Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi ilə Türkiyənin turizm və inşaat sektorlarında fəaliyyət göstərən şirkətləri arasında əməkdaşlıq istiqamətində görüş keçirilib.
Peşə Təhsil Mərkəzindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, Türkiyənin “ASA HRM Danışmanlık” şirkətinin rəhbərliyi əvvəlcə Mərkəzin maddi-texniki bazası, infrastrukturu ilə yaxından tanış olub. Mərkəzdə keçirilən görüş zamanı əməkdaşlıq imkanları istiqamətində geniş müzakirələr aparılıb. Bildirilib ki, bu əməkdaşlıq Mərkəzin mövcud ixtisaslarına uyğun istehsalat təcrübəsi, dual təhsil proqramı və ən başlıcası, məzunların məşğulluq imkanlarının əldə olunmasına xidmət edir.
Qeyd edək ki, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi Türkiyənin tanınmış işəgötürən şirkətləri ilə 2021-ci ildən əməkdaşlıq edir. Əsas məqsəd peşə məktəblərinin idarəedilməsində Türkiyə təcrübəsinin öyrənilməsi, təhsilalanlar və pedaqoji heyət üçün təcrübə mübadiləsinin təşkili, həmçinin tədris proseslərinin səmərəliliyinin artırılması, məzunların işlə təmin olunmasına dəstək göstərilməsidir.