Abid müəllimdən- fililogiya elmləri doktoru, prof. Abid Tahirlidən doğum günündə çox  rakursdan söz açmaq olar-mühacirət ədəbiyyatımızın, mətbuatımızın yorulmaz tədqiqatçısı, alim, jurnalist, yazıçı-publisist, müəllim və s. kimi.  Onu da bildirim ki, Abid Tahirli şəxsiyyəti, yaradıcılığı bu kontekstdə zaman-zaman çox  araşdırılıb, Azərbaycan elminə, mətbuatına, ədəbiyyatına verdiyi töhfələr müzakirə mövzusu olub, yaradıcılığının bədii dəyəri haqqında çoxsaylı yazılar yazılıb və bu proses bu gün də davam etməkdədir. Çünki  Abid müəllim dayanmır, yorulmur, daima yazır, yaradır, sanki zamanın sərt axarından ömrünün dəyərlilik payını anında qopartmağa çalışır ki, doğum günündə özünə hesabat verməyə üzü, zamanın kitabında qalacaq sözü olsun. Bu istəyi ilə “Anadan, bacımdan gizlətdiyimi, kağızdan, qələmdən gizlətməmişəm” deyən Məmməd Arazla sözün məcazi mənasında tənləşir Abid Tahirli.

Azərbaycan ədəbi cameəsi Abid Tahirlini müqəddəs missiya daşıyıcısı-mühacirət ədəbiyyatımızın yorulmaz  tədqiqatçısı, araşdırıcısı kimi tanıyır. Amma bu günkü doğum günündə Abid müəllimi tam bambaşqa bir rakursdan təqdim etmək istəyirəm-bacara bilsəm! Abid müəllim alim-tədqiqatçı-müəllim olmaqdan öncə saf mənəviyyatlı,  maraqların önə çıxdığı təmənnalı dünyamızda təmənnasız  mövqedə dayanan ziyalılarımızdan biridir. Lənkəran Dövlət Universitetində çalışdığı illər ərzində Abid müəllimi  belə gördüm, tanıdım, məsuliyyətinə, həmkarlarına diqqətinə, tələbələrə, işinə sevgisinə həsəd duydum, həyat sevgisindən çox şey öyrəndim.

…Digər ixtisasları bilmirəm- jurnalistika fakültəsində oxuyanlar, buranı bitirənlər elə bil gözəgörünməz bağlarla bağlı olur, bir-birlərinin  yaradıcılıq  uğurlarını daima  izləyir, sevincini, kədərini paylaşır.  Abid Tahirlinin “Deyilən söz yadigardır” (2003), “Sözlə yarananlar, sözü yaşadanlar” (2001) kitablarını çap olunan kimi oxumuşdum və həmkarımın  səbrinə, tədqiqatçılıq bacarığına heyran qalmışdım. Bu, iynə ilə gor qazımaq idi!  “Azərbaycan mühacirət mətbuatı” – I hissə (2002), “Azərbaycan mühacirət mətbuatı” – II hissə (2003) və “Azərbaycan mühacirət mətbuatında publisistika” (2005) kitabları mühacirət tariximizlə bağlı boşluğu dolduran maraqlı tədqiqat əsərləridir və ədəbiyytımızın həmin istiqamətdə qızıl fondunu təşkil edir. Bu əsərlər günümüzdə Azərbaycan mühacirətinin həyat tərzi, təşəkkül tarixi, sosial tərkibi haqqında ən dəyərli mənbə rolunu oynayır.

…Üz qəlbin aynasıdır deyirlər. Abid müəllimin çöhrəsindəki uşaq təbəssümü onun səmimiyyətinin, zəngin iç dünyasının xəbərçisidir. Rəy üçün verdiyim dissertasiya işini sözbəsöz oxuması, təhlil etməsi, əlavə mənbələr barədə də məni məlumatlandırması, onları tapıb elektron poçtuma göndərməsi yaddaşımın Abid müəllimlə bağlı ən işıqlı xatirələrindəndir. Və Abid müəllim təkcə mənə qarşı yox, onun alim-tədqiqatçı kimi yardımına ehtiyac duyan hər kəs  üçün belə qayğıkeşdir, yardımçıdır.

Bu yazını yazanda Abid Tahirlinin 2017-ci ildə çapdan çıxan, mənə hədiyyə etdiyi 696 səhifəlik “Mətbuat: millətin dili, gücü və güzgüsü” kitabını yenidən varaqladım. Bu kitabı Azərbaycanın mühacirət ədəbiyyyatının, mətbuatının salnaməsi də adlandırmaq olar. Əhməd bəy Ağaoğlu, Yusif Vəzir Çəmənzəminli, Ceyhun Hacıbəyli, Əli bəy Hüseynzadə, Abay Dağlı və s. yazarlar, mətbu orqanları ilə bağlı araşdırmalara bütün ömrünü-gəncliyini, gözlərinin işığını qoyub Abid müəllim. Bu kitabda müasir publisistikamızın dəyərli simaları da unudulmayıb, onlar haqqında da tərəfsiz, tərifsiz, həqiqəti, bu yazarların yaradıcılıq dünyalarını, elmi dünyağörüşlərinin fərqli xüsusiyyətlərini əks etdirən yazılar yer alıb.

Doğum günündə çox sevdiyim müəllim, jurnalist həmkarım, iş yoldaşım-Lənkəran Dövlət Universitetinin professoru, filologiya elmləri doktoru Abid Tahirli haqqında ürəkdən nəsə deməyə cəhd etdim.  Alındımı? …Bilmirəm, amma onu bilirəm ki, ürəkdən deyilən, yazılan hər kəlmə ürəyə yol tapacaq… mütləq! Necə deyərlər: “Ürək yaman şeydir…”

Esmira İsmayılova

Lənkəran Dövlət Universitetinin Mətbuat xidmətinin rəhbəri.

 

 

Bənzər yazılar