“Müstəqil Sənayeçi və İş Adamları Dərnəyi Azərbaycan”ın (MÜSİAD Azərbaycan) İdarə Heyətinin sədri Rəşad Cabirlinin rəhbərlik etdiyi nümayəndə heyəti UNEC-də olub.

UNEC rektoru professor Ədalət Muradov və müvafiq struktur rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə universitet – sənaye iş birliyinin müasir formalarından, təhsildə iş dünyasının rolunun artırılmasından bəhs olunub.

Rektor Ədalət Muradov məzunların işlə təmin olunmasının universitetlərin əsas göstəricilərindən biri olduğuna diqqət çəkərək, UNEC2B platformasından, eləcə də bu istiqamətdə həyata keçirilən digər yeniliklərdən danışıb. Həmçinin dövlət və özəl sektorların sifarişləri ilə UNEC-in həyata keçirdiyi mini MBA proqramları, əməkdaşlar üçün təşkil olunan təlimlər, startap layihələri və s. barədə iştirakçılara məlumat verib.

MÜSİAD-ın İdarə Heyətinin sədri Rəşad Cabirli təmsil etdiyi təşkilatın 82 ölkədə 164 şöbəsinin olduğunu və 64 min şirkəti özündə birləşdirdiyini diqqətə çatdıraraq, universitetlərlə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirib. Görüşdə MÜSİAD Azərbaycan tərəfindən işə qəbulda UNEC-in tələbə və məzunlarına daha çox üstünlük verildiyi vurğulanıb.

Görüşdə mümkün əməkdaşlıq istiqamətlərində müzakirələr aparıldan sonra UNEC ilə MÜSİAD arasında əməkdaşlıq memorandumu imzalanıb. Memorandumda birgə təlimlərin təşkili, tələbələrin təcrübə keçməsi üçün şəraitin yaradılması, startap layihələrinə dəstək göstərilməsi və s. nəzərdə tutulub.

Bənzər yazılar