Dekabr ayında Bakı şəhərində “Heydər Əliyev İli” çərçivəsində keçirilən XVI müəllimlər qurultayında Ulu Öndər Heydər Əliyevin müəllim peşəsinə böyük dəyər verdiyini, təhsilin dinamik inkişafına daim həssaslıqla yanaşdığını və ona misilsiz qayğı göstərdiyini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev öz müraciətində bir daha vurğuladı.

Bu peşəyə böyük məsuliyyətlə yanaşan və işini ürəkdən sevən, İsveç pedaqogikasında müvəffəqiyyətlər əldə edən həmvətənimiz Xatirə Mirzəyeva AZƏRTAC-a müsahibə verib. Müsahibəni təqdim edirik.

-Xatirə xanım, nəyə görə məhz müəllimlik sənətini seçdiniz?

-BDU-nun Kimya fakültəsinin birinci kursunda təhsil alırdım. Bacım bir gün kimya hazırlığından gələrkən mənə dedi ki, Nizami müəllimin şagirdləri çoxdur, çatdırmır. Dedi ki, Xatirə gəlib mənə kömək etsin, həm də müəllimlik sənətini özü üçün öyrənsin. Qeyd edim ki, Nizami Əkbərov mənim də müəllimim olduğundan savad və bacarığıma yaxşı bələd idi. Bu peşədə ilk fəaliyyətimə onun yanında başladım. Artıq bir ildən sonra onun tövsiyəsi ilə sərbəst müəllimlik edirdim. Beləcə, universiteti bitirənə qədər bir neçə il belə çalışdım və getdikcə də bu peşənin incəliklərini öyrəndim. Cəmiyyətin, gənclərin savadlanmasında mənim də kiçik bir payım olduğuna çox sevinirdim və bu hisslər məni bu sahəyə daha da ruhlandırırdı. İnanırdım ki, bir gün tanınmış müəllim olacağam.

⁠-İsveçdə müəllim peşəsini davam etdirmək üçün nə etdiniz?

-İsveçə gəldiyim ilk illərdə məni “burada müəllimlik peşəsini davam etdirə bilməyəcəyəm” qorxusu bürümüşdü. Çünki ayrı dil, ayrı cəmiyyət, ayrı tələblər, ayrı mədəniyyət, ayrı düşüncələr və s. Hər şey Bakıda, geridə qoyub gəldiklərimdən çox fərqli idi. Daha sonra övladlarım dünyaya gəldi. Ailə qayğıları ilə yanaşı, illərlə bütün gecələrimi dil öyrənməyə həsr etdim, çünki düşünürdüm ki, dil bir açardır və bu açarı əlimə götürsəm arzularıma çatmaq üçün, uğur əldə etmək üçün bütün qapıları aça biləcəyəm. Əzmlə, dayanmadan çalışırdım, həm də gecə-gündüz! Bütün İsveç dili dərəcələrini bitirdikdən sonra müəllimlik sənəti üçün əzm və iradə ilə çalışmağa başladım. Hətta 2 yaşlı kiçik qızımı 6-7 ay müddətində Bakıda anamın və bacımın yanında qoydum ki, buranın təhsil-tədris sisteminə qoşulub bu sahədə ilk addımlarımı ata bilim. Düzü, bu, mənə olduqca ağır idi, amma məcbur idim. Həmin dövrdə ətrafımda müəllim işləyən heç bir tanışım olmadığından bu sahədə haradan başlayacağımı çox düşünürdüm. Təsadüfən qeyri-isveçli bir müəllimlə rastlaşdım və həmin şəxsdən İsveçdə müəllim olmaq üçün nə etmək, hansı mərhələlərdən keçmək lazım olduğunu öyrəndim və sonra da dayanmadan istəyimə çatmaq üçün əzmlə çalışdım. Mənim üçün heç də asan olmadı. Amma hər bir çətinliyi aşdıqca daha da güclənirdim və düşünürdüm ki, bunu bacardımsa, qarşıdakı çətinliyə də qalib gələcəyəm. Əziyyətim yerdə qalmadı, uğurlar qazandım.

Artıq İsveçdə kimya, fizika, biologiya, riyaziyyat fənlərindən müəllim diplomunu almışam və bu diplom orta və peşə məktəblərini əhatə edir. Əlbəttə, müəllim kimi çalışdığım ilk illərdə indiki qədər professional deyildim, çox çətinliklərim olurdu, amma bunu heç bir zaman nə iş yoldaşlarıma, nə də şagirdlərimə bildirmədən öz üzərimdə çalışırdım. Burada məktəb mühiti, qayda-qanunlar, şagird-müəllim-valideyn münasibətləri bizim alışdığımızdan tam fərqli idi. İsveçliləri anlamaq, onlarla çalışmaq olduqca çətin idi. Çünki onlar uşaqlıqdan qarşısındakına hər zaman gülümsəməyi öyrəniblər və bu zaman da onların həqiqətdə nə düşündüklərini anlamırsan və hansı addım atacaqlarını təxmin edə bilmirsən.

⁠-Azərbaycan və İsveç təhsilinin fərqi barədə nə deyə bilərsiniz?

-Ümumilikdə Azərbaycan və İsveç təhsil sistemində fərqlər çox böyükdür. Uzun illər öncə İsveçin və Azərbaycanın təhsil sistemi oxşar olub, amma sonra zamanla dəyişərək indiki vəziyyətinə gəlib çıxıb. Burada ilk olaraq uşaqlara bağçadan sərbəst öz ayaqları üzərində durmağı, özlərini sərbəst ifadə etməyi, cəsarətliliyi öyrədirlər və uşağın düzgün inkişafı üçün ona təsir edə biləcək hər bir amilə, əsasən də uşağın ailəsinə diqqətlə fikir verirlər. İsveçdə müəllimlik ən ağır işlərdən sayılır. Bir müəllim dərs deyə bilmək üçün ən azı 2 fəndən diplom almalıdır. Avropada müəllim işləmək yalnız hansısa fənlərdən dərs demək deyil, şagirdlərin fizioloji, psixoloji və biliklərinin inkişafının aparıcısıdır desək, heç də yanılmarıq. Beləliklə də, Avropa müəlliminin işinə aid olan tapşırıqlar bitmək bilmir ki, bilmir. Bu da bəzən müəllimlərin sənətini dəyişdirməsinə gətirib çıxarır.

– Hər sinifdə, məktəbdə “çətin” uşaqlar olur, onlarla necə ünsiyyət yaradırsınız?

-Avropada uşaqlara və şagirdlərə çox böyük azadlıq verilir və bunun da əks təsirləri məktəblərdə müəllimlərin işini çətinləşdirir və ağırlaşdırır. Buna görə peşəkar müəllim ilk öncə gözəl psixoloq olmalıdır. Dediyiniz “çətin” uşaqlarla işləmək müəllimdən özəl peşəkarlıq tələb edir. Çünki buranın qayda-qanununa görə “uşaq hər şey edə bilər”. Pedaqoq professional olmalıdır ki, belə uşaqlarla davranmağı və onlara dərs deməyin metodunu bilsin. İlk növbədə, müəllim hər bir şagirdə fərdi yanaşmalıdır və hər bir şagird də özlüyündə müəllimin ən çox ona diqqət göstərdiyini zənn etməlidir. Burada əsas uğur odur ki, şagird evdə bölüşmədiyi düşüncələri və hisslərini, həyatında nə baş verdiyini müəlliminə etibar edərək onunla bölüşməlidir. Müəllim peşəkar bir psixoloq, həm də güclü bir lider olmalıdir.

-Necə düşünürsünüz, Azərbaycan öz təhsilini dünyanın qabaqcıl təhsil sistemləri ilə eyni səviyyəyə çatdırmaq üçün nə etməlidir?

-Bunun üçün həmin ölkələrin təhsil işçiləri ilə əlaqələr qurulmalıdır. Yüksəlişə aparan bütün tədris metodları öyrənilib təhsilimizdə tətbiq olunmalıdır. Məsələn, mənim kimi müxtəlif qabaqcıl ölkələrdə çalışan müəllimlər vasitəsilə buna zamanla nail olmaq mümkündür.

-Qarşıdan Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü gəlir. Bu münasibətlə xalqımıza nə arzulayardınız?

-Bütün dünya azərbaycanlılarını qarşıdan gələn bayram münasibətilə təbrik edirəm və arzu edirəm ki, biz həmişə həmrəy və “dəmir yumruq” kimi bir olaq. Düşünürəm ki, qəlbində Vətən sevgisi olan hər bir vətəndaşımız Azərbaycanın hərtərəfli inkişafı üçün əlindən gələni etməlidir. Xaricdə yaşayan bir azərbaycanlı kimi Azərbaycan Prezidentinə minnətdarlığımı bildirirəm ki, başımızı dünya miqyasında qalib ölkə kimi uca etdi. Eyni zamanda, bütün şəhidlərimizin ruhları qarşısında baş əyirəm!

Bənzər yazılar