Dərc olunub: 26.01.2024

 

Bakıda iki qardaş səssiz ölümün qurbanı olublar.

Dəm qazından boğulan qardaşların atası Asif Həsənov hadisəni Baku TV-yə danışıb.

O bildirib ki, bir ilə yaxındır orada kirayə qalırdılar.

“Sərxanın böyük qardaşının həyat yoldaşı xəstə kimi idi. O Bakıdandır, anasıgilə müalicə olunmağa gedib. Səhər Əliyə zəng ediblər, telefonu götürməyib. Sərxanı da yığıblar ki, bəlkə məktəbdədir. Gəlib pəncərəni sındırıblar və görüblər ki, ölüblər. Onlar dəm qazından zəhərləniblər”.

Asif Həsənov qeyd edib ki, Sərxan Həsənov Amerikaya olimpiadaya getməli idi:

“Qrupda Amerika üçün hazırlanan 5-6 nəfərdən biri Sərxan idi. Sərxan kasıblığa görə, deyirdi ki, bəlkə əsgər getdim. Sonra gəlib burada işləyərəm. Bütün arzular yarımçıq qaldı. İki oğlum iki qızım var. Qızımın biri nitq məhdudiyyətlidir, o birini də ərə vermişəm. Əli də üç ay idi evlənmişdi. Heç əllərindən xınanın rəngi getməmişdi. Arzum uşaqlarımı böyütmək idi. Böyütdüm, məni yarımçıq qoydular”.

 

Əli və Sərxan Həsənov qardaşları Tovuz rayonunun Ağbulaq kəndində bu gün dəfn olunublar.

Kəndin icra nümayəndəsi Əli İbrahimov “Report”a açıqlamasında bildirib ki, hadisə iki qardaşın kirayədə qaldığı mənzildə yanvarın 25-i gecə saatlarında baş verib.

İcra nümayəndəsi vurğulayıb ki, Sərxan bu gün ABŞ-yə getməli imiş.

Mərhumların əmisi Aslan Həsənov isə bildirib ki, onlar ailədə 6 nəfər olublar: “İki bacı, iki qardaş və ana-ata. Bacılardan biri eşitmə məhdudiyyətli olub. Digər bacı isə elə Ağbulaq kəndinə gəlin köçüb. Anası evdar qadın, atası isə təsərrüfatla məşğul olurmuş. Sərxanın qardaşı ötən ilin noyabr ayında ailə həyatı qurub. Yanvarın 24-də Əli həyat yoldaşı Aynuru Bakıda yaşayan qayınatasıgilə aparıb. Sonradan yaxınları onların zənglərinə cavab verməyən qardaşlardan nigaran qalıblar. Evə ilk gələn Əlinin həyat yoldaşı və onun qardaşı olub. Onlar evə daxil olan zaman Əli və Sərxanın dünyasını dəyişdiklərini görüblər”.

A.Həsənov Əlinin Bakıda traktor sürücüsü işlədiyini qeyd edib.

TƏBİB-dən isə bildirilib ki, yanvarın 25-i saat 19:36 radələrində Ziya Bünyadov 77 q, ünvanından Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə çağırış daxil olub: “Ünvanda iki nəfərin (kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb”.

 

Bənzər yazılar