Noyabrın 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektor əvəzi, dosent Vazeh Əskərov Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar və rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Qonaqları universitetdə salamladıqdan sonra dosent Vazeh Əskərov ADNSU-nun yaranma tarixi, tədris prosesi, ixtisaslar, universitetin beynəlxalq əlaqələri və ikili diplom proqramları, eləcə də ADNSU-nun nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) haqqında ətraflı məlumat verib. Türkiyənin bir çox ali təhsil müəssisələri ilə əlaqələrin olduğunu deyən dosent Vazeh Əskərov Ankara Universiteti ilə də bir sıra prioritet istiqamətlərdə əməkdaşlığın genişləndirilməsinin, o cümlədən birgə elmi-tədqiqat işlərinin aparılmasının önəmindən danışıb.

ADNSU-da olmaqdan məmnun olduğunu deyən Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar Azərbaycanda bir neçə universitetlə müxtəlif sahələrdə mövcud elmi əməkdaşlıqlarının olduğunu, lakin neft və sənaye üzrə əməkdaşlığın olmadığını bildirib. Bu səbəbdən də hər iki ali təhsil müəssisəsinin mövcud fakültələri arasında qarşılıqlı, faydalı əməkdaşlığa əsaslanan elmi-tədqiqat işlərinin aparılması, layihələrin yerinə yetirilməsi, həmçinin professor-müəllim heyətinin mübadiləsində maraqlı olduqlarını bildirib.

Görüşdə, həmçinin universitetlər arasında əməkdaşlıq oluna biləcək istiqamətlər üzrə fikir mübadiləsi aparılıb. Yüksək ixtisaslı kadrların hazırlanması, tədrisdə yüksək texnologiyaların tətbiqi və birgə elmi tədqiqat işlərinin həyata keçirilməsi, beynəlxalq təcrübənin tətbiqi və digər mövzular müzakirə edilib.

Sonra Ankara Universitetinin rektoru, professor Necdet Ünüvar ADNSUnun 100 illik yubiley medalı ilə təltif edilib. Görüşün sonunda tərəflər bir-birinə xatirə hədiyyələri təqdim ediblər.

Qonaqlar universiteti gəzərək daha yaxından tanış olublar, ADNSU-nun Tarix muzeyini ziyarət edib Azərbaycan-Türkiyə Dostluq Mərkəzində dərs prosesini izləyiblər.

Bənzər yazılar