Dövlət, müəllimlik peşəsinə marağı artırmaq üçün tələbələrə müəllimin əmək haqqının yarısı həcmində təqaüd ayırır.

Sinqapurda şagird təhsil prosesinin mərkəzində dayanır. Amma şübhə yoxdur ki, müəllim şagirdin biliyini inkişaf etdirən açar, əsas aparıcı güc sayılır və bu güc daim dəstəklənir. Diqqət yetirək: Müəllimlər yüksək əməkhaqqı alırlar. Amma yüksək əməkhaqqı hələ müəllimin son maddi qazancı deyil. Onlar dövlət tərəfindən maliyyələşən layihələrə də cəlb edilirlər. Müəllimlərin peşəkarlıq bacarıqlarının inkişaf etdirilməsi də dövlətin diqqətindədir. Təhsil idarəediciləri düşünürlər ki, dünya təhsilində baş verən yeniliklər daim izlənməli və onların ölkəsi üçün vacib olan məqamlar heç bir halda diqqətdən yayınmamalıdır. Müəllimlər yenilikləri öyrənməyə cəlb olunmalıdırlar ki, onu tədrisə tətbiq etmək mümkün olsun. Doğrudur, ölkədə müəllimlər müstəqil olaraq da öyrənməyə, ixtisasartırmaya təşviq edilirlər, amma dövlət də bu məsələni, qeyd etdiyim kimi, nəzarətində saxlayır. Müəllimin özünüinkişafı hər bir halda vacibdir. Sinqapurlu müəllimlər il ərzində dövlət hesabına 100 saatlıq peşəkar inkişaf proqramından bəhrələnmək imkanına malikdirlər. Ölkədə fəaliyyət göstərən müəllim icmaları da bu işlə məşğul olur. Bu icmalarda yüksək peşə hazırlığına malik olan müəllimlər təmsil olunurlar. Yəni, müəllimlərin bir-birindən öyrənmək təcrübəsi də var və buna da önəm verirlər. Sinqapurda dörd müəllim dərəcəsi var: Teacher, Senior, Lead, Master Teacher. Dərəcələr yüksək peşəkarlıq səviyyəsinə malik qruplar tərəfindən müəyyənləşir.

Ümumiyyətlə, Sinqapurda müəllimlərin peşəkar təkmilləşməsi sahəsində aparılan işlərin əhatəsi genişdir və onların bəzilərini qeyd etmək yerinə düşər:

  • Müəllimlərə həmkarları ilə əməkdaşlıq, eləcə də praktik tədqiqatlar üçün zaman nəzərdə tutulur;
  • Məktəb rəhbərləri və müəllimlər üçün bütün təhsil proqramları dövlət tərəfindən maliyyələşdirilir;
  • Təhsil Nazirliyi tərəfindən müəllimlər üçün Müəllimlərin Şəbəkələşməsi resursu yaradılmışdır. (Ministry of Education Teachers Network). Müəllimlər bu şəbəkə vasitəsilə öz praktik işləri üçün təlimat, məlumat, həmçinin müxtəlif vacib resurslar əldə edə bilərlər;
  • Təqaüdlər və elmi məzuniyyətlər dövlət tərəfindən maliyyələşdirilir;
  • Milli Təhsil İnstitutunun Təhsil Nazirliyi ilə birgə diplom proqramları və kursları mövcuddur;
  • Magistraturada qiyabi təhsil alan müəllimlərin məktəbdə dərs yükü azaldılır;
  • Sinqapur Müəllimlər Akademiyası tərəfindən, müəllimlərə resurs dəstəyi də daxil olmaqla, metodiki dəstək göstərilir.

Buradan da görünür ki, Sinqapurda təhsilin inkişafı üzrə milli strategiyanın ən mühüm hədəfi müəllimlərin fasiləsiz təhsilinin səmərəli təşkil edilməsidir. Təhsil mütəxəssislərinin fikrincə, bu, pedaqoji kadr çatışmazlığı, müəllimlərin peşəkarlıq səviyyəsinin yüksəlməsi, eləcə də müəllim nüfuzu ilə bağlı yarana biləcək problemlərin aradan qaldırılmasında mühüm əhəmiyyətə malikdir. Sinqapurda hesab edirlər ki, müəllimin nüfuzu ölkənin milli qürurudur. Məhz müəllimin sayəsində, bir zamanlar bütün cəhətlərdən geridə qalmış post-müstəmləkə ölkəsi kəskin sosial-iqtisadi sıçrayışla dünyanın ən çiçəklənən ölkələrindən birinə çevrilə bilib.

Dövlət, müəllimlik peşəsinə marağı artırmaq üçün tələbələrə müəllimin əmək haqqının yarısı həcmində təqaüd ayırır.

Sinqapurda müəllimlik peşəsənə marağı artıran amillərdən biri də, Stenford Universitetinin professoru Linda Darling-Hammondun sözləri ilə ifadə etsək, məzunların işədüzəlmə təminatıdır. Ölkədə pedaqoji kadrların işlə təmin olunmasının perspektiv planlaşdırma sistemi fəaliyyət göstərir. (Pedaqoji ixtisaslara yeni tədris ili üçün vakant yerlərin sayı pensiyaqabağı yaşda olan müəllimlər və doğum statistikası əsasında mərkəzləşdirilmiş qaydada müəyyənləşdirilir). Əldə olunmuş nəticələr əsasında aparılan planlaşdırma və bölgü sayəsində məzunların işlə təminatı sahəsində problemlər yaranmır.

Kadrlarla bağlı bütün suallar, eləcə də pedaqoji fakültələrə tələbələrin qəbulu məsələləri ilə Təhsil nazirliyi məşğul olur. Prinsipial məsələlərdən ən vacibi bundan ibarətdir ki, nazirlik pedaqoji təhsilə ən yaxşı məzunları – orta məktəbi əla qiymətlərlə bitirmiş şagirdləri qəbul edir. Diqqət çəkən məqamlardan biri də nazirliyin gələcək müəllimləri hələ diplom almadan işə götürməsidir. Sinqapurda pedaqoji kadr hazılığı yalnız bir təhsil müəssisəsində – Nanyan Texnologiya Universitetinin Milli Təhsil İnstitutunda həyata keçirilir. Bu, pedaqoji kadrlara olan tələbatı ödəyir.

Bir maraqlı fakt da bundan ibarətdir ki, pedaqoji təhsilə qəbul zamanı abituriyentin topladığı bal, eləcə də onun orta məktəbdəki nailiyyətləri kifayət etmir. Pedaqoji təhsilə qəbul olmaq üçün başlıca rolu abituriyentin motivasiyası oynayır. Abituriyent sübut etməlidir ki, o, müəllim işləmək arzusundadır və buna qəlbən, ruhən hazırdır. Beləliklə, ən yaxşı namizədlər qəbul imtahanına buraxılır. Müəllimlərdən və Təhsil nazirliyinin əməkdaşlarından ibarət komissiya abituriyenyin psixoloji portretini, motivasiyasını, peşəkar uyğunluğunu, fərdi təlim səriştələrini (ünsiyyət qurmaq bacarığı, öyrənmək, məlumatları təhlil etmək, yaradıcılıq qabiliyyətlərini) müəyyənləşdirir. Pedaqoji sahəyə qəbul olmaq üçün abituriyentlər qarşısında qoyulan ciddi tələblər bu sahədə gələcəkdə əsl peşəkarların yetişməsi üçün zəmin yaradır.

 

Böyükağa MİKAYILLI,

Təhsil sahəsi üzrə tədqiqatçı-jurnalist

 

Bənzər yazılar