Bakı Dövlət Universitetinin (BDU) təşkilatçılığı, Yaponiyanın Azərbaycandakı səfirliyi, Bakı Yaponlar Cəmiyyəti və ölkədə fəaliyyət göstərən yapon şirkətlərinin dəstəyi ilə XXII Bakı yapon dili natiqlik müsabiqəsi təşkil edilib. Müsabiqədə ölkənin müxtəlif ali təhsil müəssisələrinin tələbələrinin yapon dili üzrə bacarıqları nümayiş olunub.

Müsabiqədə BDU-nun Şərqşünaslıq fakültəsindən 6, Azərbaycan Dillər Universitetindən (ADU) 3, Azərbaycan Dövlət Neft və Sənaye Universitetindən (ADNSU) 1 tələbə iştirak edib.

BDU-nun rektoru Elçin Babayev müsabiqə iştirakçılarınını təbrik edib, onlara uğurlar arzulayıb. Rektor BDU ilə Yaponiyanın Azərbaycandakı səfirliyi arasında əməkdaşlığın daha da inkişaf etdiriləcəyini deyib.

Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vada Cuniçi müsabiqənin təşkilinə görə BDU rəhbərliyinə təşəkkür edib. Səfir bildirib ki, mütəmadi keçirilən müsabiqə tələbələrin yapon dilini mənimsəmə səviyyəsinə müsbət  təsir edir. O, Yaponiya səfirliyinin Azərbaycanda yapon dilinin yayılmasına bundan sonra da dəstək verəcəyini qeyd edib.

Münsiflər Heyətinin qərarına əsasən, ADNSU-nun tələbəsi Kamila Muradxanlı I,
BDU-nun tələbələri Sakit Quluzadə II,
Mədinə Novruzova III, Elşad Bayramov IV,
ADU-nun tələbəsi Mayisə Kərimova V,
BDU-nun tələbəsi Teyyub Cəfərov VI yerə layiq görülüblər.

Müsabiqənin iştirakçılarına səfirliyin sertifikatları, qaliblərə isə sertifikatlar və hədiyyələr təqdim edilib.

Yapon dili üzrə natiqlik müsabiqəsinin əsas məqsədi tələbələrə bilik və bacarıqlarının nümayiş etdirilməsi üçün şərait yaratmaq, onlarda bu dilə olan marağı artırmaqdır.

Bənzər yazılar