Dekabrın 11-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tələbələrin 72-ci elmi-texniki konfransı öz işinə başlayıb.

Universitetdən mektebgushesi.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlanan konfransda əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Sonra Ulu Öndər Heydər Əliyevə həsr olunmuş video çarx nümayiş olunub.

Konfransda açılış nitqi ilə çıxış edən ADNSU-nun rektor əvəzi, dosent Vazeh Əskərov iştirakçıları salamlayaraq tələbələrin 72-ci elmi-texniki konfransının Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmasının gənc tədqiqatçılar üçün mühüm əhəmiyyətini qeyd edib. Ümummilli Lider Heydər Əliyevin Azərbaycançılıq ideologiyasından, xalq, millət qarşısındakı misilsiz xidmətlərindən danışan dosent Vazeh Əskərov Ulu Öndərin zəngin dövlətçilik ənənəsində xüsusi yer tutan gənclər siyasətinin Prezident İlham Əliyev tərəfindən digər sahələrdə olduğu kimi, gənclər siyasətinin də yüksək səviyyədə davam etdirildiyini və hazırda yeni inkişaf mərhələsini yaşadığını deyib. Dosent Vazeh Əskərov konfransın işinə uğurlar arzu edib, təqdim olunan məqalə və tezislərin müasir həllərin tətbiqinə öz töhfəsini verəcəyinə ümidvar olduğunu bildirib.

Konfransın bölmələr üzrə keçiriləcək panel iclaslarının tarixini açıqlayan ADNSU Tələbə Elmi Cəmiyyətləri Şurasının katibi, Neft-kimya texnologiyası və sənaye ekologiyası kafedrasının dosenti Maya Abdullayeva konfransa 9 bölmə üzrə 264 materialdan 165 tezis və 99 məqalə təqdim olunduğunu, materiallar texniki baxış və plagiat yoxlamadan keçdikdən sonra 196 məqalə və tezisin konfransın proqramında yer aldığını deyib.

Açılış mərasimindən sonra konfrans plenar sessiyalarla davam edib.

 

Bənzər yazılar