər səsləndirib,  ədəbi-bədii kompozisiya nümayiş etdiriblər. Həmçinin istedadlı tələbələr “Yada sal məni”, “Xudayar təsnifi”, “Çırpınırdı qaradəniz”, “Azərbaycanım”, “Azərbaycan oğluyam” mahnılarını ifa ediblər.

 

Bənzər yazılar