Dekabrın 14-də Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun Şamaxı filialının birgə təşkilatçılığı ilə “Heydər Əliyev” ili çərçivəsində “Türk dünyasının mədəniyyət paytaxtı Şuşa” adlı Respublika elmi konfransı keçirildi.

Konfransdan öncə Şamaxı rayonunda yerləşən Ulu Öndər Heydər Əliyevin abidəsi və Şəhidlər xiyabanı ziyarət olundu. Sonra filalda “Ulu öndər Heydər Əliyev və müasir Azərbaycan” mövzusunda sərgiyə baxış keçirildi.

Konfransın plenar iclasında ilk olaraq xalqımızın Ümummilli lideri, Ulu öndər Heydər Əliyevin və ölkəmizin  suverenliyi, ərazi bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan vətən övladlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad edildi, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.

Filialın direktoru, dosent Tünzalə Yusifova giriş sözü ilə çıxış edərək konfrans iştirakçılarını salamladı. Qürur hissi ilə vurğulandı ki, Ulu öndərimizin vəsiyyəti bu gün cənab Prezident İlham Əliyev tərəfindən yerinə yetirilmişdir. Zəngin tarixə və mədəniyyətə malik olan Şuşa yenidən azad nəfəs alır. Şuşa şəhərinin tarixən Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olması qeyd olundu. Şuşa Azərbaycanın bəlkə də yeganə diyarıdır ki, xalqımız və ölkəmiz üçün bu qədər tarixi şəxsiyyətlər, incəsənət xadimləri yetişdirib. Məhz bu baxımdan təsadüfi deyildir ki, 2022-ci il martın 31-də Türkiyə Respublikasının Bursa şəhərində Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirlərinin Daimi Şurasının növbədənkənar iclasında Şuşa şəhəri 2023-cü il üçün “Türk dünyasının mədəniyyət paytaxtı” elan edilmişdir. Bu münasibətlə təsdiq olunmuş tədbirlər planına əsasən dünya azərbaycanlıları tərəfindən müxtəlif tədbirlər keçirilmişdir. Belə tədbirlərdən biri də bugün filialımızda keçirilən respublika elmi konfransıdır. Son olaraq bu konfransın məhz Azərbaycanın Ümummilli lideri Heydər Əliyev ili çərçivəsində Dəmir yumruğun qəhrəmanlıq səlnaməsində birləşərək keçirilməsinin qürurverici hal olduğunu qeyd edən Tünzalə Yusifova konfransın işinə uğurlar arzuladı.

ADPU-nun Elm və innovasiyalar üzrə prorektoru professor Asəf Zamanov çıxış edərək konfrans iştirakçılarını salamladı və konfransın işinə uğurlar arzuladı. Qeyd olundu ki, Şuşa şəhəri zəngin və şanlı tarixi keçmişə malikdir. Şuşanın abidələr şəhəri olduğunu söyləyən ümummilli lider Heydər Əliyev onun Azərbaycan üçün müstəsna əhəmiyyətini yüksək qiymətləndirərək bildirmişdir ki, “Şuşasız Qarabağ, Qarabağsız isə Azərbaycan yoxdur”. Azərbaycanın ictimai-siyasi həyatında mühüm xidmətləri olan bir sıra görkəmli xadimlərin vətəni, eləcə də tarixi mədəniyyət mərkəzi və Qarabağın baş tacı olan Şuşa şəhəri artıq işğaldan azad edilmişdir. Asəf Zamanov bu gün Türk dünyasının mədəniyyət paytaxtı kimi tanınan Şuşamıza həsr olunan tədbirlər arasında Şamaxı filialında keçirilən respublika elmi konfransının xüsusi yer tutacağına əminliyini ifadə etdi.

Rayon İcra Hakimiyyəti (RİH) başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Mehriban Eyyubova bildirdi ki, Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirərək Azərbaycanın milli və dövlətçilik maraqlarını daim üstün tutan Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun 2020-ci il noyabrın 8-də azad etdiyi Şuşa şəhərinin azad olunması tariximizə qızıl hərflərlə yazıldı. Bu gün işğaldan azad olunmuş ərazilərdə, o cümlədə Qarabağın incisi Şuşa şəhərində intensiv quruculuq işləri aparılır. Şuşa şəhərinin tarixi-mədəni siması bərpa edilir, Şuşaya yenidən mədəni həyat qayıdır.

ADPU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrası, «Türk odası» və «Türk araşdırmaları» elmi-tədqiqat mərkəzinin rəhbəri Professor Elman Quliyev “Çağdaş türk poeziyasında şuşanamələr milli-tarixi dəyərlər kontekstində” mövzusunda çıxış edərək Şuşanın vəsf olunduğu poeziya nümunələrini iştirakçıların diqqətinə çatdırdı.

Sonda filialın tələbəsi İbadova Aydanın ifasında Baba Vəziroğlunun “Azərbaycan” şeiri səsləndirildi və “Mədəniyyət paytaxtı Şuşa” adlı videoçarx nümayiş olundu.

Plenar iclasdan sonra konfrans işini 4 bölmədə – “Ulu Öndər Heydər Əliyev və müasir Azərbaycan”, “Azərbaycan xalqının Zəfər tarixi Türk dünyasının tarixi qələbəsidir”, “Qarabağ ədəbi-mədəni mühiti və Türk düyasının mədəniyyət paytaxtı Şuşa”, “Türk dünyasının ədəbi-mədəni mühiti, tarixi və müasirliyi” adlı bölmələrdə davam etdi. Ümumilikdə 200-ə yaxın məruzənin dinlənildiyi konfransda bir çox nüfuzlu təhsil müəssisəslərindən alim və tədqiqatçılar qoşularaq konfransın yüksək səviyyədə təşkil olunmasına görə rəhbərliyə təşəkkürlərini bildirdilər.

Bölmə iclaslarından sonra konfransın yekun iclası keçirildi. Bölmə sədrlərinin hesabat xarakterli çıxışlarından sonra konfransın təşkilində fəal iştirakına görə fərqlənən filial əməkdaşlarına sertifikatlar təqdim olundu.

 

Bənzər yazılar