Paytaxtdakı məktəb və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri ilə uşaq müdafiəsi və təhlükəsizliyi mövzusunda görüşlər keçirilir.

Elm və Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun (YUNİSEF) Azərbaycandakı  Nümayəndəliyinin birgə təşkilatçılığı ilə keçirilən görüşlər Binəqədi, Səbail, Qaradağ, Sabunçu, Suraxanı və Yasamal rayonlarını əhatə edib.

Görüşlərdə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, YUNİSEF-in Azərbaycandakı Nümayəndəliyinin Uşaq Müdafiəsi Proqramının rəhbəri Vüqar Salmanov, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin rəhbəri Kəmalə Aşumova, məktəb və məktəbəqədər təhsil müəssisələrinin rəhbərləri iştirak ediblər.

BŞTİ-nin Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri G.Qurbanova layihənin əhəmiyyətindən danışaraq məktəbyaşlı uşaqlarla əlaqədar baş verən xüsusi hallar, həssas qruplara daxil olan uşaqlarla işə diqqətin artırılmasının, eyni zamanda layihə çərçivəsində valideynlərlə əməkdaşlığın vacibliyini vurğulayıb.

YUNİSEF-in Azərbaycan Nümayəndəliyinin proqram rəhbəri V.Salmanov uşaq müdafiəsində əsas problemlər və perspektivlər, “Ümidli Gələcək” Sosial Təşəbbüslər İctimai Birliyinin rəhbəri K.Aşumova uşaqlara qarşı zorakılığın qarşısının alınması, zorakılığa məruz qalan uşaqlar və hüquqpozuntusu törətmiş uşaqlara sosial, psixoloji, hüquqi xidmətlərin təşkili ilə bağlı fikirlərini bildiriblər.

Görüşlərdə uşaqların müdafiəsinin daha səmərəli təşkili istiqamətində müvafiq təkliflər irəli sürülüb, mövzu ətrafında fikir mübadiləsi aparılıb, iştirakçları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, görüşlərin paytaxtın digər inzibati rayonları üzrə də davam etdirilməsi nəzərdə tutulur.

Bənzər yazılar