Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (İKSAD) direktoru Mustafa Latif Emekin rəhbərlik etdiyi nümayəndə heyəti ölkəmizə səfəri çərçivəsində Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub.

Bu barədə universitetdən Mektebgushesi.az-a məlumat verilib.

Bildirilib ki, qonaqları salamlayan AzTU-nun tədris işləri üzrə prorektoru professor Nurəli Yusifbəyli Azərbaycan və Türkiyə arasında bütün sahələrdə olduğu kimi, tədris və tədqiqat sahələrində də əlaqələrin inkişaf etdiyini bildirib. Nurəli Yusifbəyli Türkiyənin aparıcı ali təhsil müəssisələri ilə ikili diplom proqramları, birgə tədqiqatlar və texnoparkların qurulması istiqamətində əməkdaşlığın AzTU-nun fəaliyyətinə mühüm təsirini vurğulayıb.

Dünyanın tanınmış elm adamlarını sıralarına daxil edən İKSAD-ın müxtəlif sahələrə aid qlobal və regional tədqiqatlar apardığını, tədbirlər keçirdiyini qeyd edən təşkilatın direktoru Mustafa Emek türkdilli dövlətlərin elmi potensialının güclənməsinə önəm verildiyini diqqətə çatdırıb.

Bildirib ki, ötən il İKSAD-ın AzTU ilə birgə təşkil etdiyi konfrans uğurlu olub və bu qəbildən olan tədbirlərin növbəti illərdə də keçirilməsi təklif olunur.

Nümayəndə heyətinə daxil olan Türkiyənin Adana Alparslan Türkeş Elm və Texnologiya Universitetinin rektoru professor Mehmet Tümay da qardaş ölkələr arasında bütün sahələrdə əməkaşlığın bundan sonra da inkişafının vacibliyini qeyd edib. Daha sonra Adana Adana Alparslan Türkeş Elm və Texnologiya Universiteti və AzTU arasında tədris və tədqiqat sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub.

Bənzər yazılar