3 mart 2024-cü il tarixində Lütfi Zadə adına  riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin rayon şəhər mərhələsi keçiriləcək. Hər iki müsabiqədə iştirak üçün elektron müraciət 15 fevral saat 17:00-a qədər davam edəcək.

Bu barədə Mektebgushesi.az-a Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən məlumat verilib.

Qeyd edək ki, müsabiqədə iştirak etmək istəyənlər https://portal.edu.az/ platforması üzərindən “Müsabiqələr və olimpiadalar” bölməsindən müsabiqənin istiqamətini seçərək elektron müraciət etməlidirlər.

2023–2024-cü tədris ilində VI-VII sinif şagirdləri arasında keçirilən fənn müsabiqələrinin təşkili və keçirilməsi qaydalarında dəyişikliklər edilib. Belə ki, VI sinif şagirdləri üçün müsabiqələr riyaziyyat, informatika və təbiət fənləri, VII sinif şagirdləri üçün isə riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə təşkil olunacaq. Bununla yanaşı fənn müsabiqələrində şagirdlərə təqdim edilən məntiq bloku ləğv olunur. Belə ki, iştirakçılar sadəcə müvafiq fənn üzrə tapşırıqları həll edəcəklər. Müsabiqənin iki mərhələsi qapalı test tapşırıqları formatında, final mərhələ isə açıq tipli tapşırıqlardan ibarət olacaq.

Eyni zamanda V sinif şagirdləri üçün keçirilən Lütfi Zadə adına məntiq olimpiadası cari tədris ilindən “Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası” adlandırılacaq və şagirdlərə bu istiqamətdə müvafiq tapşırıqlar təqdim olunacaq. Hər üç mərhələ qapalı suallar formatında təşkil olunacaq.

Müsabiqələrin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdləri aşkara çıxarmaq, onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.

Qeyd edək ki, fənn müsabiqələri qalibləri Elm və Təhsil Nazirliyi tərəfindən yaradılmış Beynəlxalq Olimpiadalar Mərkəzində hazırlıq prosesinə cəlb olunur, müvafiq təmayüllər üzrə lisey və gimnaziyalara müsabiqədənkənar qəbulolma şansını əldə edirlər.

Qeydiyyatla bağlı yaranan hər hansı çətinliklə əlaqədar qeyd olunan nömrəyə +994 50 791 46 31 “Whatsapp” platforması üzərindən problemin ətraflı təsvirini yalnız yazaraq müraciət edə bilərsiniz.

Bənzər yazılar